Polşada arxeoloqlar vaxtilə vampir hesab oluna bilən uşaqların məzarlarını aşkar ediblər.
Bizim.Media xəbər verir ki, bu barədə "GreWi" portalı yazır.
Portalın məlumatına görə, Pyen (Pień) şəhərindəki qəbiristanlıqda başıaşağı basdırılmış uşaq skeleti tapılıb. Onun ayaqları dəmir mil ilə yerə bərkidilibmiş. Ötən il isə arxeoloqlar “uşaq-vampir” olan daha bir məzar tapmışdılar. Həmin uşağın çiyinlərinin üzərinə ağır daşlar qoyulmuşdu.
Portalın materialında qeyd olunur ki, alimlər bu tapıntıları birmənalı olaraq antivampir ayinləri kimi qiymətləndirmək istəmirlər. Onlar digər dini ritualların da icra oluna biləcəyini istisna etmirlər.
Bundan əvvəl Rusiyanın tarix elmləri doktoru Vladimir Petruxin bildirmişdi ki, Pyen kəndi yaxınlığındakı qəbiristanlıq 2022-ci ildə tikinti işlərindən əvvəl aparılan qazıntılar zamanı təsadüfən tapılıb. Onun sözlərinə görə, qəbiristanlıq yol kəsişməsinin yaxınlığında, təpənin yamacında, yəni müqəddəsləşdirilməmiş məkanda yerləşib.
Belə yerlərdə adətən kafirləri, gəlmələri, suda boğulanları və xaç suyuna salınmamış uşaqları dəfn edirdilər.
Petruxin qeyd edib ki, həmin qəbirdə ayağı qıfıllanmış və boynunun üzərinə oraq qoyulmuş “vampir qız”ın da qalıqları tapılmışdı. Alim izah edib ki, o dövrdə zorakı ölümlə həyatını itirən insanları da vampir hesab edə bilirdilər.




Bizim.Media

































































































