"Türk dövlətləri alimlərinin və nüfuzlu din xadimlərinin iştirakı ilə bütün türk dünyası üçün müasir dini və sosial məsələləri əhatə edən və bu günün suallarına cavab verə bilən vahid elmi və tədris vəsaiti yaratmağı təklif edirəm".
Bizim.Media xəbər verir ki, bu sözləri Şuşada keçirilən TDT-yə üzv ölkələrin dini məsələlər üzrə dövlət qurumları rəhbərlərinin birinci görüşündə Özbəkistanin Dini Məsələlər Komitəsinin sədri Sodik Toşboyev bildirib.
O, eyni zamanda "Türk Dünyası Alimləri" ensiklopedik kitabının hazırlanmasını da məqsədəuyğun hesab edir.
Komitə sədri qeyd edib ki, bu cür fundamental əsərlər humanizm, tolerantlıq və İslamın maarifləndirilməsi prinsiplərinə əsaslanan ortaq yanaşmamızın formalaşmasına, böyük alimlərimizin zəngin tarixinin və birgə nailiyyətlərinin öyrənilməsinə xidmət edir:
“Ən əsası, onlar əhalimiz və gənclərimiz arasında dağıdıcı ideyalara qarşı mübarizədə ideoloji immuniteti gücləndirir və etibarlı bilik mənbəyinə çevrilir. Ortaq tariximizdən məlumdur ki, İslamın bir elm kimi geniş yayılmasında düşüncəli alimlərimizin xidmətləri ölçüyəgəlməzdir. Onlar İslam sivilizasiyasının formalaşmasına və inkişafına xüsusi töhfələr veriblər”.
Şəfiqə Şəfa Bizim Media





































































































