Erməni cinayətlərini dağıdan HADRUT YUMRUĞU – 44 günlük savaş barədə 44 cümlə...

Hazırda oxunan: Erməni cinayətlərini dağıdan HADRUT YUMRUĞU – 44 günlük savaş barədə 44 cümlə...

29224

Azərbaycan 30 illik Qarabağ həsrətinə 44 günün içində yekun vurdu desək, II Qarabağ savaşına aparan yol və hazırlığın üstündən keçmiş olarıq. Əslində 6 həftə ərzində qazanılan zəfər planı illərə dayanır.

Bizim.Media erməni işğal və cinayətlərini Azərbaycanın Hadrutda ucaldılan “Dəmir yumruq”la 44 günlük savaş ərzində məhv etməsi barədə 44 cümlə hazırlayıb:

1. Azərbaycan ulu öndər Heydər Əliyev (1993-2003) və İlham Əliyevin dövründəki siyasəti ilə işğalçı İrəvanı beynəlxalq müstəvidə hüquqi cəhətdən dalana dirədi.

2. Küncə sıxılmış daşnak ideologiyasının təmsilçiləri isə Xocalıda törətdikləri cinayətlərin davamı olaraq müxtəlif təxribatlarla danışıqlar masasını fasiləyə məcbur edirdi.

3. Onların danışıqları dondurma siyasəti çevrilişlərlə hakimiyyət dəyişikliklərində də özünü biruzə verirdi ki, istənilən erməni lider Zəhra (2017) kimi 2 yaşlı körpəni öldürməyə hazır olduğunu nümayiş etdirdi.

4. Tovuz hadisələri zamanı növbəti erməni terrorçuluğu yaşandı ki, general Polad Həşimov kimi Azərbaycan oğulları ermənilərin qarşısını ala bildi və terrorun yeni bir işğala çevrilməsinə imkan vermədi. 

5. Azərbaycanın daxilini əhatə edən kadr islahatları daha da sürətləndi və iş o yerə çatdı ki, hətta XİN rəhbəri olan Elmar Məmmədyarov da istefaya göndərildi. Çünki Azərbaycana beynəlxalq görüşlərdə deyilənlərə sadəcə qulaq asıb, müxtəlif sənədlərə imza atmaqdan əlavə özəllikləri olan siyasi döyüşçü lazım idi. Beynəlxalq tribuna bunu tələb edir.

6. Diplomatik manevrləri tükənən, havadarlarının “yubatma metodikası”ndan əlləri üzülən ermənilər işğallarını davam etdirmək üçün “Ohanyan səddi”, yaxud Tonoyanın “yeni ərazilər işğalı” kimi iddialara qapıldılar. Əslində isə, xırda da olsa, Azərbaycanın mülki əhalisinin və hərbçilərinin qətlinə hesablanan planlar qururdular.

7. Ermənilər Azərbaycan üçün hədsiz uğurlu 2020-ci ilin sonunu qaraya bürümək istədilər və məqsədləri sentyabrın 26-nı fevralın 26-na (Xocalı) çevirmək idi. 

8. Bir gün sonra Azərbaycanın başladığı əks-hücum isə qara niyyətlilərin gününü qaraltdı.

9. Ağdam, Murov və Füzuli istiqamətlərindən uğurlu həmlələr reallaşdıran Azərbaycan Qarabağa köçürülən erməniləri pərən-pərən saldı.

10. İşğalçılar başın tutanda qulaqları qanayır, qulaqların tutanda burunları sınırdı. Ali Baş Komandanın hücum əmrləri Kiçik Qafqazdakı erməni şaxseyinə qarışmışdı.

11. Murovdan ehtiyat edən ermənilər güclərinin əsas hissəsini Kəlbəcərə cəmləyəndə haradan biləydilər ki, Azərbaycan Şah İsmayıl Xətainin “hilal taktikası” ilə onları qorxularının qurbanına döndərir.

12. Füzulini işğaldan azad edən ordu Cəbrayıl və Zəngilana istiqamətləndi. 

13. Hadrutun azad olunması isə ermənilərin ağıllarına belə gətirmədiyi sürpriz oldu.

14. Sürprizdən möcüzəyə keçid isə Şuşada yaşandı və Azərbaycan ordusu bütün dünyanın hazırda təhlil edib öyrənməyə çalışdığı şanlı Şuşa əməliyyatını həyata keçirtdi. 

15. İrəvan hər vəchlə KTMT adı ilə müharibəyə Rusiyanın da müdaxiləsinə çalışırdı. 

16. Gəncə, Mingəçevir, Tərtər, Bərdə və savaş zonası olmayan digər zonaların sırf Ermənistan ərazisindən bombalanması ona hesablanmışdı ki, Bakı cavab atəşi ilə Qarabağdan kənarda, Ermənistan ərazisindəki atış məntəqələrini məhv etsin və nəticədə Rusiyanın Azərbaycana qarşı döyüşməyə tutarlı əsası olsun.

17. Lakin Prezident İlham Əliyevdən növbəti uzaqgörənlik nəticəsində ordumuz bu təhriketmələrə aldanmadı və qaniçən erməni xülyaları İrəvanın boğazında qaldı. 

18. Onsuz da, Rusiya lideri Putin də bildirmişdi ki, Azərbaycan hərbi əməliyyatları öz ərazilərində aparır. 

19. Sərsəm bəyanatların müəllifi Paşinyanın isə Moskva, Paris və Vaşinqtona ünvanlanan telefon zənglərinin ardı-arası kəsilmirdi. 

20. Doğum gününü qeyd etdiyi Emanueldən başqa Nikola yalan təsəllisi verən də olmadı.

21. Azərbaycanlı hərbçilərin şücaəti bir yandan, digər tərəfdən dronlar ermənilərin başının üstünü əcəl kimi aldı.

22. Savaş təzə başlayanda və ümumiyyətlə 30 il ərzində sülh yolu ilə həll məsələsini qulaq ardına vuranlar indi də özlərini sındırmamağa və müxtəlif variantlarla Azərbaycanı dayanmağa vadar etməyə çalışırdılar. 

23. Onlar özləri ilə azərbaycanlıları qarışıq salırdılar. Unudurdular ki, Azərbaycan tolerantdır və Ermənistan kimi monoetnik ölkə deyil.

24. Bunu isə “Vətən Müharibəsi”ndə döyüşən, şəhid və qazi kimi tarixə düşən Azərbaycan vətəndaşları olan rus, talış, ləzgi, avar və başqa millətlər öz qəhrəmanlıqları ilə isbatladılar.

25. Həm də Azərbaycan bütün ermənilərin qanını tökmək istəsəydi, Laçın koridorunun götürülməsi yetərliydi. Çünki belə olan halda İrəvan camaatının Qarabağda zorla məskunlaşdırdığı Araik tayfası ilə əlaqəsi kəsilir və onlar təslim olmayacaqları təqdirdə ölümə məhkum olurdular.

26. Xocalı vəhşətlərinin müəlliflərinin nəslindən olan ermənilər də Azərbaycanın insanlıq dəyərlərinin hesabına həyatda qaldı.

27. Di gəl ki, ermənilərin özləri XX əsrin əvvələri, ikinci onilliyi, həmin əsrin sonlarında Azərbaycanla sərhəd boyu və əsasən də Qarabağda olmazın soyqırımlar törədiblər.

28. Onların qəhrəmanlaşdırdığı ASALA terrorçusu Monte Melkonyan azərbaycanlıların Kəlbəcərdən çıxması üçün 10 saat vaxt vermişdirsə, böyük ürəyə sahib olan Azərbaycan ermənilərə Kəlbəcəri tərk etmək üçün 10 gün verdi və sonra hətta bu limiti də uzatdı.

29. “Erməni qan gördü ağlayır” deyiminin doğruluğu bir daha sübuta yetirildi, lakin onların qaniçənlik vərdişləri də qalmaqdadır. 

30. Ordusu tamamilə məhv olan ermənilər aradabir Naxçıvan, Kəlbəcər və Şuşa istiqamətində atəşkəsi pozmaqla müxtəlif məqsədlər güdürlər.

31. Mənfur erməni niyyətlərindən birincisi Qarabağda kommuniksiyaların bərpasına mane olmaqdır. Burada əsas erməni dərdi Zəngəzur dəhlizinin açılması və Azərbaycanın Naxçıvan və Türkiyə ilə quru yolla birləşməsidir. 

32. Digər plan bəlkə də Makronun Nikola ad günü vəsiətləri ilə əlaqədardır. Çünki Fransa lideri nəyin bahasına olursa, olsun ATƏT-in Minsk Qrupunu Cənubi Qafqaza qaytarmaq istəyir. 

33. Bu fikir baş tutsun deyə Paşinyan imzaladığı üçtərəfli bəyanatla üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmir və yeni konflikt ocaqları yaratmaq əhvalındadır ki...

34. Rus sülhməramlılarının vəziyyətə nəzarət etməkdə gücsüzlüyünü göstərsin və ATƏT-in Minsk Qrupunu Qarabağ masasına qaytarsın. 

35. Bəlkə də Rusiyadan başqa iki həmsədr (ABŞ-Fransa) ermənilərə “Artsax” vədi veriblər deyə Nikol hökuməti əl-ayağa düşüb. Amma regionda germəkləşməsi zəmanətli olan vədlərin bir ünvanı var, o da Prezident İlham Əliyevin siyasətidir. 

36. Ali Baş Komandan isə ermənilərin dəm vurduğu status məsələsinin tarixə gömüldüyünü vurğulayıb.

37. Geridə qalan sülhməramlıların nəzarət zonası olan Azərbaycan torpaqlarındakı separatçıların tərkisilah olunması, Qarabağın ermənilər yaşayan hissəsinin Azərbaycan qanunvericiliyinə keçididir.

38. Bununla yanaşı, ermənilərin ödəməli olduğu təzminat məsələsi də unudulmur. Çünki hesablamalar aparılmaqdadır. 

39. İlkin və qeyri-rəsmi hesablamalara görə ermənilərin ödəməli olduğu hərbi təzminat 50 milyard dollar civarındadır.

40. İrəvanın dövlət büdcəsində bu qədər pulun olmadığını nəzərə alsaq, həmin maddi vəsait ərazilə də mübadilə oluna bilər. Yəni, Zəngəzur dəhlizindən əlavə Ermənistan-İran sərhədi boyunca olan torpaqlar, Meğri, Gorus-Qafan və Sisyan rayonları da Azərbaycana qaytarılar. Amma bunlar ehtimal olunan variantlardır. 

41. Ermənistanın ödəməli olduğu təzminat, onların törətdikləri cinayətlər barədə, Azərbaycana vurduqları ziyan haqqında dünya ictimaiyyətinin də xəbərdar olması üçün Azərbaycan mediası da fəal olmalıdır.

42. Bu səbəbdən də ölkənin müxtəlif dilli mətbu orqanları yerli və əcnəbi ekspertlərin açıqlamaları da olan yazıları tirajlayır və erməni vandalizmindən xaricilər də xəbər tutmuş olurlar.

43. Əlbəttə ki, bu istiqamətdə müxtəlif ölkələrə aid kütləvi informasiya vasitələrinin paylaşdığı məqalələr önəmlidir. Qardaş Türkiyə mediası da daxil, yapon, çin, ingilis, latın amerika və s. qəzet-jurnallarda da Azərbaycanın haqlı mövqeyinə dair yazılar dərc edilir.

44. Dünya mediasının Azərbaycana marağını birə-min artıran meyarlardan biri isə elə Azərbaycan Prezidentinin müxtəlif dillərdə xarici KİV-nə verdiyi müsahibələrdir. Həqiqətlərin yer aldığı intervülərdə bəzi suallar siyasi cavablarını da aldı, bəzi ölkələr də üstüörtülü yerinə oturduldu. Müsahibədə olduğu kimi müharibədə də qalibik və hər kəs Azərbaycanın təqdim etdiyi reallıqlarla barışmalıdır.

Anar Rəhimov, Bizim.Media 

Qeyd: Material Azərbaycan Respublikası Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanmışdır.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO