İranla münasibətlərdə YENİ DÖNƏM – Terrorçunun edamı hansı yeniliklərə SƏBƏB OLACAQ?

İranla münasibətlərdə YENİ DÖNƏM – Terrorçunun edamı hansı yeniliklərə SƏBƏB OLACAQ?

Hazırda oxunan: İranla münasibətlərdə YENİ DÖNƏM – Terrorçunun edamı hansı yeniliklərə SƏBƏB OLACAQ?

176799

Azərbaycanın İrandakı səfirliyinə hücum etmiş Yasin Hüseynzadə barəsində edam hökmü çıxarılıb. Belə ki, yanvarın 27-də Azərbaycan Respublikasının İrandakı səfirliyinə hücum edən şəxsin cinayət işi üzrə məhkəmə iclası keçirilib. İclasda prokurorun nümayəndəsi ittiham aktını oxuyub. 

Yayımlanan ittiham aktına əsasən, Azərbaycan Respublikasının səfirliyinə hücum edən şəxs səfirlik daxilində odlu silahdan istifadə etməklə Azərbaycan Respublikası vətəndaşını qəsdən öldürməkdə, qanunsuz silah saxlamaqda, gəzdirməkdə və ictimai asayişi pozmaqda ittiham olunub.
 

MÖVZU İLƏ BAĞLI:

İrandakı səfirliyimizə hücum etmiş şəxsə edam hökmü VERİLDİ


Xatırladaq ki, 2023-cü ilin yanvarın 27-də Yasin Hüseynzadənin Tehrandakı Azərbaycan səfirliyinə hücumu nəticəsində səfirliyin bir əməkdaşı öldürülüb, iki nəfər isə yaralanıb. 
Həmin olaydan sonra Azərbaycanın Tehrandakı səfirliyi fəaliyyətini dayandırdı, səfirlik əməkdaşları və ailə üzvləri Vətənə təxliyə olundular. 

Əsas maneə aradan qalxdı

Bəllidir ki, Azərbaycanın səfirliyimizə hücumdan sonra İran qarşısında qaldırdığı başlıca tələblərdən biri terrorçunun layiqli şəkildə cəzalandırılması idi. İran qanunvericiliyinə görə, həmin şəxs məhz ən ağır cəzaya, yəni edama məhkum edilməli idi.

Ötən müddət ərzində Azərbaycan Tehrandan həmin cinayəti törədən şəxsin qanun qarşısında cəzalandırılacağını gözləyirdi. Nəhayət, İran rəhbərliyi nəhayət siyasi iradə nümayiş etdirdi.

Azərbaycanın tələbi icra olunduğuna görə, artıq ölkələrimiz arasında ikitərəfli münasibətlərin aktiv inkişafına hər hansı bir maneə yoxdur. Cinayətkar barəsində verilən hökm eyni zamanda, İranla iqtisadi, enerji, kənd təsərrüfatı və digər sahələrdə əlaqələrin tam bərpasına da yol açır. Bu isə hər iki ölkə üçün mühüm əhəmiyyət kəsb edir. Xüsusən də, Azərbaycan və İranın birgə iştirak etdiyi regional layihələr, beynəlxalq nəqliyyat yolları bölgənin inkişafı baxımından vacibdir. 

Digər tərəfdən, Tehran üçün Azərbaycan heç zaman hər hansı bir təhlükə mənbəyi yaratmayıb və indi də yaratmır. İrana təhlükə mənbəyi yaradan ölkə isə Ermənistandır.

Çünki İran hər zaman Qərbi özünün əsas düşməni adlandırıb. Ermənistanın hazırki hakimiyyəti isə faktiki olaraq Qərbin oyuncağıdır. Paşinyan iqtidarı birbaşa olaraq Qərb paytaxtlarından gələn sifarişləri yerinə yetirir.

Üstəilik, Ermənistan İranla sərhədə Qərb “müşahidəçilərini” və təhlükəsizlik orqanlarının nümayəndələrini gətirməklə istər-istəməz Tehran üçün təhlükə mənbəyinə çevrilir. Bu fonda artıq İran da anlayır ki, Ermənistanın sərhədində toplaşanlar təkcə Azərbaycanı yox, İranı da binoklla izləyirlər. Sözügedən durum gələcəkdə, Qərbin İrana qarşı Ermənistan ərazisindən istifadə etmək imkanlarını da artırır.

Səfirliyimizin fəaliyyətinin bərpa olunması məsələsinə gəlincə...

Mövzu ilə bağlı Bizim.Media-ya açıqlamasında Milli Məclisin deputatı Asim Mollazadə İran məhkəməsinin səfirliyimizə hücum edən şəxslə bağlı verdiyi hökmü ədalətli qiymətləndirsə də, səfirliyin fəaliyyətinin bərpasında tələsməyə ehtiyac görmür: 

“Azərbaycanın İrandakı səfirliyinin işini bərpa etmək üçün, təhlükəsizliyin təmin edilməsilə bağlı zəmanət verilməlidir. Düşünürəm ki, indilikdə proses danışıqların məhz bu istiqamət üzrə davam etdirilməsi ətrafında olacaq.
İran məhkəməsinin səfirliyimizə hücum edənlə bağlı çıxardığı hökm fonunda səfirliyin fəaliyyətinin bərpası məsələsində tələsməyə ehtiyac görmürəm. Bununla əlaqədar tələsməməliyik. Çünki ölkəmizə təhlükəsizlik zəmanəti lazımdır”. 

Rüfət Sultan, Bizim.Media 
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO