İran “rus ruleti” oynayır – TƏHLİL

İran “rus ruleti” oynayır – TƏHLİL

Hazırda oxunan: İran “rus ruleti” oynayır – TƏHLİL

10442

Bizim.Media İranın İRNA xəbər agentliyinə istinadən məlumat verir ki, İran rəhbərliyi ABŞ-ın sanksiyaları qaldıracağını gözləyir.

Bu barədə İranın xarici işlər nazirliyinin sözçüsü Said Hatibzadə Tehranda təşkil etdiyi brifinqdə məlumat verib.

Hatibzadənin açıqlamaları iki ölkə arasındakı münasibətlər baxımından yetərincə sərt ritorika ilə yadda qalıb.

Belə ki, Hatibzadə ABŞ-la müzakirə masasına oturmayacaqlarını qeyd edib. Hər hansı ön şərt olmadan ABŞ nüvə razılaşmasına qayıtmalı, öz vəzifələrini yerinə yetirməlidir, deyə o, bildirib. 
 

MÖVZU İLƏ BAĞLI:

İrandan təhlükəli “NÜVƏ” həmləsi


Hatibzadə sanksiyaların aradan qaldırılması ilə bağlı kağız üzərində atılan imzaya güvənmədiklərini əlavə edib.

Onun fikrincə, İran real nəticələr görmədiyi müddətcə hər hansı razılaşmadan söhbət belə gedə bilməz. Bunlara isə İranın xarici banklardakı vəsaitlərindən istifadə edə bilməsi və neftin rahat satışının təşkili daxildir. Bayden hökümətinin atacağı addımlar, İranın da necə davranacağını müəyyən edəcək, deyə Hatibzadə bildirib. 

Xatırladaq ki, ötən gün Fransanın xarici işlər naziri Yan İv Le Drian da rəsmi Tehranı raket proqramı ilə bağlı müzakirələrə dəvət etmişdi.

Tehran isə Fransanın təklifini rədd edib və raket proqramının ancaq müdafiə xarakteri daşıdığını və müzakirəyə açıq olmadığını qeyd edib.

İranın son günlərdə ABŞ və Avropa ölkələrinə qarşı sərt ritorikasının arxasında hansı səbəblərin olduğu və İranın bu taktika ilə nəyi hədəflədiyini son həftə ərzində xarici işlər naziri səviyyəsində həyata keçirilən səfərlərə baxmaqda fayda var.

İran bir neçə həftə əvvəl Körfəz ölkələrinə, xüsusilə də Səudiyyə Ərəbistanına sülh və əməkdaşlıq münasibətlərini yenidən inkişaf etdirməklə bağlı çağırış etmişdi.

Həmin dövrdə İranın istifadə etdiyi diplomatik dilini daha sadə və güzəştə meylli hesab etmək olardı. Ancaq bu gün İran nüvə sazişi kimi önəmli məsələdə çox sərt üslub seçib. Bu, İranın son həftələr ərzində bir sıra uğurlu siqnallar aldığının göstəricisidir.

İran xarici işlər naziri Cavad Zərif Azərbaycan, Ermənistan, Rusiya və Türkiyəyə ardıcıl səfərlər təşkil etmişdi. Daha sonra Zərifin Tehranda da Taliban nümayəndələrini qəbul etdiyi məlum oldu. Regional əməkdaşlıq çərçivəsində aparılan görüşlərdə İranın hədəflədiyi məsələ hər nə idisə, İran böyük ölçüdə buna nail olmağı bacarıb.

Çünki İran təkcə Azərbaycan və ya təkcə Türkiyə ilə iqtisadi əməkdaşlıq üçün silsilə səfərlər təşkil etməzdi.
 

Deməli Zərifin səfərləri ciddi regional məsələlərlə birbaşa bağlıdır və bütün bu ölkələri maraqlandırır. Digər tərəfdən rəsmi Tehranın Talibanla görüşməsi İranın Şərq qonşusundan gələ biləcək hər hansı təhlükəni aradan qaldırmağı hədəflədiyini göstərir. İran ABŞ-ın tətbiq etməyi düşündüyü regional blokadanı aşdığını düşünür. Əgər regional blokada yoxdursa, deməli ABŞ-ın iqtisadi sanksiyalara davam etməsi mənasızdır.


Paralel olaraq İran öz nüvə potensialını artırmağa başlayıb. Yeni nüvə santrüfuqalarının yerləşdirilməsi zənginləşdirilmiş nüvə potensialını daha da artıracaq.

İqtisadi blokada riskinin aradan qalxması İranın əlini gücləndirən əsas amillərdən biridir. İranın bu gün sərgilədiyi sərt ritorikanın arxasında məhz bu amil dayanır.
 

İran qonşuları ilə xoş münasibətlərə heç vaxt olmadığı qədər möhtacdır. Məhz bunun sayəsində İran ABŞ-a yeni şərtlər diqtə etməyə cəhd göstərir. Nüvə potensialının artıra biləcəyini göstərməklə dolayısı ilə ABŞ-ı təhdid edir.


Bayden hökümətinin İranın şərtlərini qəbul edəcəyi isə məntiqli görünmür. Lakin Bayden höküməti dialoq məsələsində olduqca istəklidir.

Bölgədə İran probleminin həll variantını təklif edən digər qüvvə isə İsraildir. Diplomatik çərçivədə yaşanan uğursuzluqlar, xüsusilə də nüvə potensialının hər keçən günü nəzərə alınsa, İsrailin radikal təkliflərinin dəyələndirilməsi ehtimalını günü-gündən artırır.

Rəvan Əliyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO