İrəvanın qarşısında tarixi seçim- Konstitusiya dəyişəcək, yoxsa sülh yenə gecikəcək? - TƏHLİL

İrəvanın qarşısında tarixi seçim- Konstitusiya dəyişəcək, yoxsa sülh yenə gecikəcək? - TƏHLİL

Hazırda oxunan: İrəvanın qarşısında tarixi seçim- Konstitusiya dəyişəcək, yoxsa sülh yenə gecikəcək? - TƏHLİL

629492

Ermənistanda seçkilər başa çatdı. Artıq yeni hökümət də, yeni parlament də formalaşıb.

Avqustun 2-də Ermənistan Prezidenti Vaaqn Xaçaturyan "Vətəndaş müqaviləsi" partiyasının lideri Nikol Paşinyanı yenidən ölkənin Baş naziri təyin edib.

Beləcə, Paşinyan Ermənistanla Azərbaycan arasında sülh sazişinin imzalanması üçün son və qəti addımlar atmaq üçün ideal fürsət qazanıb.

Paşinyan Azərbaycanın tələblərini yerinə yetirəcəkmi?

Nəzərə alaq ki, iki ölkə arasında sülh sazişinin imzalanması və onun davamlı olması üçün Azərbaycan Ermənistandan ilk növbədə Konstitusiya ilə bağlı məsələni həll etməyi tələb edib. Məlumdur ki, Ermənistanın qüvvədə olan Konstitusiyasında Azərbaycan torpaqlarına qarşı konkret iddialar var.

Ona görə də hazırkı Konstitusiya Azərbaycanla Ermənistan arasında sülh sazişinin imzalanmasına açıq əngəl yaradır.

Yada salaq ki, hələ ötən il Paşinyan Ermənistanda yeni Konstitusiyanın 2026-cı ilin sonuna qədər qəbul ediləcəyini bəyan etmişdi.

Hökumət başçısı ötən ayın 9-da keçirilən brifinqdə konstitusiya islahatlarının hakim "Vətəndaş Müqaviləsi" partiyasının seçki proqramının bir hissəsi olduğunu xatırladıb. Və yeni Konstitusiya layihəsinin ilin sonunadək dərc olunacağını bəyan edib.

Bəs Konstitusiya layihəsi niyə gecikir?

Paşinyan sənədin dərc olunmasının ləngiməsini daxili müzakirələrlə əlaqələndirib:
 

“Yeni Konstitusiya ilə bağlı "Vətəndaş Müqaviləsi" partiyasının İdarə Heyəti üzvlərindən çoxsaylı təkliflər daxil olub. Və həmin təkliflərin təhlili üçün müəyyən zaman lazımdır. Hazırda təkliflərin qəbulu müddəti başa çatıb, yalnız bir bəndlə bağlı yekun qərar qalıb. Layihə ilin sonuna kimi ictimaiyyətə təqdim olunacaq”.


Ermənistanda yeni Konstitusiya ilə bağlı referendumun keçirilməsi məsələsi ölkənin daxili və xarici siyasətində əsas gündəm mövzularından birinə çevrilib. Baş nazir Nikol Paşinyan hökuməti mövcud Konstitusiyanın dəyişdirilməsini dövlətin gələcək inkişafı baxımından zəruri addım kimi təqdim edir.

Bununla belə, referendumun mahiyyəti təkcə hüquqi islahatlarla məhdudlaşmır. Bu proses Cənubi Qafqazın geosiyasi gələcəyinə, xüsusilə də Azərbaycan-Ermənistan sülh gündəliyinə birbaşa təsir göstərə biləcək siyasi hadisə kimi qiymətləndirilir.

Uzun illərdir Ermənistan Konstitusiyasında Azərbaycana qarşı ərazi iddialarına hüquqi əsas kimi şərh edilən müddəalar müzakirə mövzusu olub.
 

Rəsmi Bakı dəfələrlə bildirib ki, iki ölkə arasında dayanıqlı sülh müqaviləsinin imzalanması üçün bu cür iddiaların hüquqi müstəvidən çıxarılması vacib şərtlərdən biridir. Məhz buna görə də gözlənilən referendum təkcə Ermənistanın daxili işi deyil, həm də regional təhlükəsizlik məsələsi kimi diqqətlə izlənilir.


Paşinyan hökuməti anlayır ki, 2020-ci ildən sonra regionda yaranmış yeni geosiyasi reallıq köhnə siyasi yanaşmaların davam etdirilməsinə imkan vermir. Ermənistan iqtisadi inkişaf, nəqliyyat kommunikasiyalarının açılması və regional əməkdaşlıq istəyirsə, hüquqi bazasını da bu reallığa uyğunlaşdırmalıdır. Əks halda, ölkə uzunmüddətli siyasi və iqtisadi təcrid riskini davam etdirəcək.

Referendum hökumət üçün asan sınaq olmayacaq.

Müxalifət, radikal millətçi dairələr və xaricdəki bəzi erməni diaspor təşkilatları Konstitusiyada mümkün dəyişikliklərə sərt müqavimət göstərirlər. Onlar bunu "milli maraqlardan geri çəkilmə" kimi təqdim etməyə çalışırlar. Bu isə referendumun yalnız hüquqi deyil, həm də ciddi siyasi mübarizəyə çevriləcəyini göstərir.

Azərbaycan baxımından əsas məsələ referendumun keçirilməsi deyil, onun nəticəsidir. 

Əgər yeni Konstitusiya regionda sülhə mane olan müddəaları aradan qaldırarsa, bu, Azərbaycan-Ermənistan münasibətlərində yeni mərhələnin başlanmasına şərait yarada bilər. Əks halda, sülh sazişinin imzalanması prosesi yenidən ləngiyə və qarşılıqlı etimadın formalaşması çətinləşə bilər.
 

Bugünkü geosiyasi şərait göstərir ki, Cənubi Qafqazın gələcəyi müharibə ritorikasında deyil, hüquqi və siyasi reallıqların qəbul edilməsindədir. Ermənistan qarşıdakı referendum vasitəsilə yalnız Konstitusiyasını deyil, həm də gələcək inkişaf modelini müəyyənləşdirəcək. Bu seçim ya regionda uzunmüddətli sülhün təməlini möhkəmləndirəcək, ya da köhnə qarşıdurma siyasətinin davam etməsinə səbəb olacaq.


Buna görə də Ermənistanın qarşıdakı referendumu təkcə bir ölkənin daxili siyasi hadisəsi deyil, bütün Cənubi Qafqazın gələcəyinə təsir göstərə biləcək strateji qərar kimi tarixə düşə bilər.

4 kənd nə zaman geri qaytarılacaq?

Bir daha xatırladaq ki, Naxçıvanın Kərki, Qazax rayonunun isə 3 kəndi (Yuxarı Əskipara, Sofulu və Bərxüdarlı) uzun müdətdir ki, erməni işğalı altındadır. Həmin kəndlərin geri qaytarılması da Azərbaycanın əsas tələbləri arasındadır.

Buna qədər Azərbaycan-Ermənistan sərhədinin delimitasiyası üzrə komissiyanın 2024-cü il 19 apreldə əldə olunmuş razılaşmasına əsasən 30 il işğal altında olan 4 kənd geri qaytarılıb. Delimitasiya işləri nəticəsində 12,7 kilometr uzunluğunda sərhəd xətti müəyyən edilib və Qazax rayonunun 4 kəndinin - Bağanıs Ayrım, Aşağı Əskipara, Xeyrımlı və Qızılhacılının ərazilərinin (6,5 kv. kilometr) Azərbaycana qaytarılması təmin edilib.

İndi növbəti addım qalan 4 kəndin də geri verilməsidir.

Qeyd edək ki, Ermənistan parlamentinin spikeri Ruben Rubinyan yeni seçilmiş parlamentin ilk iclasında Kərki kəndinin yaxın beş il ərzində Azərbaycana veriləcəyi ilə bağlı zəmanət verməyib.

Həm Paşinyanın, həm də Rubinyanın bəyanatları göstərir ki, 2026-cı ildə Azərbaycanın əsas tələblərinin icrası tamamlanmayacaq. Ona görə də Ermənistanla Azərbaycan arasında sülh sazişinin bu il imzalanması o qədər də real görünmür.

Amma əsas odur ki, proses dayanmayıb, aşağı sürətlə də olsa gedir. Bu da inam yaradır ki, Ermənistanın hazırkı höküməti sülh sazişinin imzalanmasında ən azından maraqlıdır.

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO