Vətən torpağında son döyüş... – FOTO

Vətən torpağında son döyüş... – FOTO

Hazırda oxunan: Vətən torpağında son döyüş... – FOTO

637547

Qarabağ hər nə qədər işğal dövründə hüzn, kədər, ağrı-acı ilə milli yaddaşımızda iz buraxsa da, qəhrəmanlıq salnaməmizin yazıldığı müqəddəs torpaqlar kimi də hopdu milli yaddaşımıza. Bu mübarizə salnaməsində DİN-in Daxili Qoşunlarının öz yeri, öz hünəri, öz rəşadətli döyüş yolu var. Onun sıralarında neçə-neçə qəhrəman döyüşüb, bu gün də Vətənin keşiyində dayanır. Bəlkə də çavuş Zahir Əliyevi də Daxili Qoşunların sıralarına məhz bu tarixi xidmət yolu gətirmişdi.

Bizim.Media xəbər verir ki, Lerikin Soru kəndində böyüyən Zahir Əliyev 18 yaşında, 2005-ci ilin iyulunda hərbi xidmətə yollananda minlərlə azərbaycanlı gənc kimi Vətən qarşısında əsgərlik borcunu yerinə yetirməyə gedirdi. Xidmət yeri Daxili Qoşunlar olur və əsgərliyini başa vurub doğma yurda qayıdır.

Amma hərbi xidmət onun üçün arxada qalan gənclik xatirəsi olmur. Bir müddətdən sonra yenidən Daxili Qoşunların sıralarına qayıdır, ancaq bu dəfə onun qarşısında müddətli əsgərlik yox, seçdiyi şərəfli peşənin ağır məsuliyyəti də vardı.
 

1987-ci il yanvarın 4-də Lerik rayonunun Soru kəndində anadan olan Zahir Sədi oğlu Əliyev 2013-cü ildə Daxili Qoşunlarda müddətdən artıq həqiqi hərbi xidmətə başlayandan sonra müxtəlif vəzifələrdə xidmət edib. Əvvəlcə xüsusi vasitələrin tətbiqi qrupunun 1-ci yarımqrupunun atıcı-sanitarı olub. Sonrakı illərdə radiostansiya rəisi, atıcı-radiotelefonçu kimi xidmət edib. 2020-ci ilin martından isə xüsusi vasitələrin tətbiqi dəstəsinin post-patrul xidməti bölməsində atıcı vəzifəsini yerinə yetirib.


Bu vəzifələrin hərəsinin öz məsuliyyəti, öz hazırlığı vardı. Birində silahdaşına ilkin tibbi yardım göstərmək bacarığı tələb olunurdusa, digərində rabitənin fasiləsizliyini təmin etmək, məlumatı vaxtında çatdırmaq vacib idi. İllər keçdikcə Zahir hərbi xidmətin müxtəlif istiqamətlərində təcrübə toplayır, peşəkar hərbçi kimi püxtələşir.

2020-ci ildə Vətən müharibəsi başlayanda o, artıq yeddi ildən çox idi ki, Daxili Qoşunların sıralarında xidmət edirdi. Azərbaycan Ordusunun torpaqlarımızın azadlığı uğrunda döyüşdüyü həmin günlər bütün ölkə kimi daxili işlər orqanlarının və Daxili Qoşunların şəxsi heyəti üçün də xüsusi məsuliyyət dövrü idi. Qarşıya qoyulan tapşırıqların icrası hər bir hərbi qulluqçudan yüksək hazırlıq və intizam tələb edirdi.

Zahirin xidmətində onillik həddin tamamlanması da diqqətdən kənarda qalmır və qüsursuz həqiqi hərbi xidmətinə görə 2022-ci ildə III dərəcəli “Qüsursuz xidmətə görə” medalı ilə təltif edilir.
 

2023-cü ilin sentyabrında Qarabağda lokal xarakterli antiterror tədbirləri başlayanda çavuş Zahir Əliyev də döyüş tapşırığı alan Daxili Qoşunların hərbi qulluqçuları sırasında idi. Sentyabrın 19-dan 20-nə keçən gecə Laçın rayonunun Nağdalı kəndindən Vəngli istiqamətində hərəkət edən dəstə yol boyu silahlı hücumlarla üzləşir.


Vəngliyə az qalmış yolun kənarlarından yenidən intensiv atəş açılır, hərbçilərimiz mövqelənərək döyüşə girirlər. İllərlə keçirilən hazırlıqların, qazanılan hərbi təcrübənin gerçək döyüş meydanında sınağa çəkildiyi həmin ağır gecədə çavuş Zahir Əliyev sonadək vuruşaraq şəhid olur.

O, Daxili Qoşunların əsgəri kimi qorumağa and içdiyi Vətən uğrunda illər sonra çavuş kimi canından keçdi. Gəncliyində qəlbində daşıdığı Vətən sevgisi beləcə onun ömür yolunun həm seçiminə, həm də son sözünə çevrildi.

Azərbaycanın ərazi bütövlüyünün təmin olunması zamanı döyüş əməliyyatlarında göstərdiyi qəhrəmanlığa görə çavuş Zahir Sədi oğlu Əliyev ölümündən sonra Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamları ilə III dərəcəli “Vətənə xidmətə görə” ordeni və “Vətən uğrunda” medalı ilə təltif edilib.







Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO