Qafqaz Albaniyası irsinin izi ilə: Qərbi Azərbaycan, Qarabağ və Şərqi Zəngəzur abidələri - FOTO

Qafqaz Albaniyası irsinin izi ilə: Qərbi Azərbaycan, Qarabağ və Şərqi Zəngəzur abidələri - FOTO

Hazırda oxunan: Qafqaz Albaniyası irsinin izi ilə: Qərbi Azərbaycan, Qarabağ və Şərqi Zəngəzur abidələri - FOTO

637656

Eramızdan əvvəl IV əsrdən bizim eranın VIII əsrinin əvvəlinədək mövcud olmuş Albaniya dövləti müasir Azərbaycan Respublikasının ərazisi ilə yanaşı, Qərbi Azərbaycanı (indiki Ermənistan Respublikası), Qanıx (Alazan) və Qabırrı (İori) çayları hövzələrini, Dərbənd şəhəri də daxil olmaqla cənubi Dağıstanın (Rusiya Federasiyası) bir hissəsini əhatə edib.

Alban etnosu Azərbaycan torpaqlarında mövcud olmuş Qafqaz Albaniyasında, daha sonralar isə Sacilər, Salarilər, Qaraqoyunlu və Ağqoyunlu, Səfəvilər dövlətlərinin tərkibində, tarixi alban vilayətləri olan Arsak, Sünik, Uti, Şəki, Kambisena kimi əyalətlərdə yaşayıblar.

Bizim.Media AZƏRTAC-a istinadən Qərbi Azərbaycan, Qarabağ və Şərqi Zəngəzurda alban abidələrinin tarixi və müasir vəziyyətinə nəzər salır.

Alban irsinin Qərbi Azərbaycandakı izləri

Qafqaz Albaniyasında xristian dininin yayılması və dövlət dili kimi qəbul edilməsi eramızın I-IV əsrlərinə aiddir. İndiki Ermənistan ərazisində, o cümlədən İrəvanətrafı ərazilərdə yaşayan yerli türk boylarının bir qismi xristianlığı qəbul etdikdən sonra çox sayda məbədlər inşa etmişlər.

Tarixçi-alimlər Tofiq Nəcəfli, Rəşad Mustafa və Ramin Əlizadənin tədqiqatlarına görə, Göyçə gölünün şərqində Cil kəndi yaxınlığında erkən orta əsrlər dövrünə aid alban-qıpçaq kilsəsinin yazılı daşları ermənilər tərəfindən məhv edilib. Gölün şərqində erkən orta əsrlər dövrünə aid Nərədüz kəndi yaxınlığında böyük türk məzarlığı da bərbad vəziyyətdədir. Burada qıpçaq türk xristian boylarına aid xaç daşları ilə yanaşı, oğuz boylarının qədim tarixini sübut edən xeyli sayda xatirə daşları var.
 

Göyçə ərazisində alban-qıpçaq məbədləri içərisində IX-X əsrlərə aid Qızılvəng (Qızılvəng kəndi), Qamışlı (Qamışlı/Qanlı/Qanlı Allahverdi kəndi), Daşkənd (Daşkənd kəndi), Kiçik Məzrə (Bala Mərzə kəndi), Əyrivəng (Əyrivəng kəndi), Xudavəng (Yuxarı Adıyaman kəndi) və Şoqakavəng (Çoraqyuq kəndi) kilsələrini qeyd etmək olar.


Hamamlı (Əştərək) mahalında qədim kilsələrin əksəriyyəti qıpçaqəsilli xristian din xadimləri tərəfindən inşa edilib.

Burada Qazax bazilikası kimi tanınan Alban-Qıpçaq məbədi qədim zamanlardan Qıpçaq boylarının bir qolu olan Qazax tayfasının yaşadığını sübut edir. Hamamlının başlıca xristian dini abidələri içərisində IV əsrdə inşa edilmiş Müqəddəs Xaç kilsəsini, VII-XIII əsrlərə aid Əştərək abidələrini, VII əsrdə Manas və Qriqori adlı qıpçaq keşişləri tərəfindən inşa edilmiş Karmvravor kilsəsini, VII əsrə aid Aruç kilsəsini, Ovanavəng kəndində V əsrə aid kilsəni, Abaran şəhərində V əsrə aid Qazax bazilikası və Aşnak kəndində V əsrə aid kilsəni qeyd etmək olar.

Bu abidələrin əksəriyyətində sonradan bərpa işləri adı ilə erməni xaç daşları yerləşdirilib və yazıları silinib.

Zəngibasarın alban-qıpçaq xristian abidələri içərisində VII əsrə aid kilsəni (Şahab kəndi), X-XIII əsrlərə aid Avucdar monastırını, X-XIII əsrlərə aid kilsə və qalanı (Ursazor kəndi), XIII əsrdə inşa edilmiş Ağca monastırını (Gilanlar kəndi yaxınlığı) xüsusilə qeyd etmək olar. Sərdarabad mahalında dağıdılmış alban dini abidələri içərisində xüsusilə V əsrə aid bazilikanı və VII əsrə aid Mavi Mələklər məbədini qeyd etmək olar. Sərdərabad ərazisində də “erməni dini məbədləri” kimi qələmə verilən xritianlığaqədərki dini ibadətgahlar Albaniya əhalisinin dini dünyagörüşünü əks etdirir.
 

Qərbi Zəngəzurun Qarakilsə ərazisində ən qədim xristian abidəsi V əsrdə inşa edilmiş Qızılkilsə məbədidir. Ərəfsə kəndi yaxınlığında yerləşən bu məbədin bir hissəsi dağılmış vəziyyətdədir. Kilsənin yaxınlığında qədim alban məzarlığı da aşkar edilib. Lakin Ermənistan hakimiyyəti Qarakilsə rayonu ərazisindəki bir çox alban məbədi kimi Qızılkilsə məbədini də erməni abidəsi kimi təqdim edir.

Qarakilsə məbədi isə rayonun mərkəzində hündür təpənin üzərində VI-VII əsrlərdə inşa edilib. Bu məbəd boz tuf daşından tikildiyindən yağıntılı havada islandığı zaman çöl divarları qara rəngdə görünür. XIX əsrin birinci yarısında Zəngəzura köçürülmüş ermənilər uzun müddət bu məbədi Azərbaycan türkcəsində olduğu kimi “Qarakilsə” adlandırdılar.

Məbədin divarında Zəngəzurun Qıpçaq türk soyundan olan hakimi Göysoylu xanın, həmçinin xristian müqəddəslərinin rəsmi və “İncil”dən dualar təsvir olunub. Ermənilər bu məbədin ön divarları üzərindəki iki pəncərəni daşla hörüb, məbədin divarı üzərində erməni dilində saxta yazılar həkk ediblər.

Qarakilsə məbədinin həyətində qədim türk tayfalarının elat həyat tərzini əks etdirən daş sənduqələr, qoç daşları və Alban məzarlığı olub. Ermənilər bu abidələrin böyük bir qismini məhv edərək yerində erməni qəbiristanlığı salıblar. 1961-ci ildə Qarakilsə məbədi erməni-qriqorian kilsəsinə çevrilib. Məbədin hazırkı görünüşü erməni memarları tərəfindən saxta elementlərin daxil edilməsi ilə ciddi saxtakarlığa məruz qalıb.

Qarabağda və Şərqi Zəngəzurda xristian abidələri

Qafqazda xristianlığın rəsmi din kimi formalaşmasının tarixi Alban Apostol Kilsəsindən başlayır. Bu kilsənin qədimliyini təkcə tarixi faktlar yox, həm də mövcudluğunu dövrümüzə qədər qoruyub saxlamış qədim alban məbədləri təsdiqləyir.
 

Təəssüf ki, 1836-cı ildə Alban Apostol Kilsəsi ləğv edilib, onun maddi və mənəvi irsinin bir qisminə erməni qriqoryan kilsəsi sahib çıxmağa çalışıb. Nəticədə Azərbaycanda, xüsusilə Qarabağda tarixi alban məbədlərinin böyük bir qismi qriqoryanlaşdırılıb, tarixi abidələrimizlə yanaşı, arxiv materialları və sənədlər saxtalaşdırılıb. Xatırladaq ki, 2020-ci ildə Azərbaycan Alban-udi xristian dini icması son yüz ildə alban məbədlərinin qriqoryanlaşdırılmasının Ermənistanın dövlət siyasətinə çevrilməsi ilə bağlı Dünya Kilsələr Birliyinə müraciət də ünvanlayıb.


Bu il sentyabrın 18-də Azərbaycan Alban-udi xristian dini icmasının sədri Robert Mobili AZƏRTAC-a müsahibəsində bir daha bildirib ki, Alban kilsəsinin nə gürcü kilsəsinə, nə rus kilsəsinə, nə də erməni kilsəsinə heç bir yaxınlığı yoxdur.

Tarixi mənbələrə görə, Apostol Faddeyin tələbəsi Müqəddəs Yeliseyin I əsrdə Yerusəlimdən Albaniya ərazisinə gələrək xristianlığı təbliğ edib, alban torpaqlarında Gis (indiki Şəki rayonun Kiş kəndi) deyilən yerdə ilk xristian kilsəsinin əsasını qoyub. Şəki–Qəbələ bölgəsində yerli əhali arasında Yeliseylə bağlı rəvayətlər də mövcuddur. Onun şərəfinə Xocavənd, Tərtər, Kəlbəcər rayonlarında kilsələr, monastırlar tikilib.

Qafqaz qədim dövrlərdən bəri türk xalqlarının məskunlaşdığı ərazi olduğu üçün alban kilsələrində türk etnik komponenti hər zaman həlledici rol oynayıb. Gəncəsər, Xudavəng, Böyük Aran monastırı kimi alban kilsələrinin kitabələri bunu təsdiqləyir. Həmin kitabələrdən məlum olur ki, Qarabağın alban xristian əhalisi türk dilinin daşıyıcıları idilər və kilsə həyatında xristian qaydalarına riayət etməklə yanaşı, türk adət-ənənələrini öz məişətlərində yaşadıblar.

Qafqaz Albaniyası abidələrinin memarlıq quruluşu spesifik olub.

Albaniya xristianlığın ilk yayıldığı ərazilərdən olduğu üçün burada Şərq xristianlığına məxsus memarlığın bütün növləri inkişaf etmişdi. Orta əsrlər boyu Şimali Azərbaycanın bütün bölgələrində olduğu kimi, Qarabağ və Zəngəzur ərazilərində də öz dövrü üçün xarakterik memarlıq üslubuna malik, spesifik quruluşuna görə fərqlənən alban xristian məbədləri, bazilikalar və sovmələr inşa edilib. Qafqaza yerləşdikləri vaxtlardan ermənilər alban abidələrinin memarlıq quruluşunda və interyerində də hər zaman dəyişikliklər etməyə can atmışlar. Onlar alban abidələrinin divarlarından qiymətli kitabələri, qeydləri, alban ənənələrini, məişətini, qədim inanclarını əks etdirən bədii ornamentləri məhv ediblər.
 

Otuzillik işğal dövründə Yelisey (Tərtər rayonunda), Ağoğlan (Laçın rayonunda), Xudavəng (Kəlbəcər rayonunda), Gəncəsər (Ağdərə rayonunda), Amaras (Xocavənd rayonu) monastırları və digər tarixi memarlıq abidələrində qanunsuz tikinti işləri aparılıb, onların ilkin görkəmi təhrif edilib, məbədlərin qiymətli tarixi əşyaları oğurlanaraq Ermənistana daşınıb.


İşğal dövründə ermənilər Xocavənd rayonu ərazisində Azıx mağarasını silah anbarına çevirib, sonra isə xarici alimləri də cəlb etməklə burada qanunsuz arxeoloji qazıntılar aparıb, Azərbaycana məxsus olan bu qədim sərvəti özününküləşdirmək, tarixi mənimsəmək üçün təxribatçı fəaliyyətlərlə məşğul olublar. Bütün bunlar UNESCO-nun “Silahlı münaqişələr zamanı mədəni mülkiyyətin mühafizəsi” haqqında 1954-cü il Konvensiyasının və “Mədəni mülkiyyətin qanunsuz idxalı, ixracı və onun üzərində sahiblik hüququnun ötürülməsinin qadağan edilməsi vasitələri” haqqında 1970-ci il Konvensiyasının müddəalarının kobud şəkildə pozulması deməkdir.

Qafqaz Albaniyası dövrünə aid dini-mədəni abidələr Azərbaycanın milli və tarixi sərvətinin ayrılmaz hissəsidir.

Həmin abidələrin qorunması və tədqiqi tarixi faktların gələcək nəsillərə obyektiv şəkildə çatdırılması baxımından mühüm əhəmiyyət daşıyır. Qarabağ və Şərqi Zəngəzurda aparılan genişmiqyaslı quruculuq işləri bu siyasətin praktiki ifadəsidir.






Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO