Britaniyanın Reform UK partiyasının lideri Naycel Fərəc ABŞ Prezidenti Donald Trampın immiqrasiya siyasəti üzrə müşaviri Tom Homeni qaçıraraq Böyük Britaniyaya gətirmək və ölkənin sərhədlərinin qorunmasına kömək etməsini istədiyini bildirib.
Fərəc bu sözləri Homanın qonaq qismində çıxış etdiyi ABŞ-dakı tədbirdə deyib.
Bizim.Media xəbər verir ki, bu barədə The Guardian yazıb.
“Mənim sizin üçün pis xəbərim var. Biz Tom Homeni qaçırıb özümüzlə aparırıq ki, sərhədlərimizin təhlükəsizliyini təmin edək”, – deyə Fərəc bildirib.
Homan Trampın ABŞ İmmiqrasiya və Gömrük Mühafizəsi Xidməti (ICE) ilə bağlı əsas müşavirlərindən biridir. Qurum qanunsuz miqrasiyaya qarşı sərt mübarizə üsullarına görə tənqid olunur. Xüsusilə ICE əməkdaşlarının silah tətbiq etdiyi hallar, o cümlədən bir neçə ölümlə nəticələnən insident diqqət çəkib. The Trace nəşrinin məlumatına görə, Trampın Ağ Evə qayıtmasından sonra immiqrasiya xidmətinin əməkdaşları insanlara ən azı 30 dəfə atəş açıblar.
Trampın ilk prezidentliyi dövründə Homan immiqrasiya siyasəti sahəsində bir sıra sərt tədbirlərin hazırlanmasında iştirak edib. Bunların arasında sərhəddə uşaqların valideynlərindən ayrılması praktikası da olub. Sonradan bu praktika Tramp administrasiyasının “sıfır tolerantlıq” siyasətinin bir hissəsinə çevrilib.
Reform UK Böyük Britaniyada miqrasiya siyasətinin sərtləşdirilməsini müdafiə edir. Partiya, xüsusilə ölkəyə qanunsuz daxil olan insanların kütləvi şəkildə deportasiya edilməsini, həmçinin La-Manşda miqrant daşıyan kiçik qayıqların qarşısını almaq üçün Kral Hərbi Dəniz Qüvvələrindən istifadə olunmasını təklif edir.
Fərəc həmçinin Böyük Britaniya və digər Avropa ölkələrini Tramp administrasiyasına daha “rasional” yanaşmağa çağırıb. Onun sözlərinə görə, ABŞ və Avropanın ənənəvi mediası prezidentin fəaliyyətini “şər qüvvə” kimi təqdim edir.
Bununla belə, Fərəc daha əvvəl Trampın bəzi qərarlarından məsafə saxlayıb. O, xüsusilə ABŞ prezidentinin İrana münasibətdəki siyasətini tənqid edib.
Bu həftə o, həmçinin Amerika prezidentinin İrlandiyanın birləşməsinin arzuolunan olması barədə açıqlamasına qarşı çıxıb.
“Şimali İrlandiya Birləşmiş Krallığın qürurlu və ayrılmaz hissəsidir. Şimali İrlandiya sakinləri nə referendum, nə də birləşmə istəyirlər”, – deyə Reform UK lideri bildirib.
Bizim.Media






































































































