Şuşadan Xankəndiyə, Zəfərdən suverenliyə: 20 Sentyabr SALNAMƏSİ

Şuşadan Xankəndiyə, Zəfərdən suverenliyə: 20 Sentyabr SALNAMƏSİ

Hazırda oxunan: Şuşadan Xankəndiyə, Zəfərdən suverenliyə: 20 Sentyabr SALNAMƏSİ

637628

2023-cü il sentyabrın 19–20-də Azərbaycanın Qarabağ bölgəsində keçirilən lokal xarakterli antiterror tədbirləri ölkənin müasir hərb və dövlətçilik tarixində xüsusi mərhələ yaratdı. Cəmi bir sutkaya yaxın müddətdə aparılan əməliyyat nəticəsində Azərbaycanın suveren ərazisində uzun illər mövcud olmuş qanunsuz silahlı birləşmələrin varlığına birdəfəlik son qoyuldu.

İşğalın yaratdığı reallıq və ikili standartlar

1980-ci illərin sonlarında Qarabağda alovlanan separatizm sonrakı illərdə silahlı qarşıdurmaya çevrildi. Ermənistanın hərbi müdaxiləsi nəticəsində Azərbaycanın əraziləri işğal edildi, yüz minlərlə insan öz doğma yurdlarından didərgin düşdü, şəhər və kəndlər dağıdıldı.

BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul etdiyi qətnamələrdə Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılması tələb olunsa da, bu qərarların icrası təmin edilmədi. Nəticədə münaqişə uzun illər ərzində həll olunmamış qaldı. Azərbaycan isə problemin danışıqlar yolu ilə həllinə çalışdı. Lakin illər keçdikcə diplomatik prosesin nəticə verməməsi, işğal faktının uzadılması və status-kvonun dəyişməz qalması yeni reallıq formalaşdırdı.

2018-ci ildən sonra Ermənistanın siyasi rəhbərliyinin bir sıra bəyanatları da danışıqlar prosesində gərginliyi artırdı. 2019-cu ildə Nikol Paşinyan Xankəndidə “Qarabağ Ermənistandır – nöqtə” deyərək danışıqlar prosesinin üstündən xətt çəkdi.

Prezident İlham Əliyevin buna cavabı isə qəti idi: “Qarabağ Azərbaycandır – nida işarəsi!”.

Həmin dövrdə Ermənistanın müdafiə naziri David Tonoyanın “yeni müharibə, yeni ərazilər” ifadəsi də İrəvanın hərbi ritorikasının sərtləşdiyini göstərən nümunələrdən biri idi. Beləliklə, diplomatik müstəvidə həll perspektivinin zəifləməsi hərbi qarşıdurmanı qaçılmaz etdi.

2020-ci ilin Zəfəri və yeni mərhələnin başlanması

2020-ci il sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin genişmiqyaslı hərbi təxribatından sonra başlayan Vətən müharibəsi Azərbaycanın hərbi-siyasi tarixində dönüş yaratdı. 44 gün davam edən müharibə nəticəsində Azərbaycan işğal altında olan ərazilərinin böyük hissəsinə nəzarəti bərpa etdi. Şuşanın azad olunması isə müharibənin gedişinə və nəticəsinə ciddi təsir göstərən hadisələrdən biri oldu.

10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatla hərbi əməliyyatların aktiv mərhələsi dayandırıldı. Lakin həmin sənəd Qarabağda mövcud olan bütün problemləri avtomatik şəkildə aradan qaldırmadı. Azərbaycanın qarşısında daha bir mühüm vəzifə qalırdı: öz suveren ərazisində qanunsuz silahlı qüvvələrin mövcudluğuna son qoymaq. Bu məqsədə aparan yol 2020-ci ildən sonrakı dövrdə də davam etdi.

44 günlük müharibədən 19 sentyabra qədər

Müharibədən sonra Azərbaycan öz ərazilərində təhlükəsizliyi və nəzarəti möhkəmləndirmək istiqamətində ardıcıl addımlar atdı.

2022-ci ildə Fərrux istiqamətində və avqust ayında “Qisas” əməliyyatı çərçivəsində əldə olunan nəticələr, Qırxqız və Sarıbaba kimi yüksəkliklər üzərində nəzarətin təmin edilməsi Azərbaycan Ordusunun bölgədəki hərbi üstünlüyünü daha da gücləndirdi.

Bununla yanaşı, Qarabağda Ermənistan silahlı qüvvələrinin birləşmələrinin və qanunsuz silahlı dəstələrin qalması, hərbi infrastrukturun saxlanılması və müxtəlif təxribatların davam etməsi təhlükəsizlik problemini tam aradan qaldırmırdı. Azərbaycanın mövqeyi isə dəyişmirdi: ölkənin suveren ərazisində qanunsuz silahlı birləşmələrin mövcudluğu davam edə bilməzdi.
2023-cü ilin sentyabrına gəldikdə isə vəziyyət artıq son həddə çatmışdı.

Antiterror tədbirləri və hərbi hədəflərin məhv edilməsi

2023-cü il sentyabrın 19-da Azərbaycan Qarabağ bölgəsində lokal xarakterli antiterror tədbirlərinə başladı.

Azərbaycan Müdafiə Nazirliyinin həmin gün yaydığı məlumatlarda əməliyyat çərçivəsində yalnız legitim hərbi obyektlərin və hərbi infrastrukturun yüksək dəqiqlikli silahlarla hədəfə alındığı bildirildi. Eyni zamanda mülki əhalinin və mülki infrastrukturun hədəfə alınmadığını açıqlandı, əhalinin təhlükəsizliyi üçün xəbərdarlıq və humanitar tədbirlərin həyata keçirildiyi açıq şəkildə elan olundu. 

Bu məqam əməliyyatın xarakterinin mühüm göstəricilərindən biri idi. Hərbi məqsəd separatçı silahlı qüvvələrin hərbi imkanlarını aradan qaldırmaq olsa da, Azərbaycanın açıqladığı əməliyyat konsepsiyasında mülki əhali ilə hərbi hədəflər arasında fərqin qorunmasına xüsusi diqqət yetirilirdi. Üstəlik, əhalinin təhlükəli ərazidən təxliyəsini təmin etmək üçün Laçın yolu üzərində və digər istiqamətlərdə humanitar dəhliz və qəbul məntəqələri yaradıldı, qadınlara, uşaqlara, yaşlılara və digər həssas qruplara yardım göstərildi.

Azərbaycan Ordusunun hərbi imkanlarının nümayişi

19–20 sentyabr əməliyyatının diqqətçəkən tərəflərindən biri onun qısa müddətdə konkret hərbi nəticəyə gətirib çıxarması idi.

Yüksək dəqiqlikli silah sistemləri, kəşfiyyat imkanları, koordinasiya və müxtəlif qoşun növlərinin qarşılıqlı fəaliyyəti əməliyyatın gedişində mühüm rol oynadı.

Azərbaycan Ordusu 2020-ci ildə nümayiş etdirdiyi müasir döyüş imkanlarını üç il sonra öz suveren ərazisində fərqli xarakter daşıyan hərbi əməliyyatda bir daha ortaya qoydu. Burada məqsəd genişmiqyaslı müharibə aparmaq deyil, konkret hərbi infrastrukturu sıradan çıxarmaq, qanunsuz silahlı birləşmələri tərksilah etmək və dövlətin konstitusion quruluşunu bütün ərazidə təmin etmək idi.

Bu baxımdan 19–20 sentyabr əməliyyatı həm miqyası, həm müddəti, həm də qarşıya qoyulan hərbi məqsədlərin qısa müddətdə reallaşdırılması baxımından Azərbaycanın hərbi imkanlarının ayrıca nümunəsi kimi qiymətləndirilə bilər.

20 sentyabr – suverenliyin tam bərpası

Sentyabrın 20-də əldə olunan razılaşmadan sonra Qarabağdakı qanunsuz silahlı birləşmələrin silahı yerə qoyması və tərksilah prosesinə başlanması münaqişənin hərbi mərhələsində yeni vəziyyət yaratdı. Bu hadisənin ən mühüm nəticəsi Azərbaycanın bütün ərazisi üzərində dövlət hakimiyyətinin və konstitusion hüquqi sistemin bərpası oldu. 

Məhz buna görə 20 sentyabr Azərbaycan tarixində ayrıca məna daşıyan tarixə çevrildi. Azərbaycan Prezidentinin 19 sentyabr 2024-cü il tarixli sərəncamı ilə hər il sentyabrın 20-nin Dövlət Suverenliyi Günü kimi qeyd edilir.

Separatçı rejimin süqutu

Əməliyyatın hərbi nəticəsi ilə paralel olaraq Qarabağda illər ərzində fəaliyyət göstərən separatçı siyasi struktur da öz mövcudluğunu davam etdirə bilmədi.

2023-cü il sentyabrın 28-də separatçı qurumun rəhbəri Samvel Şahramanyan bütün dövlət qurumlarının və təşkilatlarının 2024-cü il yanvarın 1-dək ləğv olunmasını və qondarma qurumun fəaliyyətini dayandırmasını nəzərdə tutan sənəd imzaladı. Sənəddə həmçinin Qarabağ sakinlərinin Azərbaycan tərəfindən təqdim olunan reinteqrasiya şərtləri ilə tanış olması nəzərdə tutulurdu.

Bu sənəd separatizmin siyasi-institusional dayaqlarının dağılmasının mühüm göstəricilərindən biri oldu. Beləliklə, 2023-cü ilin sentyabrında yalnız hərbi mövqelər dəyişmədi. Qarabağda onilliklər ərzində formalaşdırılmış paralel siyasi, inzibati və hərbi idarəçilik modeli də tarixə çevrildi.

İlham Əliyevin strategiyasının hərbi və diplomatik mərhələləri

Azərbaycanın 2020–2025-ci illər ərzində keçdiyi yol hərbi və diplomatik proseslərin bir-birini tamamladığı ardıcıl mərhələlər kimi təhlil edilməlidir. Belə ki, 2020-ci ildə ordu işğal altında olan ərazilərin böyük hissəsini azad etdi. 2023-cü ildə Azərbaycan öz ərazisində qalan qanunsuz silahlı birləşmələrin hərbi potensialını aradan qaldırdı və dövlət suverenliyini bütün ölkə ərazisində təmin etdi. Sonrakı mərhələdə isə əsas gündəm sülh və dövlətlərarası münasibətlərin hüquqi çərçivəsinin formalaşdırılmasına yönəldi.

Hərbi və diplomatik müstəvidə əldə olunan bu qələbələr Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin diplomatik və hərbi strategiyasının təntənəsidir. Məhz onun uzaqgörən siyasəti və strateji yanaşması sayəsində bir zamanlar xəyal olaraq gördüyümüz nəticələr bir-bir reallığa çevrildi. 

20 sentyabrın yaddaşımızdakı yeri

20 sentyabr artıq Azərbaycan üçün uzunmüddətli münaqişənin yaratdığı siyasi və hərbi reallığın dəyişdiyi, dövlət suverenliyinin bütün ölkə ərazisində təmin edildiyi mərhələni ifadə edir. 30 ilə yaxın müddətdə Azərbaycan ərazisində mövcud olmuş işğal və separatizm reallığı əvvəlcə 2020-ci ildə hərbi baxımdan sarsıldı, 2023-cü ilin sentyabrında isə onun qalan hərbi-siyasi strukturları aradan qaldırıldı.

20 sentyabrın Dövlət Suverenliyi Günü kimi təsis edilməsi isə bu tarixi prosesin dövlətçilik yaddaşındakı yerini rəsmiləşdirdi. Və bu gün həmin tarix Azərbaycanın 30 ildən artıq davam edən münaqişədən sonrakı yeni mərhələsinin başlanğıc nöqtələrindən biri kimi qeyd olunur.

Bizim.Media-nın analitik qrupu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO