Ermənistan tədricən Rusiyanın təsir dairəsindən çıxır və Avropa İttifaqı (Aİ) ilə münasibətlərini dərinləşdirir.
Bizim.Media xəbər verir ki, bu barədə məlumat ABŞ-ın nüfuzlu "Bloomberg" agentliyinin Ermənistanın son xarici siyasət addımlarına həsr olunmuş məqaləsində yer alıb.
Nəşrin qeyd etdiyinə görə, Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan 24-25 iyun tarixlərində Polşanın Qdansk şəhərində keçirilən Ukraynanın bərpası üzrə beynəlxalq konfransda iştirak edir. Polşa və Ukraynanın birgə təşkilatçılığı ilə baş tutan bu tədbirə 100-ə yaxın ölkənin nümayəndə heyəti qatılıb.
"Bloomberg" yazır ki, erməni rəsmisinin bu səfəri, Avropa İttifaqının Rusiyanın tətbiq etdiyi ticarət məhdudiyyətlərinin fəsadları fonunda Ermənistana dəstəyi gücləndirdiyi bir vaxta təsadüf edir.
Məqalədə xatırladılır ki, son vaxtlar Rusiya bir sıra Ermənistan mallarının idxalına məhdudiyyətlər qoyub və İrəvan rəsmiləri bu addımları siyasi motivli qərarlar kimi qiymətləndiriblər.
Agentlik Ermənistanın daxili siyasi və iqtisadi proseslərinə də diqqət çəkərək, ölkənin Qərblə əməkdaşlığı genişləndirməklə öz xarici siyasət istiqamətlərini balanslaşdırmağa çalışdığını vurğulayıb.
Bizim.Media

































































































