Ermənistanın yeni maketi - Anklavlar ora daxil deyil

Ermənistanın yeni maketi - Anklavlar ora daxil deyil

Hazırda oxunan: Ermənistanın yeni maketi - Anklavlar ora daxil deyil

183302

Ermənistanın baş naziri martın 18-də qəfil Tavuşa səfər edib. Nəzərə alaq ki, Tavuş Azərbaycanın Qazax rayonu ilə həmsərhəddir. Ən əsası ermənilərin işğal altında saxladığı 7 kəndimiz məhz Tavuş bölgəsindədir. Əslində bu rayon da Azərbaycanın tarixi torpaqlarındandır. Keçmiş Tovuzqala rayonudur. Ermənilər sonradan adını dəyişdirib, saxtalaşdırıb Tavuş etdilər.

Paşinyanın səfəri Ermənistan cəmiyyətinin diqqət mərkəzindədir.

Cənubi Qafqazda dəyişən geosiyasi vəziyyət yeni reallıqlar yaradıb. Azərbaycanın diktəsi ilə başlayan yeni proseslərin həyata keçirilməsi sadəcə gerçəklikdir. Məsələ burasındadır ki, 30 il Azərbaycan ərazilərini işğal altında saxlayan Ermənistan da bu reallıqlarla barışıb və çıxış yolunun olmadığını anlayır. 2020-ci il 10 noyabr üçtərəfli sazişin 9-cu bəndində üzərinə götürdüyü öhdəliyi yerinə yetirməkdən imtina edən Ermənistan üç ildən artıqdır ki, digər öhdəlikdən də boyun qaçırır. Zəngəzur dəhlizinin açılmasına qarşı çıxan Ermənistan Azərbaycanın 8 kəndini hələ də işğal altında saxlayır.

Ermənistan 8 kəndi  geri qaytarmaq fikrində deyil. Düzdür, son günlər Ermənistan baş naziri Nikol Paşinyanın səsləndirdiyi fikirlərdə bir qədər fərqli mövqe hiss olunur və elə sonuncu mətbuat konfransında da erməni cəmiyyətinə ciddi mesajlar ünvanlanıb.  

Erməni siyasi ekspertlər hesab edirlər ki, Paşinyanın mətbuat konfransında Ermənistanın maketini tez-tez nümayiş etdirməsi və onun: “Biz bundan artığını istəmirik”, mesajı daxili auditoryanı kompramislərə hazırlamaq məqsədi daşıyır. Paşinyanın hər bir bəyanatını ciddi təhlil edən Ermənistan mətbuatı və müxalifəti güman edir ki, baş nazir anklavları  qaytarmağa hazırdır. Onların fikirincə  Paşinyanın son çıxışlarında bu elementlər açıq-aşkar hiss olunub və Nikolun başqa çıxış yolu qalmayıb.  

Baş nazir Ermənistan cəmiyyətinə delimitasiya prosesinin Tavuşdan başlayacağını mesajını verməklə yeni mərhələnin başlanmasına işarə edib.

Mətbuat konfransından bir neçə gün sonra Tavuşa gedən, Qazaxın  Əskipara və  Bağanıs Ayrım kəndlərinin erməni sakinləri ilə görüşən Paşinyan Ermənistanın işğalı altında olan ərazilərin tezliklə geri qaytarılması üçün ilkin zəmin yaratmağa çalışıb. Paşinyanın səfərini şərh edən erməni politoloqlar hesab edirlər ki, bu, Nikolun imzalayacağı yeni kapitulyasiyanın bir hissəsidir. Paşinyanın başqa çıxış yolu əslində yoxdur və regionda sülhə nail olmaq üçün Ermənistan öz ambisiyalarından əl çəkməlidir. Ona görə də ictimai rəyi formalaşdırmaq vacib şərtdir. 

Ermənistanda da bunu anlayır və hesab edirlər ki, erməni dövlətçiliyi tezliklə sona çata bilər. Bunun üçün qonşularla səmimi dialoqa nail olmaq və onlara qarşı ərazi iddialarından əl çəkilməlidir.

Paşinyandan etiraf: Ermənistanın ərazisi 29,743 min kvadratkilometrdir.

Ölkəsinin maketini tez-tez nümayiş etdirən Paşinyan Ermənistan ərazisinin 29,800 min kvadratkilometr deyil, daha az olmasını sübut etmək üçün dəridən-qabıqdan çıxır.

Ermənistan ərazisinin 29,743 min kvadratkilometr olduğunu etiraf edən Paşinyan bununla erməni cəmiyyətinə işğalda saxladıqları ərazilərin geri qaytarılmasının zəruriliyini bildirir. Ermənistan kimi monoetnik ölkədə bu cür etirafların bədəli də bir qədər ağır olur. Uzun illər ərzində beyinləri zəhərlənən bir cəmiyyətə yeni reallıqları izah etmək və onu qəbul etdirmək həm də siyasi iradə və zəhmət tələb edir.

Siyasi ekspertlər hesab edirlər ki, Tavuşda yerli sakinlərlə görüş Paşinyanın növbəti “blefi” də ola bilər. Daha sonra: “Yerli sakinləri razı salmaq mümkün olmadı və xalq anklavların qaytarılmasının əleyhinədir" kimi bəyanatların hər an eşidilmək ehtimalı da var. Ermənistanda isə yaxşı başa düşürlər ki, işğal altında saxladıqları 8 kənd Azərbaycanın suveren ərazisidir və Azərbaycan hər an öz ərazilərini işğaldan azad etmək hüququnu özündə saxlayır. O zaman Ermənistanı Hindistandan və Fransadan göndərilən sınıq-salxaq silahlar da xilas edə bilməyəcək.

Vəli Həsənov, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO