Ölkədə və dünyada neft və qaz ətrafında baş verən hadisələr İlham Şabanın təqdimatında
Yazın tən ortasında qəribə bir ab-hava ilə üzləşdik. Martın sonunda yaşanan mülayim havanın bir müddət sonra sərt iqlim şəraiti ilə əvəzlənəcəyini heç təsəvvür etmək olmazdı. Amma olan artıq oldu. Elə yağmurla üzləşdik ki, son 59 ildə beləsini yalnız statistika xatırlada bildi.
Təxirə salınan isitmə mövsümü
MÖVZU İLƏ BAĞLI:
Azərbaycandan Gürcüstana təcili DƏSTƏK
İqlimlə bağlı yaşananların içərisində bir halı da sezdim ki, əvvəllər müşahidə edilməmişdi. Belə ki, aprelin 15-i Azərbaycanda isitmə mövsümünün başa çatması günüdür. Amma havanın temperaturunun kəskin aşağı düşməsi nəzərə alınaraq hökumət mərkəzləşdirilmiş qaydada isitmə sisteminə qoşulan mənzillərin, sosial və digər obyektlərin qızdırılma müddətini artırdı.
Onu deyim ki, elə bu həftə “Azəristiliktəchizat” ASC cari ilin birinci rübünün yekunlarına dair açıqladığı təsərrüfat hesabatında bir sıra maraqlı məqamlara da toxunub. Məsələn, hesabatda 891,91 min Qkal istilik enerjisi istehsal edilməsi üçün nə qədər təbii qaz və elektrik enerjisi sərf etdiyini də açıqlayıb.
Baxmayaraq ki, istilik enerjisinin istehsalı 1%-ə yaxın artırılıb, amma bu zaman “Azəristiliktəhcizat” təbii qazın sərfiyyatını 151,2 min kubmetr, elektrik enerjisinin sərfiyyatını isə 221,4 min kVtsaat azaltmağa nail olub. Nəyin hesabına? Avadanlıq və mexanizmlərə vaxtlı-vaxtında texniki qulluq həyata keçirildiyindən əldə edilən nəticələr də reqlamentə uyğun olur, sızlamaların qarşısının alınması isə su sərfiyyatına qənaət edilməsinə gətirir.
Bu məlumata yerli-yataqlı ona görə toxundum ki, nə dərəcədə əhəmiyyətlidir xidmət sektorunda fəaliyyət göstərən qurumların öz təsərrüfat fəaliyyətlərinə dair məlumatları ictimaiyyətlə bölüşməsi. Çünki bu, sadəcə paylaşılan rəqəmlər toplusu deyil, həm də istehlakçının rəğbətinin qazanılması yönümündə atılan mühüm bir addımdır. Axı hər bir istehlakçı potensial müştəridir, kapitalizmdə isə kapital müştərilər hesabına əldə edilir. Əgər müştəridə sənin malına və xidmətinə yetərincə inam olmayacaqsa, demək bazarın da lap monopolist mövqeyin olsa belə, ən azından böyüməyəcək.
Azərbaycan-Gürcüstan münasibətləri
Yola saldığımız həftə Azərbaycanın böyük bazarlara açılan “qapısı” kimi tanınan qonşumuz Gürcüstanın dövlət başçısının ölkəmizə səfəri ilə yadda qaldı. Müstəqillik illərində Azərbaycanla Gürcüstanın siyasi, iqtisadi və mədəni əlaqələrinin inkişafının strateji səviyyəyə yüksəlməsində enerji faktorunun böyük rolu olub.
Aprelin 16-da Azərbaycan Prezidenti İlham Əliyev gürcüstanlı həmkarı Mixeil Kavelaşvili ilə mətbuat üçün bəyanatında “Mən çox şadam ki, prezident vəzifəsinə seçiləndən sonra Siz ilk rəsmi səfəri Azərbaycana edirsiniz. Biz bunu Azərbaycanda çox yüksək qiymətləndiririk. Bu, bir daha Gürcüstan-Azərbaycan əlaqələrinin mahiyyətini, xalqlarımızın dostluğunu, qardaşlığını göstərir” fikrini aşıqladı.
Prezident İlham Əliyev Azərbaycanın və Gürcüstanın birgə həyata keçirdiyi neft-qaz layihələri, neft-qaz kəmərləri, nəqliyyat, kommunikasiya layihələrinə toxunaraq bunları böyük əhəmiyyət daşıyan layihələr adlandırdı və əlavə etdi ki, “bunlar nəinki Cənubi Qafqazın, o cemlədən Avrasiya regionunun nəqliyyat və enerji xəritəsini yenidən tərtib edən layihələrdir.
Əgər biz bu gün Avropanın enerji təhlükəsizliyi haqqında danışırıqsa, bunu Azərbaycansız, Gürcüstansız təsəvvür etmək mümkün deyil”.
Azərbaycanın dövlət başçısı bildirdi ki, hazırda Gürcüstan daxil olmaqla Azərbaycan 12 ölkəyə təbii qaz ixrac edir və bu ixrac Gürcüstan vasitəsilə həyata keçirilir.
İki ölkə, birləşdirən borular
Azərbaycanla Gürcüstanı birləşdirən ilk enerji layihəsi “Azəri-Çıraq-Günəşli” yataqlarının işlənməsindən qaynaqlanır. Qərb ixrac boru kəmərinin, yəni Bakıdan Qara dəniz sahilindəki Supsa terminalına qədər uzanan infrastrukturun 1999-cu ilin aprelində istismara verilməsi ilə Azərbaycan ilk dəfə özünün neft ixracı kəmərlərini şaxələndirə bildi. Ondan əvvəl “Çıraq” yatağından hasil edilən neftin bazarlara çıxarılması üçün Azərbaycanın xarici tərəfdaşları hələ Sovet dövründə tikilmiş Bakı-Novorossisyk kəmərinin yetərli olacağını düşünürdülər.
Amma 1996-cı ilin 9 oktyabr tarixində Bakıda Azərbaycan Beynəlxalq Əməliyyat Şirkətinin Rəhbər Komitəsinin III iclası keçirilərkən Azərbaycanın o zamankı dövlət başçısı, Ulu Öndər Heydər Əliyevin əzmkarlığı, uzaqgörənliyi və siyasi iradəsi nəticəsində AÇG-dən hasil ediləcək neftin “şimal boru kəməri” ilə yanaşı Qərb istiqamətində - Gürcüstan vasitəsi ilə də dünya bazarlarına çıxarılması haqda qərar qəbul edildi.
Az keçmədi ki, bu qərarın nə qədər doğru, düzgün və həm ölkəmizin, həm də tərəfdaşlarımızın maraqlarına uyğun olması real həyatda özünü göstərdi.
Belə ki, 1999-cu ilin ikinci yarısında Şimali Qafqazda hərbi-siyasi vəziyyətin son dərəcə gərginləşməsi və ardınca Çeçenistanda müharibənin yenidən alovlanlanması ilə Bakı-Qroznı-Novorossisyk kəmərinin işlənməsi faktiki olaraq mümkün olmadı. Amma buna görə “Çıraq”da neft hasilatı bir gün belə dayanmadı, çünki onu bazarlarla bağlayan artıq yeni neft kəməri vardı.
Bunun ardınca rəsmi Bakı Azərbaycanın enerji resurslarının Gürcüstan üzərindən dünya bazarlarına çıxarılması ilə bağlı daha bir neçə çoxmilyardlı infrastruktur layihələri həyata keçirdi. 2006-cı ildə Azərbaycanın Bakı-Tiflis-Ceyhan əsas ixrac neft kəməri istismara verildi, bir qədər sonra isə Bakı-Tiflis-Ərzurum qaz boru xətti işə düşdü. Bundan sonra Genişləndirilmiş Cənub Qafqaz Boru xətti kimi masştablı layihə reallaşdırıldı.
2007-ci ildə Azərbaycanın Xəzərdə yerləşən ən iri qaz yatağı “Şahdəniz” istifadəyə verilən zaman rəsmi Tiflislə Kreml arasında yaşanan gərginlik ona gətirib çıxartdı ki, Rusiyanın “Gazprom” şirkəti Gürcüstana satdığı qazın hər 1000 kubmetrinin qiymətini 180 dollardan 300 dollaradək artırdı. Amma Gürcüstanın maliyyə imkanları yox idi ki, o qiymətə qaz idxal etsin. Belə bir vəziyyətdə Azərbaycan qonşu Gürcüstanı enerji böhranınadan xilas etdi. İndiyədək Gürcüstanın enerji təhlükəsizliyi məhz Azərbaycanın hesabına həllini tapır.
Təbii ki, bunu Tiflisdəki rəsmilər gözəl bilir, özü də hakimiyyətdə və ya müxalifətdə olmalarından asılı olmayaraq. Bu baxımdan Gürcüstan Prezidenti Mixeil Kavelaşvili cənab İlham Əliyevlə görüşü zamanı “Mən qəti əminəm ki, zamanın sınağından çıxmış yüksək səviyyəli strateji və mehriban qonşuluq münasibətləri daha da möhkəmlənəcək, Gürcüstanın və Azərbaycanın milli maraqlarının həyata keçirilməsində yeni müstəviyə keçəcək” bəyanatını səsləndirdi.
Stabil qaz hasilatı
İndi isə Azərbaycanın enerji sektorunda hazırkı vəziyyətə nəzər yetirək. Çünki artıq I rübün yekunlarına dair əsas məlumatlar ictimailəşdirilib. Başlayaq ürəkaçan qaz sektorundan.
Beləliklə, Dövlət Statistika Komitəsinin hesabatına görə, 2025-ci ilin yanvar-mart aylarında Azərbaycanda 12 mlrd 458,5 mln kubmetr qaz hasil edilib. Ötən ilin eyni dövrü ilə müqayisədə hasilat 0,9% azalıb, baxmayaraq ki, əmtəəlik qaz hasilatında 1,1% artım qeydə alınıb.
Energetika nazirliyinin açıqlamasından isə bəlli olur ki, hasil edilən qazı kimlər çıxarıb və 2024-cü ilin eyni dövrü ilə müqayisəli statistikasına baxsaq müəyyənləşdirə bilərik ki, hasilatın azalması yalnız “Şahdəniz” yatağında baş verib. Bunun səbəbi də məlumdur, cari ilin yanvarında Alfa platformasında qazın sahilə nəqlində yaranmasına görə, istehsalı dayandırmaq lazım gəlmişdi. Yəni ümumən qaz hasilatında vəziyyət stabildir.
“Şahdəniz”dən yerli bazara gələn qaz
Burada “Şahdəniz” yatağı ilə bağlı maraq doğuracaq bir məlumatı da bölüşmək istərdim. Belə ki, 2006-cı ilin 15 dekabrından bu ilin 1 aprelinədək “Şahdəniz” yatağından 243,6 mlrd kubmetr təbii qaz hasil edilib. Həmin qazın isə 174,8 mlrd kubmetri ixraca yönəldilib. Bəs yerdə qalanı nə olub? Əlbətt də yerli bazarın ehtiyacları üçün istifadə edilib. Bu isə edir 68,8 mlrd kubmetr. Yəni ortalama ilə 4 mlrd kubmetrə yaxın mavi yanacaq düşür.
Azalan neftin gün-güzəranı
Neft məsələsində isə vəziyyət qəliz olmaqda davam edir. Onun qəlizliyi isə ondan qaynaqlanır ki, hasilatın azalma tempi hələ də yüksək olaraq qalır. Dövlət Statistika Komitəsinin məlumatına görə, cari ilin I rübündə ölkədə 6,86 mln ton neft hasil edilib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 5,5% azalma deməkdir. Həcmlə baxsaq, azalma 400 min tona yaxın olub.
Azərbaycan hökuməti isə cari ilin dövlət büdcəsi 2024-cü ilin noyabrında Milli Məclisdə müzakirə edilərkən proqnozlaşdırmışdı ki, bu il 28,7 mln ton neft hasil edilməlidir. Birinci rübdə əldə edilən nəticəni sadəcə 4-ə vursaq, onda ən yaxşı halda 27,5 mln tona ümid edə bilərik. Bu isə 2024-cü ilin faktiki hasilat göstəricisindən bilirsiniz nə qədər azalma demək olar – 1,6 mln ton.
Yenə müraciət edək Energetika nazirliyinin rüblük statistikasına və görək bu qədər azalma nəyin hesabınadır? Ötən ilin yanvar-mart göstəriciləri ilə indiki vəziyyəti müqayisə etdikdə görmək olur ki, hasilat yalnız “Abşeron” yatağında stabil qalıb – 140 min ton kondensat hasil edilib. Bütün digər iri iştirakçılar üzrə hasilatın azalması qeydə alınıb. “Şahdəniz” (kondensat hasilatı) və SOCAR üzrə hasilatın azalması hərəyə 100 min ton təşkil edibsə, “Azəri-Çıraq-Günəşli” yatağı üzrə hasilat 200 min ton azalıb.
Qeyd edim ki, 2024-cü ilin nəticələrinə görə, AÇG-də gündəlik orta hasilat 342 min barel olmuşdu və 2023-cü illə müqayisədə azalma 5,79% səviyyəsində idi. Cari ilin birinci rübündə isə hasilatın azalma tempi 4,76% təşkil edib. Azəri-Mərkəzi-Şərqi platformasının fəaliyyəti istənilən halda müsbət rolunu oynayır. Amma AÇG təkbaşına ölkə üzrə neft hasilatının azalma tempini saxlamaq gücündə deyil.
Hökumətin neftə dair proqnozları
Bu yöndə real nəticə yeni yataqların istismara verilməsi ilə əldə edilə bilər. Elə buna yola saldığımız həftə Maliyyə nazirliyinin açıqladığı “2026-2029-cu illər üzrə Ortamüddətli Büdcə Çərçivəsi” hesabatında da rast gəlirik. İqtisadiyyat Nazirliyinin təqdim etdiyi məlumatlar əsasında 2029-cu ildə Azərbaycan iqtisadiyyatında neft-qaz sektorunun payının 20,6 faizə qədər azalacağı proqnozlaşdırılır və qeyd olunur ki, 2029-cu ildə neft və qaz hasilatının artacağı proqnoz edilir.
Yəni bu sənədin açması ona dəlalət edir ki, ortamüddətli perspektiv üçün ümumən neft-qaz sektorundan əldə ediləcək gəlirlər azalmaya meyllidir. Qaz hasilatının artımı qeyd edilsə də, amma neftdə yalnız bunun 2029-cu ildə artımına ümid bəslənildiyi bildirilir. Özü də bu o deməkdir ki, yəni 2029-cu ildə neft hasilatında qeydə alınan nəticə özündən əvvəlki ili üstələyəcək.
Bəs hökumət nəyə görə ümid edir ki, 2029-cu ildə maye karbohidrogen hasilatında artım ola bilər?
Bunun üzərində fikirləşərkən o qənaətə gəlirəm ki, hasilatla bağlı yeni layihələrin o zamana qədər reallaşması güman edilir. Bəs hansılardır o layihələr? İlk olaraq “Qarabağ” yatağının üzərində dayanmaq gərəkdir.
Norveçin “Equinor” şirkəti layihəni yarımçıq tərk etdikdən sonra hazırda SOCAR onun işlənməsi üzrə bp şirkəti ilə anlaşmağa yaxındır. Yeni platformanın tikilməsi, sualtı infrastrukturun AÇG ilə birləşdirilməsi təqribən 4 ilə yaxın zaman tələb edəcək. İkincisi, “Abşeron” yatağının növbəti mərhələsinin işlənməsi üzrə razılıq da bu ilin sonuna qədər həyata keçməlidir. Nəticədə indi hasil edilən illik 500 min tondan təqribən 3 dəfə çox kondensat əldə etməyə ümid var. Bu layihələr hasilatı hazırkı onliyin sonunda həqiqətən əvvəlki illərlə müqayisədə artırmaq potensialındadır.
Necə deyərlər, neft erası bizim üçün bitməyəcək, sadəcə onun gətirdiyi gəlirin miqyası xeyli zəifləyəcək. Ona görə də neft və qazdan kənar iqtisadiyyata keçidin sürəti artırılmalıdır.
Bizim.Media