“Oğru elə bağırdı ki, doğrunun bağrı yarıldı”.
Hazırda rastlaşdığımız mənzərə qismən də olsa, bu məsələ uyğun gəlir. Oğrular bağırır, amma doğrunun bağrı yarılmır. Söhbət erməni revanşistləri və onların xaricdəki sponsorları – erməni lobbisinin son günlər qaldırdığı hay-küydən gedir.
Onlar iddia edirlər ki, guya Azərbaycan Xankəndidə “mədəni soyqırımı” ilə məşğuldur. Bəhanə də ondan ibarətdir ki, “Surb Akob” kilsəsi sökülür.
Məsələnin mənəvi tərəfindən kitab yazmaq olar
Hər birimiz, beynəlxalq təşkilatlar, indi hay-küy salan ermənilərin özləri də işğal dövründə Qarabağda törətdilən mədəni soyqırımı yaxşı bilir. Bu gün “tarixi abidə dağıdılır” deyib əl-ayağa düşənlər 30 ildən az müddətdə Qarabağda 400-dən çox tarixi müsəlman abidəsini məhv ediblər. Tamamilə yerlə-yeksan etmədikləri məscidlərdə isə donuz saxlayaraq açıq şəkildə dini inancları təhqir ediblər.
Bundan əlavə, yüzlərlə illik tarixi olan alban kilsələrinə qarşı da vandalizm aktları törədib, onları da öz adlarına çıxmağa çalışıblar. Elə təəssürat yaratmaq istəyiblər ki, guya alban kilsələri ermənilərin “tarixi abidələri” olub. Bununla da ermənilərin Qarabağda yüz illərdir yaşayan yerli xalq olduğunu sübut etməyə çalışıblar.
Ermənilərin “tarixi abidə”sindən söz düşmüşkən...
Revanşistlər tərəfindən “ermənilərin tarixi izi” kimi təqdim olunan “Surb Akob” kilsəsinin heç 20 yaşı belə yoxdur. Bu kilsə cəmi 19 il əvvəl – 2007-ci ildə ABŞ-da yaşayan Nerses Epremyanın sponsorluğu ilə inşa olunub.
Kilsənin adı ilə bağlı iki əsas versiya var. Bir versiyaya görə Epremyan kilsəyə oğlu Akopun adını verib. Digər bir versiya isə ondan ibarətdir ki, Epremyanın Akop adlı qardaşı Qarabağın işğalında iştirak edərkən döyüş əməliyyatları zamanı həlak olub. Nerses də qardaşının “xatirəsi”ni əbədiləşdirmək üçün “kisənin ağzını açıb”, “Surb Akob” kilsəsini tikdirib.
Yəni, ermənilərin iddia etdiyi kimi, “Surb Akob” kilsəsinin tarixlə yaxından-uzaqdan əlaqəsi yoxdur. Bu kilsə ermənilərin işğal dövründə qanunsuz şəkildə inşa etdiyi tikililərdən yalnız biridir.
Qanunsuzluğun hüquqi izahı
İşğal dövründə, işğalçı tərəfin inşa etdirdiyi tikililərlə bağlı beynəlxalq hüquqda açıq müddəalar mövcuddur. Bu müddələr ilk növbədə, Cenevrə və Haaqa konvensiyalarında öz əksini tapıb.
Belə ki, IV Cenevrə Konvensiyasının 49-cu maddəsinə əsasən, işğalçının öz vətəndaşlarını işğal olunmuş ərazilərə köçürməsi və orada qalıcı tikililər inşa etməsi qadağandır. Ermənilər bu müddəanın hər iki şərtini açıq şəkildə pozublar.
Beynəlxalq Ədalət Məhkəməsinin 2024-cü ildə İsrail-Fələstin münaqişəsi ilə bağlı verdiyi qərarda da bu məsələ öz əkisini tapıb. Qərarda bildirilib ki, işğalçı tərəf tikililəri söküb, köçkünləri evakuasiya etməlidir.
“Surb Akop”un inşası Haaqa Konvensiyasının tələblərinə də açıq şəkildə zidd olub. Konvensiyanın 43-cü maddəsinə əsasən, işğal müvəqqətidir və işğalçı işğal etdiyi ərazilərdə suverenlik qazanmır. Konvensiyanın 56-cı maddəsində isə qeyd olunub ki, işğal olunmuş ərazilərdə mədəni irsin qorunması qanunsuz tikililərə şamil edilmir.
Daha bir nümunə: BMT Təhlükəsizlik Şurasının bir sıra qətnamələrində də işğal olunmuş ərazilərdəki tikililərin statusu ilə bağlı məqamlar öz əksini tapıb. Məsələn, BMT TŞ-nin 465 saylı qətnaməsində açıq şəkildə qeyd olunub:
İşğal olunmuş ərazilərdə inşa edilmiş qanunsuz tikililər sökülməlidir.
Beynəlxalq hüququn tələbləri göz önündədir. Bu tələbləri “Surb Akob”a tətbiq etdikdə isə görürük ki, kilsə işğal dövründə qanunsuz olaraq inşa edilib. Üstəlik, onun tarixi abidə kimi təqdim olunması bölgənin tarixi, orijinal mədəni kontekstini pozur. Buna görə də, “Surb Akob” kilsəsi mədəni assimilyasiya nümunəsidir və sökülməsi qanunidir.
Onu da qeyd edək ki, Beynəlxalq Ədalət Məhkəməsinin (ICJ) 2024-cü ildəki qərarı məcburi qaydalara daxildir. Yəni işğalçı tərəf – Ermənistan işğal dövründə inşa olunan tikililəri, o cümlədən “Surb Akob”u sökməli idi.
Beynəlxalq hüquqda həmçinin "restitutio in integrum" (əvvəlki vəziyyətin bərpası) prinsipi də öz əksini tapıb. Bu prinsipə əsasən, “Surb Akob”un sökülməsi reparasiyanın bir hissəsi kimi qəbul edilir.
Bir sözlə, həm BMT, həm də Beynəlxalq Ədalət Məhməsi tərəfindən bu cür tikililərin sökülməsi öhdəliyi mövcuddur.
Hüquq, reallıq və ikili standartlar
Bütün sadalanan faktlar və hüquqi arqumentlər bir daha göstərir ki, işğal dövründə inşa edilən tikililər – onların dini və ya mülki xarakter daşımasından asılı olmayaraq – beynəlxalq hüquq baxımından qanunsuz sayılır. Bu cür obyektlər Azərbaycanın suveren iradəsi olmadan və işğalın müvəqqəti xarakterinə zidd şəkildə qurulduğu üçün mədəni irs kateqoriyasına daxil edilə bilməz. Əksinə, onlar beynəlxalq hüquqda “fait accompli” – yəni faktiki vəziyyət yaratmaq yolu ilə ərazi iddiasını möhkəmləndirmə cəhdi kimi qiymətləndirilir.
Digər tərəfdən, “Surb Akob”u misal göstərib, Azərbaycanı dini dəyərlərə qarşı çıxmaqda ittiham etmək tamamilə absurddur. Çünki Azərbaycan bütün dünyada özünəməxsus, unikal multikulturalizm ənənələri ilə tanınır. Azərbaycan müxtəlif dinlərin və mədəniyyətlərin yanaşı yaşadığı məkan kimi xristian, yəhudi və müsəlman irsini paralel şəkildə qoruyur. Digər tərəfdən, Bakının mərkəzində yerləşən erməni kilsəsi də illərdir qorunub saxlanılır.
Yəni, “Surb Akob” ətrafında qaldırılan hay-küy hüquqi əsaslardan məhrum olmaqla yanaşı, həm də tarixi həqiqətləri ört-basdır etməyə yönəlmiş növbəti cəhddir. Hüquq isə emosiyalara deyil, faktlara və prinsiplərə əsaslanır. Bu prinsiplər isə açıq şəkildə Azərbaycanın mövqeyini təsdiqləyir.
Bizim.Media-nın analitik qrupu




































































































