Böyük Britaniya kralı III Çarlz ayın sonunda ABŞ-a edəcəyi dövlət səfəri çərçivəsində Konqresin birgə iclasında çıxış edəcək və Prezident Donald Trampla təkbətək görüş keçirəcək.
Bizim.Media xəbər verir ki, bu barədə CNN Bukingem sarayına istinadən məlumat yayıb. Səfərin 27-30 aprel tarixlərində baş tutacağı bildirilir. Marşruta Vaşinqton, Nyu-York və Virciniya daxildir. Bu barədə Reuters, People və digər mənbələr də yazıb.
Məlumata görə, səfər ABŞ müstəqilliyinin 250 illiyi ilə əlaqələndirilir. Proqramda Ağ Evdə rəsmi qarşılanma mərasimi, dövlət ziyafəti, Trampla şəxsi görüş, eləcə də Konqresdə çıxış nəzərdə tutulur. Reuters-in yazdığına görə, III Çarlz ABŞ Konqresində çıxış edən ikinci Britaniya monarxı olacaq. Ondan əvvəl bu addımı 1991-ci ildə Kraliça II Elizabet atmışdı.
Mediada qeyd olunur ki, səfər ABŞ-Britaniya münasibətlərində gərgin məqamda baş tutur. Son həftələrdə Donald Trampın Böyük Britaniya hökumətinin bəzi xarici siyasət addımlarını, xüsusilə İran ətrafındakı vəziyyət fonunda, açıq şəkildə tənqid etməsi fonunda kralın diplomatik missiyası “yumşaq güc” aləti kimi qiymətləndirilir.
Reuters bu səfərin həm yubiley xarakteri daşıdığını, həm də iki ölkə arasında “ən yaxın dostluq münasibətlərini” bərpa etmək məqsədi güddüyünü yazır.
Beləliklə, III Çarlzın ABŞ səfəri təkcə protokol hadisəsi deyil, həm də Vaşinqtonla London arasında son vaxtlar yaranmış siyasi soyuqluğu yumşaltmağa yönəlmiş yüksək səviyyəli diplomatik addım kimi dəyərləndirilir.
Bizim.Media










































































































