"ASAN xidmət" Birləşmiş Millətlər Təşkilatının (BMT) İqtisadi və Sosial Şuranın Dövlət İdarəçiliyi üzrə Ekspertlər Komitəsinin (CEPA) 25-ci sessiyasında müzakirəyə çıxarılıb.
Bu barədə Bizim.Media-ya Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyindən məlumat verilib.
Bildirilib ki, aprelin 13-17-də Agentliyin nümayəndə heyətinin ABŞ-yə səfəri çərçivəsində "Dayanıqlı İnkişaf Məqsədlərinə nail olmaq naminə dövlət xidmətlərinin göstərilməsində mükəmməllik" mövzusunda baş tutan tədbirdə əsas məqsəd "ASAN xidmət"də tətbiq olunan innovativ həllər, "ASAN xidmət indeksi" qiymətləndirmə sistemi barədə məlumatın verilməsi, həmçinin BMT-yə üzv dövlətlərin nümayəndələri tərəfindən dövlət xidmətləri sahəsində həyata keçirilən təşəbbüslər barədə təcrübə mübadiləsinin həyata keçirilməsi olub.
Azərbaycanın BMT yanında daimi nümayəndəsi Tofiq Musayev dövlət xidmətlərinin göstərilməsi və Dayanıqlı İnkişaf Məqsədlərinə nail olunmasında "ASAN xidmət" modelinin xüsusi əhəmiyyətini qeyd edib. "ASAN xidmət" təcrübəsinin 2015-ci ildə BMT-nin Dövlət Xidmətləri Mükafatına layiq görüldüyü və BMT İnsan Hüquqları Şurasının 61-ci sessiyası çərçivəsində Azərbaycanın təşəbbüsü ilə "Dövlət xidmətlərinin şəffaf, məsuliyyətli və səmərəli çatdırılması vasitəsilə insan hüquqlarının və Dayanıqlı İnkişaf Məqsədlərinin təşviqi" adlı qətnamənin qəbul edildiyi tədbir iştirakçılarının diqqətinə çatdırılıb.
BMT Baş katibinin iqtisadi və sosial məsələlər üzrə müavini Li Junhua tədbir iştirakçılarına ünvanladığı müraciətində "ASAN xidmət" modelinin dövlət xidmətlərinin keyfiyyətinin artırılmasında nümunəvi təcrübə olduğunu vurğulayıb. Eləcə də, o, Töhfə Sazişinin icrası çərçivəsində həyata keçirilən layihələri yüksək qiymətləndirib və az inkişaf etmiş, dənizə çıxışı olmayan inkişaf etməkdə olan və inkişaf etməkdə olan kiçik ada dövlətlərinin müvafiq istiqamətlər üzrə potensialının artırılmasında verilən töhfəyə və göstərilən dəstəyə görə Azərbaycana təşəkkürünü bildirib.
Dövlət Agentliyinin Beynəlxalq əlaqələr şöbəsinin müdiri Məhəmmədəli Xudaverdiyev "ASAN xidmət indeksi" qiymətləndirmə mexanizminin şəffaflığın, səmərəliliyin və vətəndaş məmnuniyyətinin yüksəldilməsinə mühüm töhfə verdiyini qeyd edib. Bununla yanaşı, müvafiq mexanizmin BMT-yə üzv digər dövlətlərdə də tətbiqi istiqamətində əməkdaşlığa hazır olunduğunu diqqətə çatdırıb.




Bizim.Media




































































































