Dünyaşöhrətli müğənni Şakiranın noyabrın 28-də Giza piramidalarının yaxınlığında keçirilməsi planlaşdırılan konserti Misirə tur qiymətlərinin nəzərəçarpacaq dərəcədə artmasına səbəb olub.
Bizim.Media xəbər verir ki, ən ciddi bahalaşma gələcək konsert məkanının yaxınlığında yerləşən Qahirə otellərində qeydə alınıb.
Məsələn, konsert günü uçuşla iki nəfər üçün “Marriott Mena House” otelində bir həftəlik istirahətin qiyməti hazırda təxminən 10,8 min dollar təşkil edir. Noyabrın ortalarında eyni variantı təxminən 6,9 min dollara tapmaq mümkündür. Bu isə qiymətin təxminən 57 faiz artması deməkdir.
Qahirənin digər otellərində qiymət fərqi o qədər də böyük deyil. Konsert günlərinə bəzi otellərdə qiymətlər yaxın tarixlərdəki yerləşmə ilə müqayisədə 8-10 faiz yüksəkdir.
Noyabr ayı üçün Şarm əl-Şeyx və Hurqadaya turların qiymətlərində də artım qeydə alınıb. Bu istiqamətlər üzrə bahalaşma orta hesabla 190-375 dollar təşkil edir.
Şakiranın Misirdə təxminən 20 ildən sonra ilk dəfə konsert verməsi planlaşdırılır. Əvvəlcə konsertin apreldə keçirilməsi nəzərdə tutulsa da, tədbir noyabrın 28-nə təxirə salınıb.
Bununla belə, konsertin piramidaların yaxınlığında keçirilib-keçirilməyəcəyi hələlik dəqiq deyil. Misirşünaslar arxeoloji ərazidə kütləvi tədbirlərin keçirilməsinin qadağan olunması tələbi ilə məhkəməyə müraciət ediblər.
Onların fikrincə, konsertlər zamanı yaranan vibrasiyalar, lazerlər, səhnələr və müvəqqəti konstruksiyalar qədim tikililərə mənfi təsir göstərə bilər.
Bizim.Media






























































































