WTA reytinqinin dünya üzrə bir nömrəsi olan Arina Sabalenko nüfuzlu Time jurnalının çəkilişi zamanı lentə alınan görüntüləri sosial şəbəkədə paylaşıb.
Bizim.Media xəbər verir ki, belaruslu tennisçi jurnalın sentyabr sayının üz qabığını bəzəyib.
Çəkilişlər tennisçinin evinin yaxınlığında, Cənubi Floridada yerləşən bir iqamətgahda baş tutub. 28 yaşlı, “Böyük dəbilqə” turnirlərinin dördqat qalibi fotosessiyada Gucci markasının qara çimərlik geyimində, gün eynəyində və alçaq dabanlı ayaqqabıda kamera qarşısına keçib.
Sabalenko jurnal üçün müsahibəsində peşəkar tennis karyerası ilə kortdan kənardakı şəxsi həyatı arasında tarazlığı necə qoruduğundan danışıb.
“Mən istəyirəm ki, məni kortda mübariz biri, kortdan kənarda isə əyləncəli və pozitiv insan kimi xatırlasınlar. Düşünürəm ki, uşaqlar üçün balansı qorumağı bacarmağın nə qədər vacib olduğunu anlamaq lazımdır. Yalnız arzularınıza 100 faiz fokuslana bilməzsiniz. Bir gün bu, sizi məhv edə bilər”, - deyə tennisçi bildirib.
İdmançı Uimbldondan sonra Yunanıstanda keçirdiyi son tətili də xatırlayıb. Sabalenko həmin günlərdə tennis haqqında düşüncələrdən tamamilə uzaqlaşmaq üçün dincəldiyini, rəqs etdiyini və Egey dənizində üzdüyünü bildirib.
Hazırda Sabalenko ayın sonunda Nyu-Yorkda başlayacaq US Open turnirində ardıcıl üçüncü qələbəsini qazanmağı hədəfləyir.
Əgər belaruslu tennisçi buna nail olsa, 12 il əvvəl Serena Uilyamsdan sonra ABŞ Açıq çempionatında ardıcıl üç titul qazanan ilk tennisçi olacaq. O, həmçinin müasir tennis tarixində bu uğura imza atan üçüncü qadın tennisçi kimi tarixə düşə bilər.
“Bu, tarixdir. İrəlilədikcə iştah daha da artır”, - deyə Sabalenko bildirib.


Bizim.Media































































































