Uels şahzadəsi Uilyam və xanımı Keyt Middlton pop ulduz Teylor Svift və reqbi oyunçusu Trevis Kelsinin gözlənilən toy məclisinin ulduz qonaqları arasında yer almayacaqlar.
Bizim.Media xəbər verir ki, bu barədə "PEOPLE" jurnalı məlumat yayıb. Bu xəbərlə son həftələrdə mətbuatda aktiv şəkildə müzakirə olunan çoxsaylı şayiələrə son qoyulub.
Sözügedən şayiələrin yaranmasına səbəb isə Şahzadə Uilyamın bir müddət əvvəl toya dəvətnamə gözlədiyinə dair etdiyi zarafat olub.
Belə ki, may ayında "Heart Breakfast" proqramının efirində aparıcı Amanda Holden şahzadədən Svift və Kelsinin toyuna dəvət alıb-almadığını soruşub. Uilyam gülümsəyərək "Şərh yoxdur" cavabını verib. Daha sonra isə o, "Ümid edirəm ki, dəvətnamə olacaq. Əminəm ki, gələr, amma baxarıq" sözlərini əlavə edərək kral cütlüyünün ilin ən çox gözlənilən toyuna qatıla biləcəyi ehtimallarını gücləndirib.
Şou zamanı Şahzadə Uilyam övladları — 11 yaşlı şahzadə Şarlotta və 8 yaşlı şahzadə Luinin də Teylor Sviftin böyük pərəstişkarı olduqlarını bildirib. Atasının sözlərinə görə, xüsusilə Şarlotta müğənninin yaradıcılığının "aludəçisidir".
Kral cütlüyünün toyda iştirak etməyəcəyinə baxmayaraq, gələcək Britaniya kralı ilə dünya şöhrətli pop ulduzunun dostluq münasibətlərinin 10 ildən çox tarixi var.
Uilyam və Teylor Svift ilk dəfə 2013-cü ildə Kensinqton sarayında keçirilən "Centrepoint Winter Whites Gala" xeyriyyə gecəsində görüşüblər.
Həmin tədbirdə onlar Con Bon Covi ilə birlikdə gözlənilmədən səhnəyə çıxaraq "Livin' on a Prayer" mahnısını ifa ediblər.
Bizim.Media































































































