Sosial şəbəkə hesablarında hər zaman qüsursuz və gənc görünmək üçün mübarizə aparan Madonna bu dəfə gözlənilməz addım atıb. Pop kraliçasının pərəstişkarları əfsanəvi müğənninin onlarla rəng korreksiyası, filtr və neyroşəbəkə maskaları olmadan, real həyatda necə göründüyünü izləmək imkanı əldə ediblər.
Bizim.Media xarici KİV-ə istinadən xəbər verir ki, müğənni yeni musiqi layihəsinin genişmiqyaslı promo-kampaniyası çərçivəsində məşhur britaniyalı bloqer Gimskinin "Kick" platformasındakı canlı yayımına qonaq olub.
Gözlənildiyi kimi, müğənni real yaşından əhəmiyyətli dərəcədə gənc görünür. Lakin yayımı izləyənlərin diqqətindən qaçmayıb ki, onun real həyatdakı dərisi və üz cizgiləri "Instagram"da milyonlarla izləyicisinə təqdim etdiyi ideal və hamar görünüşdən xeyli fərqlənir.
Otaqda süni gözəllik yaradan yeganə vasitə yalnız kölgələri bir qədər yumşaldan parlaq dairəvi lampa (ring light) olub.
"Həqiqi" Madonnanın efirdə görünməsi sosial şəbəkələrdə böyük rezonans doğursa da, bu dalğa qısa zamanda sənətçiyə qarşı güclü dəstəyə çevrilib. Pərəstişkarlarının əksəriyyəti ulduzu nəhayət ki, süni maskalardan imtina etdiyinə və yaşla bağlı təbii dəyişiklikləri qəbul etdiyinə görə alqışlayıb. Sosial şəbəkələrdə bu mövzuda geniş müzakirələr başlayıb:
"Madonnanı filtrlərsiz görmək mənə dəhşətli dərəcədə xoş təsir bağışladı. Bəli, o, öz yaşında görünür, amma əla görünür! Bunun əksini iddia edənlər zəhmət olmasa digər 67 yaşlı qadınların şəkillərinə baxıb müqayisə etsinlər".
"İnsanların niyə şoka düşdüyünü anlamıram. Allaha eşqinə, 70 yaşına az qalmış bir qadın üçün o, sadəcə möhtəşəm görünür!"
"Bu yayımda maska tələb etmədiyi üçün ona heyran qaldım. Axmaq filtrlər olmadan o, qat-qat yaxşıdır".
Buna baxmayaraq, tənqidçilər də öz fikirlərini bildirməkdən çəkinməyiblər. Bəzi istifadəçilər dünya ulduzunu plastik əməliyyatlara həddindən artıq aludə olmaqda və bununla da öz fərdiliyini itirməkdə günahlandırıblar. Şərhlərdən birində kinayə ilə qeyd olunub: "Niyə o, sadəcə ləyaqətlə qocalmağı seçmədi? Mən artıq Madonnanın tədricən Fey Danauaya (Faye Dunaway) çevrildiyini görməyə başlayıram".

Bizim.Media






























































































