Aktyor-rejissor Taleh Yüzbəyov övladlarının autizm sindromu ilə bağlı paylaşım edib.
Bizim.Media xəbər verir ki, sənətçi xanımının autizmlə bağlı tədbirdəki çıxışı haqda bunları bildirib:
“Bir valideyn kimi əvvəl bunu qəbul etmək çətindir. İstəyirsən, övladın hamı kimi olsun. Amma zamanla başa düşürsən ki, onlar biz qoyduğumuz qaydalara deyil, biz onların qoyduğu qaydalara tabe olmalıyıq. Onları da fərqli eləyən şey budur, onların dünyaya öz baxışları var.
Xatirə güclü qadındır. Qəbullana bildiyi, bu haqda danışmağa başladığı və fərqindəlik yaratmaq istədiyi üçün güclüdür. Mən çəkilişdə və işdə olanda bütün yük onun üzərində olur. Uşaqların üstündə onun əziyyəti məndən daha çoxdur. Mən bu haqda heç vaxt danışmamışam. Bu haqda necə danışmaq lazım olduğunu bilmədiyimə görə danışmamışam. Xatirə bunu bacardı. Ona görə də güclüdür.
Dünəndən bizə xeyli sayda dəstək mesajları gəlir. Bəzi şirkət və qurumlar autizmlə bağlı tədbirlərə də dəvət edirlər.
Buna görə sizə təşəkkür edirəm. Bilirəm bunu siz də fərqindəlik yaratmaq üçün edirsiniz. Amma biz buna emosional olaraq tam hazır deyilik. Bu haqda danışmaq güc və böyük məsuliyyət istəyir. Biz də əlimizdən gələni bacardığımız kimi edəcəyik. Xahiş edirəm, bunu anlayışla qəbul edəsiniz.
İnsanların autizm spektoru olan uşaqlara və valideynlərinə çox vaxt yazığı gəlir. Bu çox insani hissdir. Bəzən insanlar autist uşaqların səsindən və hərəkətlərindən narahat olub, narazılıq da edirlər. Onları da başa düşmək olar. Elə bilirlər ki, uşaqlar sadəcə nadinclik edirlər. Bu istiqamətdə maariflənmə olsa əminəm onlar da anlayışla qarşılayarlar.
Əsas da budur. Anlamaq və qəbul etmək. Valideynləri kimi cəmiyyət də o xüsusi uşaqları anlasa və qəbul etsə, ictimaiyyət həmin uşaqlar üçün daha təhlükəsiz və doğma yerə çevrilər. O uşaqların hamımız tərəfindən olduqları kimi qəbul olunmağa ehtiyacı var.
Hörmətlər və sevgilər”.
Qeyd edək ki, Talehin hər iki övladı da autizm sindromu ilə dünyaya gəlib.
Sara, Bizim.Media





































































































