Aktrisa Nərgiz:

Aktrisa Nərgiz: "Moda evini açmaq üçün bankdan kredit götürmüşəm" - MÜSAHİBƏ

Hazırda oxunan: Aktrisa Nərgiz: "Moda evini açmaq üçün bankdan kredit götürmüşəm" - MÜSAHİBƏ

134929

Açdığı moda evinə görə həm mediadan, həm də ekranlardan uzaqlaşan aktrisa Nərgiz Əliyeva

Bizim.Media-ya müsahibə verib.

Həmin müsahibəni sizə təqdim edirik:

⁃ Həm aktrisalıq fəaliyyətinizdə, həm də biznes sahəsində işləriniz necə gedir?

⁃ Heç bir seriala çəkilmirəm. Səbəb odur ki, açdığım "Jasmin" moda evi ilə əlaqədər çox yüklənmişəm. Demək olar ki, boş zamanım yoxdur. Özünüz də bilirsiniz ki, seriala çəkilmək çox vaxt aparır. Buna görə də serial təkliflərindən uzaq qaçıram. Yalnız filmlərə çəkilmək istəyirəm.

⁃ Filmlərə də çox az çəkilirsiz. Səbəb zəif ssenaridir, yoxsa təklif olunan rolun ürəyinizcə olmamasıdır?

⁃ Heç zaman rolun baş və ya ikinci dərəcəli olmasına baxmıram. Əgər təklif olunan ssenaridə baş rol, yox ikinci dərəcəli roldursa və canlandırdığım obraz mənim xoşuma gələcəksə "Hə" cavabını verib, çəkiləcəyəm. Amma son zamanlar gələn film təkliflərinin 100 faizindən cəmisi 2 faizi məni cəlb edib. İndi film çəkən yoxdur.

⁃ Aktyorlar istər çalışdıqları teatrlarda, istərsə də çəkildikləri film və seriallardan onları qanə edəcək dərəcədə pul almadıqlarına görə şikayətlənirlər. Həqiqətənmi, bu sahədə pul yoxdur? 

⁃ Mən müqaviləsiz heç bir serial və filmə çəkilmirəm. Rejissorlar da bilirlər ki, hansı büdcəyə Nərgiz film və ya seriala çəkilir. Amma əgər ssenarini bəyənirəmsə, pul söhbətini etmirəm. Pandemiyadan əvvəl çəkilişlər çox olurdu, amma sonra və indi çəkilişlərin sayı yox dərəcəsindədir. Pandemiya film sahəsinə çox zərbə vurdu. Əslində belə olmağının da müsbət tərəfləri var. Bir var, gündə film çəkib kəmiyyətə işləyəsən, bir də var ki, ildə bir dənə film çəkəsən və keyfiyyətə üstünlük verəsən. 


⁃ Azərbaycan tamaşaçısı sizi ilk, yerli "Xənnas" qorxu filmində canlandırdığınız Ülkər adlı "cin" rolu ilə daha da tanıdı. Bu obrazı canlandırmaq çətin olmadı?

⁃ Hər zaman deyirəm ki, "Xənnas" bu sənətdə mənim pasportumdur. Baxmayaraq ki, bu filmdən daha əvvəl mən bir sıra seriallara çəkilmişdim. Lakin bu ekran əsəri ilk çəkildiyim tammetrajlı film oldu. Baş rol, Azərbaycanın ilk qorxu filmi və s. Baxmayaraq ki, bu ekran işi 2017-ci ildə çəkilib, lakin oradakı keyfiyyət indi lentə alınan filmlərlə müqayisədə çox yüksək idi. İndiki filmlərin keyfiyyəti çox aşağıdır. Keyfiyyətli iş görəndə onun bəhrəsini də görürsən. Məhz buna görə "Xənnas" ikinci dəfədir ki, "vizyon"a daxil olub. Bir sözlə, bu film hələ də azərbaycanlı tamaşaçı üçün maraqlı və eyni zamanda aktualdır. 2017-ci ildə çəkilən Nərgiz balaca bir qız idi. Hansı ki, heç film təcrübəsi belə yox idi. Ondan sonra aktrisalıqla bağlı Türkiyədə təhsil aldım. 

⁃ Türkiyədən söz düşmüşkən, qardaş ölkədən filmlərə çəkilmək təklifləri alırsınız?

⁃ Türkiyədə serial və filmlərə çəkilmək üçün gərək müəyyən vaxt orada yaşayasan. Mən isə hazırda ora gedib yaşaya bilmərəm. Amma Türkiyəyə köçmək kimi planlarım var. Bəlkə də tez bir zamanda oldu. Qızım Jasminin təhsili ilə bağlıdır. Hazırda bununla bağlı qızımın "başını yeyirəm". O, gedib Türkiyədə təhsil alsa, mən də aktrisalıq fəaliyyətimi orada davam etdirəcəyəm. Hələki gəncəm, cavanam, gözələm, düşünürəm ki, hər şey yaxşı olacaq. 


⁃ Nərgiz hansı rola heç zaman çəkilməz? 

⁃ Yenə də "18+" söhbəti (gülür). 

⁃ Jasmin hansı peşəyə yiyələnmək istəyir? 

⁃ Hazırda övladımın 13 yaşı var, yeddinci sinifdə təhsil alır. Peşə ilə bağlı hələ də seçim etməyib və gündə bir qərara gəlir. Bununla bağlı heç bir planımız belə yoxdur. Peşə seçimi ilə bağlı hələ bir neçə ilimiz var, düşünək görək nə olacaq.

⁃ İşdir-şayət Jasmin müğənni və ya aktrisa olmaq istəsə, onu bu istəyindən geri çevirəcəksiniz, yoxsa dəstək olacaqsınız? 

⁃ Mümkün deyil, yox. O, bu sahədə olmaq istəməz. Kiçik yaşlarında aktrisa olmaq kimi həvəsi vardı. İndi isə yoxdur. Jasmin yaxşı aparıcı ola bilər. Gözəl nitq qabiliyyəti var. Səs temberi və danışığı gözəldir. Bir sözlə, Jasmin yaxşı jurnalist ola bilər. Qızımı başqa sahədə görürəm. İstəmərəm ki, o aktrisa və ya müğənni olsun. Amma yenə də qismət... 

⁃ Qızınıza hansısa qadağalar qoymusunuz?

⁃ Qəddar ana deyiləm, amma çox qısqancam. Qızımı döyməmişəm, amma səhv hərəkət etdiyi üçün bərk vurmuşam. Şiddət göstərməmişəm. Jasminin sosial şəbəkələrə daxil olmasını istəmirəm. Amma nə qədər qadağalar qoysaq da mümkün deyil. Qızım "TikTok"a girmir. Girirsə də gizlin edir. Xəbərim yoxdur. "Instagram"dakı hesabını isə mən idarə edirəm.

Çalışdığım qədər Jasmini kontrol altında saxlayıram. Məni bir valideyn kimi narahat edən məsələlərdən biri məktəblərdə baş verən hadisələr və onları çəkərək sosial mediada paylaşılmasıdır. İnanın, utancverici və ürəkbulandırıcıdır. İstəmirəm ki, bu kimi hadisələr məktəblərdə olsun. Amma nə qədər desək də, bu kimi hadisələr olacaq, videolar çəkilib, paylaşılacaq. Amma biz bu kimi məsələlərin gün üzünə çıxmasını, paylaşılmasını, müzakirə edilməsini sevirik. Ona görə bu hadisələrin qarşısını almaq qeyri-mümkündür.


⁃ Bir çox sənətçilər sənətlərindən başqa sosial şəbəkə platformaları vasitəsi ilə də qazanc əldə edirlər. Bəs Nərgiz oradan pul qazana bilir?

⁃ Aktrisalıq fəaliyyətimdən savayı əlbəttə ki, mən də sosial şəbəkələrdən, xüsusi ilə "Instagram"da hansısa bir məhsulu reklam edərək pul qazanıram. Orada "post"un ayrı, "story"nin ayrı qiyməti var. Amma burada rəqəm açıqlamaq istəmirəm. Mənim də reklama çəkiləcək qonorarım var. Nərgiz teatr aktrisası deyil. Otursun gözləsin ki, hansısa tamaşada oynayacaq və ay sonu oradan maaş alacaq. Kifayət qədər çox işlərim var. 

⁃ Sizin də bir çox məşhurlar kimi şəxsi biznesiniz var. Söhbət moda evindən gedir. Bu işi qurmaq üçün Nərgiz nə qədər pul xərcləyib?

⁃ Hər zaman istəmişəm ki, moda evim olsun. Təbii ki, burada ən önəmli məsələ maliyyədir. Hər şeyi sıfırdan qurdum, yavaş-yavaş elədim. Hələ də moda evimlə bağlı istədiyim nəticəni əldə etməmişəm. Yenə də maliyyə lazımdır. Kredit deyilən bir məsələ var. Kredit götürmüşəm və banklara borclarım var. Buranı açmaq üçün bankdan biznes krediti götürmüşəm. Moda evim arendadadır. Bu məkan üçün hər ay kifayət qədər yüksək kirayə pulu ödəyirəm. 

⁃ Şou-əhlinin sizə borcu var?

⁃ Düzünü dəyəcəyəm, var və özü də çoxdur. Mənə kimsə borc üçün ağız açanda əgər pulum varsa, verirəm. Amma indi kimsə məndən gəlib borca pul istəsə verməyəcəyəm. Çünki pulum yoxdur. 

⁃ Moda evinizdən geyinən şou-əhli geyimlərin pulunu ödəyirlər? 

⁃ Demək olar ki, kim bizdən geyim tikdirirsə və ya geyim alırsa hamısı pulunu ödəyir. Məşhurlara, tanıdığım insanala qiymət demirəm. Özləri baxırlar geyimə və ona müvafiq pul ödəyirlər. Amma aralarında elə məşhurlar var ki, çalışıram özümdən uzaqlaşdırım. Belə insanlara geyim vermirəm. Moda evimi açandan sonra mənimlə yaxınlıq etmək istəyənlərin sayı artdı. Bəlli məsələdir, onlar niyə mənimlə yaxınlıq etmək istəyirlər. Geyimləri pulsuz götürsünlər. Amma belə insanları özümdən uzaq tuturam. Amma çox israr edəndə məcbur qalıb, bir təhər onları "Gəl, götür bu geyimi" deyib, yola verirəm. Belə şeylər də başıma gəlir".


⁃ Moda evinizdə tikilən və satılan geyimlər ucuz, yoxsa bahadır?

⁃ Bizim moda evimizin ən üstün cəhəti və fərqliliyi qiymətlərin münasib olmasıdır. Yəni bizə yaxın durmaq olur (gülür). Hər bir büdcəyə geyim ərsəyə gətirə bilirik. Hələ indiyə kimi olmayıb ki, əlində 500 manatla gəlib "Bu geyimi istəyirəm" deyəni biz geri çevirək. Çalışırıq hamının arzusuna və istəyinə uyğun hərəkət edək.

⁃ Moda evindən yaxşı pul qazana bilirsiniz?

⁃ Hə də desəm, yox da desəm yalançı olaram. Başa-baş... Bu dəqiqə hər sahədə qiymət artımı var. Özünüz də buna şahidsiniz. Dediyim kimi, heç kimə qiymət oxumadığıma görə, çalışırıq xərcləmizi ödəyə bilək. Hazırda yalnız onları edirik. Amma çox inanıram ki, növbəti illərdə bu biznesimdən yaxşı pullar qazana biləcəyəm. Allah mənə çoxlu pul yetirsin ki, bu biznesi davam etdirə bilim. 

⁃ Gözəl, cazibədar, ağıllı, savadlı xanımsınız. Hər bir bəy istəyər ki, sizin kimi bir xanımla evlənsin. Yenidən ailə qurmaq haqqında düşünürsünüz? 

⁃ Bu şəxsi həyat suallarını sevmirəm. Çünki ağzınızda deyirsiniz ki, şəxsi. Şəxsi elə şəxsi də qalmalıdır. Əgər həyatımda sevdiyim bir insan varsa o, artıq mənim həyat yoldaşım sayılır. Həyat yoldaşı o demək deyil ki, mütləq şəkildə gedib onunla nikaha girib, toy edəsən. O, artıq həyat yoldaşım sayılır.

O ki qaldı, yenidən ailə qurmaq məsələsinə... Heç vaxt, heç vaxt demə! Əvvələr bu sualı mənə verəndə "Yox" deyə cavan verirdim. Ailə həyatı quracağam bir insan olarsa, məni Nərgiz Əliyeva kimi qəbul edəcək, işimdə mənə dəstək olacaq. Bəlkə də oldu... Sabahın işini bilmək olmaz.

⁃ Nərgiz xanımın diqqətini hansı bəylər çəkir?

⁃ İnsan sevəndə gözü kör olur. Diqqətimi yalnız məni sevən insan çəkə bilər. O insanın sevgisini görməliyəm, hiss etməliyəm. Xarakter baxımından çox çətin bir insanam. 

⁃ Ailə quracağınız bir bəy varlı olmalıdır? 

⁃ İnsan sevəndə elə şeylərə baxmır. Əgər mən bir insanı sevirəmsə, onun özünü sevirəm, üstündə gəzdirdiyini sevmirəm. Təbii ki, hər bir xanım istəyər ki, onunla ailə quracaq bir bəyin gücü, işi, pulu, avtomobili, evi olsun. Eyni ilə mən də bunu istəyərəm. Elə bir insan olsun ki, arxamda dağ kimi dayansın. Amma o şəxs arxamda pulsuz da dağ və əsl kişi kimi dayana bilər. Mən bir insanın maddi vəziyyətinə görə deyil, onun ürəyinə görə dəyər verirəm. Bu sözlərimə görə məni kimsə qınayacaq. Amma içimdə bilirəm ki, bu belədir. Pulu olsa təbii ki, biz bir-birimizə daha da dəstək olarıq. 

⁃ Az əvvəl sosial şəbəkələrdən danışdıq. Bir sıra məşhurlar var ki, onlar Azərbaycanda "TikTok"un bağlanmasını istəyirlər. Siz də onlarla həmfikirsiniz?

⁃ Təbii ki, bu səhv bir fikirdir. Orada canlı açıb pul qazanan insanlara fikrim müsbətdir. Yaxşı edirlər. Burada pis bir şey nə var ki? Pul qazanırlar da... Onlar cinayət törətmirlər, oğurluq etmirlər, evlərində oturub, oyun oynayıb, pul qazanırlar. Bütün dünya bu saat "TikTok"dadır. Ronaldo belə "TikTok"a girib canlı açır. Bizdə insanlar hər şeyə çalışırlar qulp qoyub, pisləsinlər. Qızım olmasaydı, mən də "TikTok"a girib, pul qazanardım. Amma mən qızıma örnək olmalıyam. Buna görə də oradan və oradakılardan uzağam.

⁃ Bildiyim qədər sizdə də geyim alüdəçiliyi var. Geyimlərə nə qədər pul xərcləyirsiniz? 

⁃ Geyimlərə dəhşətli dərəcədə pul xərcləyirəm. Geyinməyi çox sevirəm. Geyim mənim üçün hər şeydir. Sonuncu pulumu belə geyimə xərcləmək potensialım var (gülür). 

⁃ Qarderobunuzda ən bahalı əşya hansıdır?

⁃ "Hermes" markasının "Kelly" kolleksiyasına aid kiçik çantam var: "Limited edition" (az sayda istehsal olunan - red.). Qiymətini açıqlamayacağam, çünki brendin adı artıq qiymətindən xəbər verir. Həmin çanta mənim üçün Milandan alınıb, hədiyyədir.




Rəşad Əliyev, Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO