Tanınmış hüquqşünas Qurban Məmmədov Bakı İstantaq Təcridxanasından Moderator.az-a məktub ünvanlayıb, onu olduğu kimi təqdim edirik
Azərbaycan Respublikasının Prezidenti
cənab İlham Əliyevə
Azərbaycan Respublikasının Baş Naziri
cənab Artur Rasi-zadəyə
AR Milli Məclisinin Sədri
cənab Oqtay Əsədova
AR Prezident Administrasiyasının Rəhbəri
cənab Ramiz Mehdiyevə
Konstitusiya Məhkəməsinin Sədri
cənab Fərhad Abdullayevə
Ali Məhkəmənin Sədri
cənab Ramiz Rzayevə
Ədliyyə Naziri
Fikrət Məmmədova
Daxili İşlər Naziri
Ramil Usubova
AR Prezident Administrasiyasının
Hüquq mühafizə orqanları ilə iş şöbəsinin müdiri
Fuad Ələsgərova
AR Prezident Administrasiyasının
Qanunvericilik və hüquq ekspertizası məsələləri şöbəsinin müdiri
Şahin Əliyevə
AR Prezident Administrasiyasının
İctimai-siyasi məsələlər şöbəsinin müdiri
Əli Həsənova
AR Baş Prokuroru
Zakir Qaralova
AR Baş Prokurorunun birinci müavini
Rüstəm Usubova
Azərbaycan
Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili
(Ombudsman)
Elmira Süleymanovaya
Ali Məhkəmənin Cinayət Kollegiyasının sədri
Şahin Yusifova
Bakı Apellyasiya Məhkəməsinin Sədri
İman Nağıyevə
Bakı Apellyasiya Məhkəməsinin
Cinayət Kollegiyasının Sədri
Rizvan Səfərova
Bakı Apellyasiya Məhkəməsinin
Cinayət Kollegiyasının Hakimləri
Mirzəli Abbasova, Abid Abdinbəyova, Qədim Babayevə, Əmir Bayramova, Həsən
Əhmədova,
Mirpaşa Hüseynova, Qail Məmmədova, Vüqar Məmmədova, İlqar Murquzova,
Vaqif Mursaqulova, Əflatun Qasımova
AR Milli Məclisinin Sədrinin birinci müavini
Ziyafət Əsgərova
AR Milli Məclisinin
Hüquq Siyasəti və Dövlət Quruculuğu Komitəsinin üzvləri
sədr Əli Hüseynliyə, Azay Quliyevə, Fəzail Ağamalıya, Madər Musayevə,
Mübariz Qurbanlıya,
Qüdrət Həsənquliyevə,
Rafael Cəbrayılova, Rövşən Rzayevə, Sabir Hacıyevə, Çingiz Qənizadəyə, Ülvi
Quliyevə
AR Milli Məclisinin
İnsan Hüquqları Komitəsinin üzvləri
sədr Rəbiyyət Aslanovaya, Astan Şahverdiyevə, Aytən Mustafayevaya, Cavanşir
Paşazadəyə,
Fazil Mustafaya, Flora Qasımovaya, Nəriman Əliyevə, Yevda Abramova, İlyas
İsmayılova, İqbal Ağazadəyə, İsmayıl Hacıyevə
Hüquq Müdafiəçilərinə
Xarici
Diplomatik Nümayəndəliklər və Beynəlxalq Təşkilatlara
Məmmədov
Qurban Cəlal oğlu tərəfindən
A Ç I Q M Ə
K T U B
Hörmətli xanımlar və bəylər!
Mənə Azərbaycan
Respublikasının Cinayət Məcəlləsində nəzərdə tutulmayan cəza veriblər: 3 il
ümumi rejimli azadlıqdan məhrum etmə.
Tam məsuliyyətim və səmimiyyətimlə
bəyan edirəm: mən hansısa cinayət törətdiyimə və ya hansısa avtoqəzada təqsirim
olduğuna görə həbs edilməmişəm.
Həbsimin səbəbi siyasi
mövqeyim, haqsızlığa və ədalətsizliyə, dövlətimizi, vətənimizi, millətimizi
sevməyən zehniyyətə-anlayışa qarşı dözümsüzlüyümdür.
Mən, dövlət başçısının da
hər dəfə müşavirələrdəki çıxışında tənqid etdiyi, ölkədə total rüşvətxorluq,
korrupsiya və monopoliya piradiması yaradan, məhkəmə, qanunverici və icraedici
orqanın içinə sızan, vətənimizi və millətimizi təhdid altında saxlayan, dövlətçiliyimizə
zərər vuran və baş aşağılığı gətirən bir “ÇƏTƏ”yə loyallıq göstərə
bilmərəm. Ali iradə və sağlam məmurlarımız bu “çətə”dən qurtula bilmədikləri
üçün, xalqla onların arasında uçurumlar yaranıb. İctimai barışıq bizə mütləq şərtdir.
Bunun yolu da təmizlənməkdən, paklaşmaqdan keçir. Mənim və mənim kimi haqsız
yerə uydurma metodlarla tutulanların həbsini istəyən və həbs elətdirən də məhz
bu “çətə”dir.
“Çətə” cəmiyyəti, beynəlxalq aləmi bizlər haqqında yanlış məlumatlandırır,
yönləndirir... Bizlər haqsızlığı, ədalətsizliyi, rüşvətxorluğu, monopoliyanı və
s. tənqid ediriksə, qəbul etmiriksə, baş qaldırırıqsa, bunları “xain,
qeyri-milli ünsür, düşmən...” olduğumuz üçün etmirik, dövlətimizi, vətənimizi,
millətimizi çox sevdiyimiz üçün edirik.
Vaxtilə duz-çörək kəsdiklərim,
yoldaşlıq etdiklərim belə, qorxaraq, imtina edə bilməyərək mənim istintaqımı
aparır, zərərçəkmişin adından “Qurban Məmmədov məni ölümlə təhdid edir” məzmunlu
yalandan şikayət ərizəsi yazır, Milli Məclisə yalan teleqram göndərir (məhkəmədə
zərərçəkmiş bu yalan ittihamı bilmədən ifşa etdi), məhkəmədən haqqımda həbs qətimkan
tədbiri seçilməsini tələb edir və mənim haqqımda başdan ayağa uydurma bir
ittiham hazırlayaraq altına qol çəkirsə, başqlarından nə gözləyim. Bir vaxtlar,
“müxalifətdəki yeganə dostum Qurban Məmmədovdur” deyən, ən ali postlarda oturan
“dostlarım” uğradığım haqsızlığa gözünü, qulağını, dilini, hətta ağlını bağlaya
bilirsə, başqlarından nə gözləyim.
Bəli, bir vətəndaşımızın
ayağının sınmasında mənim idarə etdiyim avtomaşının da iştirakı olub. Hadisə 27
sentyabr 2012-ci ildə Vaqif prosoekti 9 ünvanında yerləşən “Medikal Plaza”
klinikasının qarşısında baş vermişdi. Ancaq qəzanın baş verməsində, mənim
maşınımın arxaya hərəkət edərək parklanması üçün əmrlər verən “stoyanşik”in ”“
“parklanma işini həyəta keçirən” həmin şəxsin ayağının sınmasında mənim heç bir
təqsirim olmayıb və 1 il 3 ay davam
edən istintaq və məhkəmə prosesində mənim təqsirim sübuta yetirilməyib.
Təqsir isə Maliyyə
Nazirliyinin Dövlət Maliyyə Nəzarət Xidmətinin (DMNX) rəisi Yusifov Cavanşir
Əmiralı oğlunun 10 AA 737 dövlət nömrə nişanlı “Nissan Teana”
markalı xidməti avtomaşınının sürücüsü Bayramov Xanlar Zaman oğlunda, yaxud da,
məni səhv əmrləri ilə yanlış yönləndirən “stoyanşik”in özündə olub. Bu,
ibtidai istintaqda və məhkəmə prosesində toplanmış və araşdırılmış mötəbər
sübutlarla artıq öz təsdiqini tapıb.
Hadisənin baş verdiyi
yerin 3-4 metrliyində (TŞ3-098 saylı, fırlanan) kamera quraşdırılıb və hadisə
anında işlək vəziyyətdə olub. Mən istintaqın birinci günündən klinikaya oğlumun
əməliyyat edilməsi üçün gəldiyimi bildirmişəm. Əməliyyat saat 13:00-da olmalı
idi və olub. Biz əməliyyatdan 20-30 dəqiqə əvvəl gəlmişdik. Deməli, istintaq ən
azı oğlumun əməliyyat vaxtını klinikadan öyrənib hadisənin dəqiq və ya 10-15 dəqiqə
o tərəf ”“ bu tərəfə, təqribi vaxtını müəyyənləşdirə bilərdi. Həmin nəzarət
kamerasının çəkilişlərini təkzibedilməz sübut kimi mənim əleyhimə istifadə edə
bilərdi. Bəs niyə bunu etmirlər? Çünki texnika bəzi insanlar kimi rüşvət ala
bilmir, vicdanını və namusunu satmır. Elə klinikanın girişində quraşdırılmış və
hadisə yerini tam öz fokus məsafəsində saxlayan kameraların da çəkilişlərindən əsl
həqiqəti müəyyən etmək olardı. Görünür, nəzarət kameralarının çəkilişlərinin məqsədlərinə
yaramadığını görən “çətə” nökərləri sübutları saxtalaşdırmaq yolunu
tutublar.Hadisə vaxtını yox, hadisədən sonra, yəni 13:30-15:30 radələrinin çəkilişlərini
alıb dedilər ki, hadisə anı düşməyib, güya kameranın qarşısını ağac kəsib
(???).
Həmin çəkilişi mənim
qanuni yolla əldə etmək imkanımın olmadığını bilən, deməli, hadisəni ikinci bir
maşının törətdiyini sübut edə bilməyəcəyimə arxayın olan “ittiham tərəfi”
ibtidai istintaqın 3-cü ayından başlayaraq, əvvəllər 1 dəfə qətl hadisəsinə, 1
dəfə narkotik qəbul etdiyinə, 1 dəfə də narkotik satdığına görə məhkum edilmiş,
buna görə də polis orqanlarının əlində istənilən vaxt şantaj alətinə çevrilə
biləcək zərərçəkmişin vasitəsi ilə saxta hadisə mexanizmi uydurmağa başladılar:
“hadisədə 2-ci bir maşın iştirak etməyib, heç bir maşın arxadan gələrək mənim
maşınımın sol qabaq qanadına dəyməyib və ümumiyyətlə, zərərçəkmişə heç bir
maşın toxunmayıb, zərərçəkmiş hətta yerə yıxılandan sonra belə heç bir maşına təmas
etməyib”.
22 dekabr 2012-ci ildə
verdiyi ifadəsində zərərçəkmiş Abbasov Pərviz İmran oğlu göstərir ki, ikinci
maşınla mənim maşınımın arasında 3-4 metr məsafə olub, hətta etiraf edir:
“maşınlar yaxın olsaydı, Qurban Məmmədovun maşınının qabaq sol qanadı ilə o
maşının qabaq sağ qanadı toqquşardı”.
Həqiqətdə də hadisə elə
belə olub. Həmin maşın öz qabaq sağ qanadı (bəlkə də təkəri) ilə zərərçəkmişi mənim
maşınımın qabaq sol təkərinə sıxaraq xəsarət yetirib.
Uydurduqları versiyanın
sübut bazasını bərkitmək üçün hadisədən 5 ay sonra, 1 gündə 3 nəfər də yalançı
şahid düzəltdilər: Hüseynov Rəhbər Qubad oğlu (o da “Ağçiçəyim” gül dükanının
qarşısında “stoyanşik”dir), Mansurov İsa Mürsəl oğlu (əvvəl məhkəmədən şəxsiyyətini
gizlədib Azərbaycanda heç vaxt işləmədiyini desə də, Ali Məhkəmənin 29 iyul
2008-ci il tarixli qərarı ilə sübut etdim ki, bu adam 20-ci Polis Bölməsinin
sahə müvəkkili işləyib və 2008-ci ildə təqaüdə çıxandan sonra yalançı şahid,
hal şahidi rolunda istifadə edilir) və Abdullayev Seymur Siyasət oğlu.
Hər 3 şahidin dili ilə
istintaq sübut etməyə çalışdı ki, 2-ci maşınla mənim maşınımın arasında ən azı
2, ən çox 4 metr məsafə olub. Deməli, o maşın nə mənim maşınıma, nə də zərərçəkmişə
dəyə bilməzdi.
Bu adamlar cəzasız
qalacaqlarına o qədər əmindirlər ki, maşınların bir-birinə dəyməsi faktını
ibtidai-istintaqın sonunda da olsa, qəbul etməyə məcbur olsalar da və bu faktı
2-ci maşının sürücüsü etiraf etsə də, keçmiş polis işçisi olmuş İsa Mansurov həyasızcasına
və gülə-gülə məhkəmədə bildirdi ki, maşınlar arasında məsafə 4 metr olub, yəni
onlar bir-birinə dəyməyib və zərərçəkmişin ayağının üstündən Qurban Məmmədovun
maşınının qabaq təkəri hellənərək keçəndə o şəxsən öz gözləri ilə görüb. Ondan
da böyük həyasızlığı hakim Emin Mehdiyev və dövlət ittihamçısı Elçin Nağıyev edərək
onun bu ifadəsini mötəbər sübut hesab etdilər.
Qəzada ikinci maşının
iştirakını sübut etməkdə tək qalmışdım. Həmin maşın hadisə yerini tərk edib
getmiş, hadisə barədə polisə xəbər verməmiş, kimliyini mənə bildirməmişdi və
istintaq onu tapmaqda maraqlı deyildi.
Ancaq həmin maşının
sürücüsünün telefon nömrəsini bilirdim. Haradan? Hadisə yerini tərk edib,
“müdir apardığını” deyəndə (mən maşının arxa sağ oturacağında əyləşmiş Cavanşir
Yusifovu tanımışdım) və məni inandıranda ki, guya, mən “stoyanşik”in əmri ilə
maşını arxaya hərəkət etdirəndə o görüb və dayanıb, onda mən dərhal öz telefon
nömrəmi ona verib demişdim ki, “eyb etməz, araşdırılar, günah məndə olsa, sizə
dəyən zərəri də ödəyərəm”. Həmin gün o mənə zəng etməsəydi, onu heç bu günədək
də tapa bilməzdim, çünki, nə maşınının nömrəsinə fikir vermişdim, nə telefon
nömrəsini bilirdim.
Ancaq Cavanşir Yusifov
vasitəsi ilə tapa bilərdim. Hətta polisə də onun adını verə bilərdim ki,
C.Yusifovun xidməti maşınıdır. Ancaq bir hüquqşünas kimi hansı qüvvələrlə üz-üzə
gəldiyimə və onların əxlaqına yaxşı bələd idim. Əldə ciddi sübut olmadıqca mən
həmin maşın barədə dəqiq bir söz demədim və istintaqın birinci günündən tələb
etdim ki, nəzarət kameralarının çəkilişləri tələb edilsin, baxılsın. Texnika
olan yerdə insanın şahidliyinə ehtiyac yoxdur.
Mənim ciddi sübutlara
malik olmadığıma əmin olan rəqib, 2013-cü ilin 20 aprelində, müstəntiq Miraqil
Qiyasovun uydurduğu hadisə mexanizmi əsasında yol-nəqliyyat hadisələri
ekspertizası təyin etdi və rəy aldı ki, “piyada” (???) Pərviz Abbasova xəsarət
yetirilməsində mən günahkaram. Ancaq həmin qərarda göstərilməyib ki, zərərçəkmişin
ayağı sınmaqla bərabər, həm də maşınlar toqquşub və hətta Nissan Teananın arxa
sağ qanadında (əslində bu da yalandır, çünki maşınların qabaq tərəfləri dəymişdi)
zədə var. Başqa sözlə, hüquqi dildə ifadə etsək, qərarda hadisənin baş vermə
mexanizmi və hadisə yerinin ölçüləri ekpertizaya düz və tam təqdim edilməyib. O
vaxt bunu edə də bilməzdilər, çünki mən hələ istintaqa maşının hadisədə
iştirakını təsdiq edən sübut təqdim etməmişdim və istintaq özü də bunu müəyyənləşdirməmişdi.
Ancaq məhz həmin qərar əsasında alınmış rəyə əsaslanaraq, 30 may 2013-cü ildə mənə
CM-nin 263.1-1-ci maddəsi ilə ittiham verildi. Bütün şahid ifadələri və zərərçəkmişin
ifadələri də elə həmin hadisə mexanizminə uyğunlaşdırılmışdı. Yəni, hadisədə
2-ci maşın iştirak etməyib, mən maşınımı arxaya hərəkət etdirərkən “piyada”nı
(???) unudub vurmuşam.
Diqqət edin: hadisə
mexanizmi dəqiq olmasa, ölçülər dəqiq və ya tam olmasa, rəy obyektiv və qanuni
ola bilərmi?
Hadisədə 2-ci maşının
iştirakını sübut edən dəlili isə yalnız 03 iyun 2013-cü ildə əldə etdim və 04
iyunda həbs ediləcəyimi əvvəlcədən bildiyimə görə, səhər-səhər “facebook”da bu
barədə məlumat verib, həbsxana geyimində Nəsimi rayon prokurorluğuna getdim.
03 iyunda isə saat
23:00-dan sonra Nissan Teananın sürücüsü X.Z.Bayramovla hadisə barədə telefonla
7 dəqiqə 23 saniyə danışıb, danışığımızı yazdım. Mən bunu müstəntiq M.Qiyasovun
rəsmi razılığı ilə etdim. O buna niyə icazə verdi? Bu gün də bilmirəm. Ya
vicdanı onu narahat etdi deyə, ya da mənim yalan danışdığıma həqiqətən inanıb
belə bir sübut əldə edə biləcəyimə inanmadı deyə! Allah bilir!
Həmin telefon söhbətində
Xanlar Bayramov etiraf etdi ki, maşınlar dəyib bir-birinə, zərərçəkmişin də
ayağı iki maşının arasında qalıb. Bu telefon söhbəti internetə yerləşdiriləndən
sonra, istintaqın bu faktı qəbul etməkdən başqa yolu qalmadı.
Aralarında 1 mm məsafə
olan iki predmet, iki maşın, iki nəsə, bir-birinə dəymiş hesab edilə bilərmi? Bəs
2 metr, 4 metr məsafədə necə?
Hakim Emin Mehdiyev, həm
zərərçəkmiş və şahidlərin “maşınlar arasında 2-4 metr məsafə olması barədə”
ifadələrini düz hesab edir, həm də maşınların bir-birinə dəyməsi barədə, həm
X.Z.Bayramovun ifadəsini, həm də ekspertiza rəyini düz, mötəbər hesab edir.
Məhkmədə ifadə verən yol
nəqliyyat hadisələri üzrə ekspert Polad İsmayılov qəti olaraq bildirdi ki,
ittiham tərəfinin çəkdiyi sxemlər, topladığı materiallar, eləcə də zərərçəkmiş
və şahidlərin ifadələrində təsvir etdikləri hadisə mexanizmində Qurban Məmmədovun
maşınının, həm zərərçəkmişin ayağının üstündən keçməsi, həm də ondan 1 metr
sonra Nissan Teananın arxa sağ qanadına dəyməsi mümkün deyil və tam istisna
edilir. Çünki həmin mexanizmlərdə maşınlar arasında ən azı 1,34 metr məsafə
var.
Bir sözlə, mənə böhtan
atıldığı istintaqın özünün topladığı materiallarla tam sübut edilib.
Ancaq məqsəd Qurban Məmmədovu
susdurmaq idi, əsl təqsirkarı tapmaq yox.
Mənə qarşı prokuror Elçin
Nağıyevin ən tutarlı dəlili isə zərər çəkmişi xəstəxanaya aparmağım və ona
maddi yardım göstərməyimdir.
Əvvəla, təbiidir ki, hər
kəs gördüyü faktı, hadisəni öz şəxsi dünya görüşünə, səviyyəsinə, ailə tərbiyəsinə
və əxlaqına görə dəyərləndirir.
İkincisi isə, mən ibtidai
istintaqda verdiyim ilk izahatımda göstərdiyimi sizə də çatdırmaq istəyirəm.
1.
Zərərçəkmişə
tibbi yardım göstərmək, onu xəstəxanaya aparmaq hər bir sürücünün, “Yol hərəkəti
haqqında” Qanunun 37-ci maddəsinin 1-ci hissəsinin 15-ci bəndində və 4-cü hissəsinin
2-ci bəndində nəzərdə tutulan vəzifəsi və insanlıq
bocudur. Həm də qanunda deyilmir ki, qəzanı yalnız sən törədibsənsə
aparmalısan. İstənilən qəzada tibbi yardıma ehtiyacı olan vətəndaşlara yardım
etmək sürücünün vəzifəsidir.
2.
Hadisə anında
Nissan Teananın sürücüsü guya mənim maşınımın arxaya hərəkət etdiyini görüb
maşınını saxladığını mənə bildirmişdi. Məhkəmədə isə hadisə yerində maşınını
niyə saxlamasını heç bir ağlabatan məntiqlə izah edə bilmədi. O, hadisə yerindən
çıxıb gedəndən sonra, mən ayağını qucaqlayıb yerdə zarıya-zarıya qalan adamı xəstəxanaya
aparmalı deyildimmi?
3.
Mən hadisədə
özümün də təqsirli olub-olmadığıma tam əmin deyildim və araşdırmanın nəticələrini
gözləməli idim. Çünki 2-ci maşın çıxıb getmişdi və nəzarət kameralarının çəkilişlərini
əldə edə bilmirdim.
4.
Zərərçəkmiş
ikinci maşının tapılmadığını, ortaya çıxmadığını və ona məndən başqa yardım edə
biləcək adamın olamadığını görüb, hadisə barədə mənə hərdən bir versiya
deyirdi. Mən isə tutarlı sübut əldə edənə qədər ona inanmağa və ya özümü
inanmış kimi göstərməyə məcbur idim. Zərərçəkmiş 2-ci maşının onu vurub mənim
maşınıma sıxdığını, kasıb olduğunu, bir körpə qızı olduğunu, köməyə ehtiyacı
olduğunu və məni 10-cu cəzaçəkmə müəssisəsindən tanıdığını deyəndə, mən ona
bildirdim ki, ona zəruri köməyi göstərəcəyəm, narahat olmasın. Araşdırma nəticəsində
günah məndə olsa, verdiyim pul halal-xoşu olsun, yox gunah 2-ci maşında olsa mən
reqres iddiası yolu ilə pulumu o
maşının sürücüsündən alacağam.
5.
Təsəvvür edin
ki, 2-ci maşın hadisə yerini tərk edib, mən də zərərçəkmişi vaxtında xəstəxanaya
çatdırmamışam, o da qanaxmadan hadisə yerindəcə ölüb. Görün bu halda nələr
olardı?
6.
Mən zərərçəkmişə
zəruri yardım etdim. Onu pulla ələ
almaq fikrim olmuşdusa, ona istədiyini sonadək verərdim. 20 PB-nin keçmiş rəisi
Sahib Babayev mənə bildirəndə ki, onlarda dəqiq məlumat var, P.Abbasovun ayağı
iki maşinin arasında qalıb, ondan sonra da mən P.Abbasova yardım edirdim.
15 dekabr 2012-ci ildə,
birdən-birə P. Abbasov mənim özümü inandırmağa çalışdı ki, ona başqa maşın dəyməyib,
mənim maşınım onu vurub. Onda mən dərhal müstəntiqə mesaj yazıb tələb etmişəm
ki, zərərçəkmişi yenidən dindirib obyektiv araşdırma aparsınlar. Nəticə bəllidir...
Tutaq ki, mən həqiqətən həmin
qəzanın baş verməsində təqsirkaram və
təqsirim məhkəmə istintaqı ilə tam
sübuta yetirilib. Mənə verilən cəzanın maksimum həddi nə qədər ola bilər?
CM-nin 60-cı maddəsinə əsasən, “bu Məcəllənin: 59.1.10-cu maddəsində göstərilən
cəzanı yüngülləşdirən hallar olduqda və əgər cəzanı ağırlaşdıran hallar
yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusu hissəsinin
müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin 3/4-dən artıq ola bilməz”.
CM-nin 59.1.10-cu maddəsində
göstərilən cəzanı yüngülləşdirən hallardan birincisi “cinayətin törədilməsindən
bilavasitə sonra zərərçəkmiş şəxsə tibbi və ya digər yardım göstərilməsi”dir.
Hesab edək ki, həmin maddədə göstərilmiş: “cinayət nəticəsində dəymiş maddi və
mənəvi zərərin könüllü olaraq ödənilməsi və ya aradan qaldırılması, zərərçəkmiş
şəxsə dəymiş zərərin azaldılmasına yönəldilmiş digər hərəkətlərin edilməsi”
kimi yüngülləşdirici halları ittiham tərəfi nəzərə almır və onları zərərçəkmişin
yalan ifadə verməsi üçün ələ alma cəhdi kimi qiymətləndirir və mənə qarşı
CM-nin 299.1-ci maddəsi ilə ittiham vermək üçün istifadə edir. Bəs, “tibbi
yardım göstərmək” necə olsun? Əgər bu gün mənim bu hərəkətim də “zərərçəkmişi ələ
almaq” kimi qiymətləndirilirsə, bundan sonra hansı sürücü zərərçəkmişə tibbi
yardım göstərər, onu xəstəxanaya çatdırar? Təbii ki, tibbi yardım göstərməyimi
ittiham tərəfi dana bilmir və bunu etmək imkanında da deyil. Çünki ortada mötəbər
sübutlar var. Onda niyə bəs CM-nin 60-cı maddəsinin tələblərinə əməl edilmir? Məhkəmə
əgər CM-nin 263.1-1-ci maddəsini daha ciddi cəza hesab edirsə və CM-nin
299.1-ci maddəsini həmin maddə ilə əhatə edirsə, onda mənə maksimum 2 il 3 ay
azadlıqdan məhrum etmə cəzası verilə bilərdi, 3 il yox.
Bunu qeyd etməklə demək
istəmirəm ki, mənə ağır cəza verilib və 2 il 3 ay verilsəydi qanuni olardı. Qətiyyən.
“Dostlarımız”ın həyasızlığını, özümün də siyasi məhbus olduğumu sübut etmək
üçün bunu Sizin diqqətinizə çatdırıram. Təqsirsiz adam üçün cəzanın 1 günlə 10
ilinin fərqi yoxdur. İstənilən halda qanunsuzdur.
İttiham
edildiyim maddələrin heç birində belə cəza yoxdur. CM-nin 263.1.-1-ci maddəsində
maksimum 3 il məntəqə tipli, 299.1-ci maddəsində isə maksimum 6 ay ümumi
rejimli cəzaçəkmə müəssisəsində çəkməklə azadlıqdan məhrum etmə cəzası nəzərdə
tutulub.
Bu
gün qüvvədə olan AR-nın CM-də cinayətlərin məcmusu qaydasında cəzaların təyin
edilməsi zamanı məntəqə tipli cəzanın ümumi rejimli cəzaya keçməsi kimi bir
qayda nəzərdə tutulmayıb.
CM-nin
66.1-ci maddəsinə əsasən, “cinayətlərin məcmusu üzrə məhkəmə hər bir cinayətə
görə ayrılıqda cəza təyin edərək, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək
yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və qismən toplamaq yolu ilə qəti
cəza təyin edir”.
Məsələn,
CM-nin
263.1-1-ci maddəsi ilə 3 il məntəqə tipli,
CM-nin
299.1-ci maddəsi ilə 6 ay ümumi rejimli cəza,
təyin edilirsə, toplama
yolu ilə qəti cəza müəyyın edilir:
3 il məntəqə tipli cəza
+ 6
ay ümumi rejimli cəza
___________________________________________
= Məntəqə
tipli 3 il qəti cəza
Çünki, CM-nin 66.2-ci
maddəsinə əsasən, “qəti cəzanın müddəti və ya həcmi törədilmiş cinayətlərdən
daha ağırı üçün müəyyən edilmiş cəzanın yuxarı həddindən çox ola bilməz”.
Yuxarıdakı misalda 3 il məntəqə
tipli cəza 6 aylıq ümumi rejimli cəzadan “daha ciddi cəza” hesab edilib deyə, nəticədə
maksimum məntəqə tipli 3 illik müddət alınıb.
CM-nin 56-cı maddəsində cəzaçəkmə
müəssisələrinin növünün ”“ rejimin yüngüldən ağıra doğru düzülüşünü nəzərə
alsaq, onda deməli, müddətindən asılı olmayaraq ümumi rejimli istənilən cəza,
ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə 5 (beş) ildən artıq olmayan məntəqə
tipli istənilən cəzadan daha ciddi cəza hesab edilməlidir.
Bu məsələdə
qanunvericinin mövqeyi başa düşüləndir. Çünki qəsdlə törədilmiş cinayətlə,
ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə cəzaların müddəti də, cəzaların çəkilməli
rejimi də, elə həmin cinayətləri törədənlərin şəxsiyyəti də fərqləndirilməlidir.
Bu mövqedən yanaşıb
CM-nin 299.1-ci maddəsini daha ciddi cəzalı hesab etsək, onda CM-nin 66.1-ci
maddəsi ilə qəti cəza belə olacaq:
6 aylıq ümumi
rejimli cəza
+ 3
illik məntəqə tipli cəza
___________________________________________
= 6
aylıq ümumi rejimli cəza
Yox əgər qanunverici
ağırlıq dərəcəsinə görə CM-nin 263.1-1 və 299.1-ci maddələrini eyni qrupa aid
etsəydi, onda hesablama belə olardı:
6 aylıq ümumi
rejimli cəza
+ 3
illik məntəqə tipli cəza
___________________________________________
= 6
ayı ümumi rejimli, 2 il 6 ayı məntəqə tipli olan 3 il qəti cəza
Ancaq CM-nin 299.1-ci
maddəsi həmin məcəllənin 15.2-ci maddəsinə əsasən, “böyük ictimai təhlükə törətməyən
cinayət” hesab edilir.
CM-nin 263.1-1-ci maddəsi
isə, həmin Məcəllənin 15.3-cü maddəsi ilə “az ağır cinayətlər” qrupuna
daxildir. Yəni qanunverici CM-nin 263.1-1-ci maddəsini 299.1-ci maddədən ağır
hesab edir. Təbiidir ki, CM-nin 66-cı maddəsi tətbiq edilib cinayətlərin məcmusuna
görə cəza təyin ediləndə də, daha ciddi cəza kimi CM-nin 263.1-1-ci maddəsində
nəzərdə tutulan 3 illik məntəqə tipli cəza əsas götürülməlidir.
Bu kiminsə xoşuna gəlməyə,
siyasi maraqlarına cavab verməyə bilər.
Ancaq...
AR Konstitusiyasının
28-ci maddəsinin 2-ci hissəsinə əsasən, “azadlıq hüququ yalnız qanunla nəzərdə tutulmuş qaydada... məhdudlaşdırıla
bilər”.
Bu gün bizim
qanunvericilikdə “məntəqə tipli cəzanın ümumi rejimli cəza ilə toplanması və ya
əhatə edilməsi zamanı qəti cəzanın hamısının ümumi rejimliyə çevrilməsi” kimi
bir qayda nəzərdə tutulubmu?
Yox!
Əksinə!
CM-nin 1.3-cü maddəsinə əsasən,
“cinayət məsuliyyətini müyyən edən və cinayət törətmiş şəxsin cəzalandırımasını
nəzərdə tutan qanunlar yalnız bu Məcəlləyə
daxil olunduqdan sonra tətbiq edilə bilər”.
Mən bu Məcəlləyə daxil
edilmiş və 3 il ümumi rejimli cəza nəzərdə tutan hansı cinayəti törətmişəm və
ya ittiham edildiyim CM-nin 263.1-1 və 299.1-ci madəsinin hansında 3 il ümumi
rejimli cəza nəzərdə tutulub və ya həmin maddələrin sanksiyalarında nəzərdə
tutulan cəzaların CM-nin 66-cı maddəsinə uyğun toplanması zamanı qəti cəzanın
hamısının ümumi rejimli olması barədə 1 qayda, 1 qanun bu Məcəlləyə daxil
edilbmi?
Yox!
CM-nin 5.1-ci (qanunçuluq
prinsipi) maddəsinə əsasən, “əməlin cinayət sayılması və həmin əmələ görə cəza
və digər cinayət ”“ hüquqi xarakterli tədbilər yalnız bu Məcəllə ilə müəyyən
edilir”.
İstənilən cinayət
xarakterli əmələ görə “cəza və digər cinayət ”“ hüquqi xarakterli tədbir” AR Ali
Məhkəməsi Plenumunun, AR
Konstitusiya Məhkəməsinin qərarları ilə yox, yalnız bu Məcəllə ilə müəyyən
edilir!
Sual: Məntəqə tipli cəzalarla
ümumi rejimli cəzaların toplanması zamanı, müddətin ”“ məntəqə tiplidən, rejimin
isə - ümumi rejimli cəza növündən götürülməsi kimi bir cəza təyin etmə qaydası
bu Məcəllə ilə müəyyən edilibmi? Budurmu, beləmi olur qanunçuluq?!?
CM-nin 41.1-ci maddəsində
“cəza” anlayışını qanunverici belə izah edir: “cəza ”“ cinayət törətməkdə təqsirli
hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya
onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir”. Göründüyü kimi,
yalnız bu Məcəllə, yəni AR-nın CM ilə müyyən edilən məhrumiyyətlər cəza kimi
verilə bilər cinayət törədən şəxsə, başqa heç bir məhrumiyyət cəza hesab edilə
bilməz və şəxsə qarşı tətbiq edilə bilməz. Yenə də soruşuram: bu Məcəllə ilə, mənə
verilən ittihamların hansında 3 il ümumi rejimli azadlıqdan məhrum etmə cəzası
kimi məhrumiyyət müəyyən edilib?
CM-nin 55.1-ci maddəsində
də qanunverici “müəyyən müddətə azadlıqdan məhrum etmə” cəzasını “məhkumun məntəqə tipli, ümumi, ciddi və
xüsusi rejimli cəzaçəkmə müəssisəsinə və ya həbsxanaya yerləşdirilməsi yolu ilə
onun cəmiyyətdən təcrid olunması” kimi izah edir. Yəni, azadlqdan məhrum
etmə cəzası 2 ayrılmaz tərkib hissəsindən ibarətdir: müəyyən müddət + rejim, cəzaçəkmə
müəssisəsinin növü. Müddəti və rejimi bu Məcəlləyə daxil edilməmiş heç bir cəza
ilə şəxs cəzalandırıla bilməz. Hər bir əmələ görə yalnız bu Məcəllədə - AR CM-də
nəzərdə tutulan cəza verilə bilər. Cəza isə yuxarıda qeyd etdiyim kimi, müddətdən
və rejimdən ibarətdir ki, bunlardan heç birini hakim bu Məcəllədə yazıldığından
fərqli qaydada tətbiq edə bilməz, dəyişdirə bilməz.
CM-nin 56.3-cü maddəsinə əsasən,
“cəzaçəkmə müəssisəsinin növü bu Məcəllənin 56.1.1 - 56.1.5 və 56.2-ci maddələrinə uyğun olaraq
məhkəmənin hökmü ilə müəyyən edilir”. Maddənin məzmunundan göründüyü kimi,
rejim ”“ cəzaçəkmə müəssisəsinin növü məhkəmə tərəfindən, yalnız Məcəllədə göstərilən
qaydalara uyğun (56.1.1 ”“ 56.1.5) müəyyən edilə bilər, hakimin öz istəyinə görə
və ya Ali Məhkəmə Plenumunun, eləcə də Konstitusiya Məhkəməsinin qərarına,
yaxud da siyasi iradənin istəyinə uyğun olaraq yox. Həmin CM-nin 56.1.1 ”“
56.1.2-ci maddəsində isə, mən ittiham edildiyim 263.1-1-ci maddəsinin cəzasının
məntəqə tipli cəzaçəkmə müəssisəsində, 299.1-ci maddəsinin 6 aylıq azadlıqdan məhrum
etmə cəzasının isə ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməsi nəzərdə
tutulub. Çünki, yuxarıda artıq qeyd etdiyim kimi, CM-nin 5.1-ci maddəsinə
(qanunçuluq prinsipi) əsasən, “... əmələ görə cəza ... yalnız bu Məcəllə ilə müəyyən
edilir”.
Cəzaçəkmə müəssisənin
növünün dəyişdirilə bilməsinin hüquqi əsasları CM-nin 56.4-cü maddəsində nəzərdə
tutulub. Orada da “cinayətlərin məcmusu zamanı cəza təyin edilərkən rejimin dəyişməsi”
və ya “bir cəzanın müddətinin, o biri cəzanın isə rejiminin götürülməsi ilə
yekun cəza təyin edilməsi” kimi əsaslar yoxdur. Maddə konkretdir və şəxslərin vəziyyətinin
ağırlaşmasına səbəb olan heç bir təfsirə yer yoxdur: yalnız “cinayətə görə təyin edilmiş cəza daha yüngül və ya daha
ağır cəza ilə əvəz edildikdə” (CM-nin 56.4.1-ci maddəsi) və “qanunvericiliklə
müəyyən edilmiş qaydada məhkəmə hökmünün icrası zamanı” (CM-nin 56.4.2- maddəsi)
cəzaçəkmə müəssisəsinin növü dəyişdirilə bilər. Qanunverici burada “yalnız”
sözünü işlətməklə başa salır ki, bu göstərilən 2 qaydadan başqa heç bir halda
rejim dəyişdirilə bilməz. Onda bəs mənə CM-nin 263.1-1-ci maddəsi ilə verilmiş
cəzanın rejimini hansı qanuna görə dəyişib məhkəmə? Bəllidir: siyasi fəaliyyətimdən,
siyasi mövqeyimdən narahat olan qüvvələrin “tapşırıq qanunu” ilə.
CM-nin 58.1-ci maddəsinə əsasən,
“... şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları
nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə
ədalətli cəza təyin edilir ... ”.
CM-nin Xüsusi hissəsində
- 263.1-1-ci maddəsində azadlıqdan məhrumetmə cəzasının müddəti 3 (üç) ilədək
(3 aydan başlayaraq), rejimin növü isə, Məcəllənin Ümumi hissəsində - 56.1.1-ci
maddədə məntəqə tipli kimi nəzərdə tutulub.
Xüsusi hissədə - 299.1-ci
maddədə 3 aydan 6 ayadək müddət, Ümumi hissədə - 56.1.2-ci maddədə ümumi rejim
müəyyən edilib.
Təqsirim sübut edilmiş
olsa belə, CM-nin 60-cı maddəsinə əsasən, CM-nin 59.1.10-cu maddəsi nəzərə
alınmaqla mənə 2 il 3 aydan artıq müddətə cəza verilə bilməz. Ona görə ki, zərərçəkmişə
tibbi yardım göstərməyim, onu öz maşınımla xəstəxanaya aparmağım danılması
mümkün olmayan bir faktdır. CM-nin 60-cı maddəsində də deyilir ki, əgər “təqsirləndirilən
şəxs zərərşəkmişə tibbi və ya digər yardım göstəribsə”, ona maddədə göstərilən
daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq cəza verilə bilməz.
Yəni, belə: CM-nin
263.1-1-ci maddəsində nəzərdə tutulan cəzanın son həddi 3 ildir (36 ay). 36
ayın da dörddə üçü 27 ay (2 il 3 ay) edir.
Bunların mənə olan nifrəti
gözlərini elə kor edib ki, yazılı qanunları da belə açıq şəkildə pozurlar. Bir
məhbus Naxçıvanda doğulduğumu biləndə bunu çox obrazlı şəkildə belə ifadə etdi:
“onlar səni həm də vətənə xəyanətdə təqsirli biliblər deyə, 9 ay da artıq
verdiriblər”.
Yox, əgər zərərçəkmişə
tibbi yardım göstərmək də “onu ələ almaq” kimi qiymətləndiriləcəksə, onda
bundan sonra qəza yerindən qaçıb zərərçəkmişə yardım etməyən sürücüləri
qınamağa dəyməz!
Bə Nəsimi rayon məhkəməsinin
hakimi Emin Mehdiyev CM-nin Ümumi hissəsində olan hansı maddəyə istinad edərək
mənə cinayətlərin məcmusu qaydasında 3 il ümumi rejimli azadlıqdan məhrum etmə
cəzası təyin edib? Belə bir maddə varmı? Yox.
Təkcə bu rejim və müddət
məsələsi mənim siyasi məhbus olduğumu sübut etmirmi? Dünyanın hansı ən geri
qalmış ölkəsində şəxsə qanunda göstərilməyən cəza növü verilir? Bunlar məni nəinki
qanunsuz həbs ediblər, şərləyib tutublar, həm də mənə qanunda nəzərdə
tutulmayan cəza veriblər.
Demək istəmirəm ki, mənə
verilən cəzanın yalnız rejimi qanunsuzdur. Mən təkcə bu rejim məsələsi ilə
bağlı indiki siyasi rejimin qanunlara, insan haqlarına və vətəndaş hüquqlarına
saymazyana münasibətini sizə göstərmək istədim. Həbsimin ümumiyyətlə qanunsuz
olması barədə apellyasiya şikayətimdə və kassasiya şikayətimdə əsaslı dəlil və
sübutlarımı göstərmişəm.
Sonda, “cinayətlərin məcmusu
qaydasında qəti cəza təyin edərkən rejimin dəyişməsinin” qanunsuz olduğunu Azərbaycan
hakimlərinə və onlara sifariş verənlərə başa salmaq üçün, onların anlaya biləcəyi
bir dildə misal demək istəyirəm.
2 iş üzrə ayrı-ayrı 10
min “milli” və 10 min “göy” aldığınız rüşvəti məcmu qaydada qəti olaraq 20 min
“göy” kimi (indiki kursla) qəbul edərsinizmi? Bax fərq budur!
Dolların kursu manatı
aşan kimi rüşvət də “göy”lə alınacaq. Hələ ki, “milli” sevgiləri aşıb-daşır.
Bax, CM-nin 263.1-1-ci maddəsi “göy”, 299.1-ci maddəsi “milli”dir, hörmətli
hakimlər! İndi anladınız yəqin!
P.S. AR
Konstitusiya Məhkəməsi özünün 18 iyun 2013-cü il tarixli Qərarını dərhal qüvvədən
salmalı, AR Milli Məclisi isə bu problemi təcili həll edərək CM-nin 66-cı maddəsinə
“məntəqə tipli cəzalarla ümumi rejimli cəzaların toplanması və ya əhatə edilməsi
yolu ilə qəti cəza təyin edilərkən cəzaçəkmə müəssisəsinin növünün müəyyən
edilməsi qaydası”nı nizama salan yeni bənd əlavə etməlidir, əgər özlərini bu
xalq tərəfindən seçilmiş hesab edirlərsə.
Məmmədov Qurban Cəlal oğlu




































































































