Bukinqem sarayında aparılan onillik irimiqyaslı bərpa və təmir işlərindən sonra Kral III Çarlz və Kraliça Kamillanın oraya köçməyəcəyi gözlənilir.
Bizim.Media xəbər verir ki, bu barədə məlumatı kral sarayındakı etibarlı mənbəyə və illik maliyyə hesabatına istinadən "Bild" qəzeti yayıb.
Mənbənin sözlərinə görə, Kral III Çarlz hazırda yaşadığı "Klarens-haus"da (Clarence House) qalmağa üstünlük verir və özünü şəhər kənarında daha rahat hiss edir. Taxt-tacın varisi şahzadə Uilyam da ailəsi ilə birlikdə yaşadığı Vindzordakı evini London iqamətgahı kimi saxlamaq niyyətindədir və gələcəkdə Bukinqemə köçməyi planlaşdırmır.
Saray inzibati mərkəz olaraq qalacaq
Bununla belə, Bukinqem sarayı Britaniya monarxiyasının əsas inzibati və təntənəli rəsmi mərkəzi statusunu qoruyub saxlayacaq. Dövlət qəbulları, rəsmi görüşlər, xarici liderlərin vizitləri və mükafatlandırma mərasimləri yenə də məhz bu sarayda keçiriləcək. Eyni zamanda kralın rəsmi administrasiyası (ofisi) fəaliyyətini bura vasitəsilə davam etdirəcək.
Bizim.Media































































































