Rusiyanın Krasnodar diyarının Slavyansk-na-Kubani şəhərində yerləşən "Slavyansk EKO" neft emalı zavodunda (NEZ) güclü yanğın qeydə alınıb. Hadisə şahidləri tərəfindən çəkilən və sosial şəbəkələrdə, o cümlədən "Exilenova+" teleqram kanalında paylaşılan videoçarxda müəssisənin ərazisindən göyə ucalan kəsif qara tüstü və alov dalğası aydın görünür.
Bizim.Media xəbər verir ki, yerli hakimiyyət orqanlarının və operativ qərargahın yaydığı məlumata görə, yanğına Ukraynaya məxsus pilotsuz uçuş aparatlarının (PUA) hücumu və daxil olan hava hücumundan müdafiə zərbələrindən sonra dron qalıqlarının zavodun ərazisinə düşməsi səbəb olub.
İlkin məlumatlara görə, zərbələr nəticəsində zavodun ərazisindəki yanacaq çənləri alovlanıb. Hadisə yerinə çoxlu sayda yanğınsöndürmə briqadaları və xüsusi texnika cəlb olunub. PUA qalıqlarının həmçinin yaxınlıqdakı elektrik ötürücü xətlərinə ziyan vurduğu və fərdi yaşayış evlərindən birinin şüşələrini sındırdığı bildirilir.
Qeyd edək ki, sözügedən müəssisə regionun ən böyük müstəqil neft emalı zavodlarından biridir və ölkənin cənub mərkəzlərinin, o cümlədən Krımın yanacaq təminatında mühüm rol oynayır.
Bizim.Media





































































































