Lerik rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.
Bizim.Media xəbər verir ki, qəza Lənkəran–Lerik avtomobil yolunda qeydə alınıb.
Astara sakini, 1989-cu il təvəllüdlü Elnur Qurbanlının idarə etdiyi "Opel" markalı avtomobil hərəkətdə olarkən sürücünün nəqliyyat vasitəsinə nəzarəti itirməsi nəticəsində yoldan çıxaraq dərəyə yuvarlanıb. Avtomobil dərədə yerləşən ağaca çırpılaraq dayanıb.
Qəza zamanı sürücü Elnur Qurbanlı, həyat yoldaşı Aidə Qurbanlı (1995-ci il təvəllüdlü), onların 5 yaşlı övladı və sərnişin Rəvanə Əliyeva (1989-cu il təvəllüdlü) müxtəlif dərəcəli xəsarətlər alıblar.
Yaralılar hadisə şahidlərinin köməyi ilə avtomobildən çıxarılıb və tibbi yardım göstərilməsi üçün xəstəxanaya çatdırılıblar.
İlkin məlumata əsasən, yolun yağış səbəbindən sürüşkən olması qəzanın baş verməsində əsas amillərdən biri kimi qiymətləndirilir.
Hadisənin dəqiq səbəblərinin müəyyənləşdirilməsi istiqamətində araşdırma aparılır.

Sabutay, Bizim.Media, Cənub bürosu


































































































