Bakı şəhərində məktəbli özündən 10 yaş böyük taksi sürücüsünün qanını axıdıb. Bakı şəhər Baş Polis İdarəsindən Moderator.az-a verilən məlumata görə, Qaraçuxur qəsəbəsi Şərq yaşayış sahəsində qəsəbə sakini Ömər Talıbov bıçaqlanıb. Yaralı 3 saylı xəstəxanaya yerləşdirilib. Suraxanı Rayon Polis İdarəsinin 32-ci polis bölməsi əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində cinayətdə şübhəli bilinən Bakı şəhər sakini Elvin Mirzəyev tutulub.
Suraxanı rayon Polis İdarəsindən bildirilib ki, 16 yaşlı Elvin Mirzəyev Suraxanı rayonundakı 146 saylı orta məktəbin 9-cu sinif şagirdidir. Onun taksi sürücüsü işləyən 26 yaşlı Ömər Talıbovla məhəllə söhbətü üstündə mübahisəsi düşüb. Ömərə məhəlləsinə tez-tez gəlməsini irad tutan məktəbli bıçağı onun ağ ciyərinə sancıb.
Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.





































































































