Əhalinin banklardakı əmanətlərinin həcmi AZALIR – “Vəziyyət bu cür davam etsə...”

Hazırda oxunan: Əhalinin banklardakı əmanətlərinin həcmi AZALIR – “Vəziyyət bu cür davam etsə...”

166672

Bankların noyabr ayında əmanət portfellərində azalma müşahidə olunub. Son 1 ayda banklarda əmanətlərin həcmi 12 milyard 705 milyon manatdan 12 milyard 564 milyon manatadək azalıb. Bu o deməkdir ki, yalnız 1 ayda bank əmanətlərində 141 milyon manat azalma qeydə alınıb.

“Bütün banklar böyük bir risklə üz-üzə qalıblar”

Mövzu ilə bağlı fikirlərini Bizim.Media-ya açıqlayan iqtisadçı-ekspert Xalid Kərimli əmanətlərin azalmasını “Muğan Bank”ın bağlanması ilə əlaqələndirib.
 

MÖVZU İLƏ BAĞLI:

“Muğan Bank”ın əmanətçilərinə 100 milyon manatdan çox kompensasiya ÖDƏNİLİB 


Onun sözlərinə görə, həm bankların, həm də də vətəndaşların üzləşdiyi əsas risklər sığortalanmayan əmanətlərlə bağlıdır:

“Əsasən də ilk onluğa daxil olmayan bütün banklar bu risklə üz-üzə qalıblar. Məbləği 100 min manatdan yuxarı olduğu üçün sığortalanmayan əmanətlərə malik şəxslər də bununla bağlı öz vəsaitlərini geri götürürlər”.

Bankların üzləşdiyi bu problem nə vaxta kimi davam edəcək? 

X.Kərimli prosesin yaxın aylarda da davam edəcəyini diqqətə çatdırıb:

“Vətəndaşlar vəsaitlərini geri çəkdikcə, banklarda maliyyə qıtlığı yaranacaq. Buna görə də faiz dərəcələrini artırmağa məcbur olacaq. Hökumət də təqdim etdiyi yeni güzəştə görə, 20 min manata qədər əmanətlər gəlir vergisindən azad olunub. Bu baxımdan da növbəti ildən stabilləşməni müşahidə edə biləcəyik”.

Bəs, sığortalanmayan əmanətlərin aqibəti necə olacaq? 

Ekspertin sözlərinə görə, bağlanan banklarda qalan sığortalanmayan əmanətlər çox uzun müddətdən sonra geri qaytarılır:

“Bu vəsaitlər bankın öhdəliyidir və geri qaytarılmalıdır. Ancaq “Banklar haqqında” Qanunun 81-ci maddəsində, müflisləşmə zamanı borcların ödənilməsi ardıcıllığı göstərilib. Birinci yerdə, ləğvedici qurum və funksiyaların təyin olunması durur. Bəllidir ki, həmin qurum Əmanətlərin Sığortalanması Fondudur. 

“Muğan Bank”ın hesabına baxsaq, 217 milyon manatlıq sığortalanan əmanətlərin olduğunu görə bilərik. Bunun 101 milyon manata qədəri qaytarılıb. Növbəti yerdə, bank işçilərinin öhdəliklərinin icra olunması dayanır, sonra isə işçilərin 6 ay müddətində yığılmış əmək haqqı borcları ödənilir. 
Həmin maddənin 2-ci bəndinə görə isə ləğvedici qurumun öz daxili xərcləri nəzərə alınır. Yəni, ləğvetmə prosesində iştirak edən əməkdaşların haqqının ödənilməsi həyata keçirilir. Bütün proseslərdən sonra vəsait qalarsa, növbə təminatsız kreditorlara ödənilmələrə çatır. Onların içərisində isə həm hüquqi şəxslərin vəsaitləri, həm sığortalanmayan əmanətlər, digər bankın istiqrazları üzrə borclar və digərləri var. Sonda isə səhmdarlar öz pullarını geri alırlar”.

Müştərilər banklarla hansı sövdələşməyə gedirlər?

İqtisadçı ekspert Fuad İbrahimov bildirib ki, təkcə noyabr ayının göstəricisi hansısa bir tənəzzül dövrünün yaşanması kimi qəbul edilə bilməz:

“Proses ən azından 1 rüb, yəni 3 ay davam etməlidir ki, həyacan siqnalı çalınsın. Nəzərə alaq ki, əmanətlərin az bir hissəsi sığortalanmayıb. Səbəbi də odur ki, sığortalanan vəsaitlərin faiz dərəcələri çərçivəsində olması vacibdir. Müştərilər bazarda qiymətləndirmə apardıqdan sonra nadir hallarda öz vəsaitlərinin banklara yatırılmasını təmin edirlər. Belə ki, sığortalanan hissə 10 faizə qədərdirsə, bankla sövdələşməyə gedir və 12 faizlə, amma sığortalanmamış şəkildə vəsaitlərini yerləşdirirlər. Bununla da bağlı faktlar var”.

Onun sözlərinə görə, “Muğan Bank”ın bağlanması bazarda bir qədər ajiotaja və bəzi şaiyələrə səbəb oldu. Hər şeyə rəğmən bank sektorunda neqativ halın olmadığını söyələyən ekspert, manatın dayanqlılığına qarşı hər hansı bir təzyiqin olmadığını da vurğulayıb:
“Bu, sadəcə, statistik göstəricidir. Dekabrdan sonra prosesin hansı istiqamətdə getdiyi bəlli olacaq. Əgər azalma 3 aydan çox davam edərsə, bu, artıq kapitalın geri çəkilməsi kimi  qiymətləndirilə bilər”.

Rövşən Ziya, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO