Dünya futbolunun əfsanəsi Lionel Messi rəsmi olaraq milyarder statusu qazanıb. O, dünya idmanının ən qapalı klublarından birində özünün çoxillik rəqibi Kriştiano Ronaldoya qoşulub.
Bizim.Media xəbər verir ki, "Bloomberg" agentliyinin məlumatına görə, 38 yaşlı hücumçunun sərvəti rekord müqavilələr, bonuslar və futbol meydanından kənar uğurlu investisiyalar sayəsində 1 milyard dollar həddini keçib.
Aparılan analizlərə əsasən, Lionel Messi 2007-ci ildən bəri yalnız maaş və bonuslar şəklində 700 milyon dollardan çox gəlir əldə edib.
Vergilər çıxıldıqdan, investisiya gəlirləri və irimiqyaslı reklam müqavilələri hesablandıqdan sonra, "Bloomberg Billionaires Index" onun xalis kapitalının rəmzi milyardlıq zirvəni fəth etdiyini təsdiqləyib.
Bu nəticə argentinalı ulduzu futbol tarixində milyarder statusuna çatan ikinci oyunçu edir. Tarixdə ilk futbolçu milyarder isə 2023-cü ildə Səudiyyə Ərəbistanının "Əl-Nəsr" klubuna keçidindən sonra Kriştiano Ronaldo olmuşdu. Əgər Ronaldonun brendi aqressiv marketinq strategiyası və qlobal kommersiyalaşma üzərində qurulmuşdusa, Messinin milyardlıq maliyyə statusuna gedən yolu daha tədrici, uzunmüddətli tərəfdaşlıqlara və kapitalın ailə tərəfindən idarə edilməsinə əsaslanıb.
Messinin sərvətinin sürətlə artmasında onun ABŞ-ın "İnter Mayami" klubuna keçidi xüsusi rol oynayıb. Səudiyyə Ərəbistanından illik təxminən 400 milyon dollarlıq nəhəng müqavilə təklifi almasına baxmayaraq, o, ABŞ-ı seçib.
Messinin özü daha rəsmən bildirmişdi ki, karyera seçimində pul onun üçün heç vaxt əsas amil olmayıb.
Buna baxmayaraq, onun Amerika klubu ilə imzaladığı müqavilə maliyyə baxımından innovativ olub. Klubun sahibi Xorxe Masın sözlərinə görə, oyunçunun ümumi birbaşa gəliri illik 70-80 milyon dollar təşkil edir, lakin müqaviləyə əlavə qazanc mənbələri — yayım platformalarının kommersiya gəlirlərindən və tərəfdaşlıqlardan gələn paylar da daxildir. Messinin gəlişi fonunda "İnter Mayami"nin bazar dəyəri 1.45 milyard dollara yüksələrək, onu ABŞ-ın ən bahalı futbol layihəsinə çevirib.
Argentinalı ulduzun sərvətinin böyük bir hissəsi təkcə futboldan formalaşmır. Atası Xorxe Messi və maliyyə məsləhətçisi Alfonso Nebot Armisenin idarəçiliyi altında futbolçu öz investisiyalarını aktiv şəkildə şaxələndirib (diversifikasiya edib). Onun portfelinə daşınmaz əmlak, hotel aktivləri və təxminən 232 milyon dollar dəyərində qiymətləndirilən kommersiya investisiya fondu daxildir.
Bundan əlavə, Messi istehlak sektorunda da fəallığını artırıb: o, özünün "Mas+ by Messi" adlı idman içkisini bazara çıxarıb, həmçinin Argentinada "El Club de la Milanesa" restoranlar şəbəkəsinə böyük investisiyalar yatırıb. Bu layihələr Maykl Cordan və Rocer Federer kimi idman əfsanələrinin strategiyasını təkrarlayaraq, Messinin futbol karyerası bitdikdən sonra da gəlirli brend olaraq qalmasını təmin edəcək.
Bizim.Media


































































































