“Özümə yer tapa bilmirdim, ruhum rahat deyildi”
“Muğam bizim ana laylamızdır. Kökümüz, damarımızdakı qanımızdır. Avropasayağı, müasir musiqilərdən də istifadə etmək olar, amma kökümüzü unutmamalıyıq. Elə ölkələrdə oluruq ki, onlara muğam tamamilə yaddır, amma biz ifa edəndə o qədər duyğulanırlar ki. Gəlib bu sənətlə, oxuduqlarımızla maraqlanırlar. Muğamı danmaq, kökünü danmaqdan da betərdir. Muğamı dərk etmək də, hər insanın işi deyil. Bunun üçün hiss, duyğu, savad, kökə bağlılıq lazımdır”.
Bunu Moderator.az-a açıqlamasında xalq artisti, sevimli xanəndə Nəzakət Teymurova deyib.

“Biz o illərdə müəllimlərimizdən çox şeyi öyrənib, beynimizə yazırdıq. Amma indiki uşaqlar telefona yazır. Heydər Əliyev Fondunun dəstəyi ilə, hər il iki ildən bir Muğam Müsabiqələri keçirilir. Gənclərə böyük bir şərait yaradılıb. O şəraitdən istifadə edib professor da olmaq olar. Gənclərin bir çoxu üzərlərində çalışmırlar. Nə muğam öyrəniblərsə, elə müsabiqə vaxtı öyrəndikləridir. Bir-iki muğam ifa etməklə, onu əzbərləməklə sənət olmur. Sənət ayrıdır, toy ayrı. Toya can atmağa çaışmasınlar, əsas muğamları öyrənsinlər. Bu gün zövqlər dəyişib. Bayağı musiqilər, mahnılar çoxdur. Bu məni çox narahat edir. Onların məqsədi yutubda, sosial şəbəkələrdə tanınmaqdır” deyə sənətkar bildirib.
Xalq artisti doğma yurdu Ağdamdan da danışıb.

“Ağdam işğaldan azad olunmazdan əvvəl yuxularım da ərşə çəkilmişdi. İçimdə o qədər narahatlıq var idi ki. Elə bil ki, kimsə məni yuxudan oyadırdı ki, “sən necə rahat yatırsan?!”. Bir evimdən birinə köçürdüm, içim rahat deyildi. Elə bilirdim ki, bu ev mənə düşmür, o ev mənə düşmür. Özümə yer tapa bilmirdim. Ruhum rahat deyildi. Bu günki günə çox şükür. Ölənə qədər şəhidlərimizə, igidlərimizə borcluyuq ki, onlar bu torpaq uğrunda can qoyub, qan töküblər. O torpaqlara ayaq basanda da elə bilirəm ki, cismimdə bir oyanış olur. Çox şükür ki, bu gün Ağdamda bərpa işləri gedir, yenidən qurulur” deyə sənətkar bildirib.
Xanəndə şəxsi həyatını efirlərə gətirən həmkarlarını qınadı.

“Biz real həyatları yaşayırıq. Dərdimiz də, sevincimiz də, kədərimiz də olur. Yaxşısı ilə, pisi ilə bu bizim həyatımızdır. Çalışmışıq ki, şəxsi həyatımızı, özəl məlumatlarımızı efirlərə gətirməyək. Biz şou adamları deyilik axı. Mən də həyatıma şou qatmadım. Sənətimiz çətindir, məsuliyyətlidir. Bu gün şəxsi həyat əcaib formada efirlərdə göstərilir, təbliğ olunur” deyə xanəndə bildirib.





























































































