Həvəskar balıqçıların DİQQƏTİNƏ - Bu balıqları ovlamaq qadağandır

Həvəskar balıqçıların DİQQƏTİNƏ - Bu balıqları ovlamaq qadağandır

Hazırda oxunan: Həvəskar balıqçıların DİQQƏTİNƏ - Bu balıqları ovlamaq qadağandır

635505

Balıq ovu mövsümünün sentyabrın 1-dən yenidən başlaması ilə balıq bazarında həm qiymətlər, həm də məhsulun növü gündəmə gəlib. Belə ki, müəyyən su hövzələrində aprelin 1-dən sentyabrın 1-dək sənaye məqsədli balıq ovu qadağan edilmişdi. Hazırda isə müxtəlif su hövzələrində ayrı-ayrı balıq növlərinin ovuna müəyyən müddətlərdə icazə verilir.

Bəs mövsümün başlaması balıq qiymətlərinə necə təsir edəcək?

Mövzu ilə bağlı Bizim.Media-ya danışan iqtisadçı-ekspert Ruslan Atakişiyevin sözlərinə görə, daha çox bayramlar dövründə, xüsusilə ilin sonuna yaxın, dekabr ayında qiymət artımı baş verir.

Eləcə də mövsümün sonunda balıq qiymətlərində də müəyyən bahalaşmalar müşahidə olunur:

“Hazırda mövsüm yeni başladığı üçün qiymətlərin hansı səviyyədə formalaşacağını bazarın gedişatı göstərəcək. Lakin ümumilikdə ildən-ilə balıq məhsullarının qiymətində müəyyən faiz artımı müşahidə olunur.

Azərbaycanda balıq məhsullarının bir hissəsi Norveç, İran, Türkiyə və Rusiyadan idxal olunur. Buna görə də qiymətlər məhsulun mənşəyindən və idxal xərclərindən asılı olaraq dəyişir. Təbii ki, burada istehlakçı tələbatı və bazardakı maraq da mühüm rol oynayır”.

Hazırda hansı növlərin ovuna icazə verilir?

Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsinin müdiri Ramin Qurban sorğumuza cavab olaraq bildirdi ki, Azərbaycan Respublikasında balıq və digər su bioresurslarının ovuna icazə verilməsi konkret növdən əlavə, ovun məqsədindən, müddətindən, yerindən, istifadə olunan ov alətindən, balığın ölçüsündən və müəyyən edilmiş kvotadan asılıdır. Balıq ovu Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 2 iyun tarixli 243 nömrəli Qərarı ilə təsdiq edilmiş “Balıq və digər su bioresursları ovunun Qaydaları”na əsasən tənzimlənir.

Nazirliyin məlumatına əsasən, ovlanmasına icazə verilən  balıq növlərinə Kilkə, Siyənək, Kütüm, Külmə, Kefal, Çəki, Çapaq, Qarasol, Sıf, Naxa, Durna balığı aiddir.

Nərə cinsli balıqlar- qaya balığı (kələmo), nərə, bölgə, uzunburun; zərdəpər; Xəzər qızılbalığı; dəniz sıfı; qızılxallı; qılıncbalıq; Şirvan külməsi; Xəzər şirbiti; poru isə ovlanması qadağan edilən balıq növlərinə daxildir:

“Balıqların kürütökmə dövrü ilə əlaqədar olaraq aşağıdakı su hövzələrində idman və həvəskar balıq ovu 1 may – 30 iyun tarixləri aralığında qadağan edilir:

- Xəzər dənizi (gölü) və ona tökülən bütün çaylar;

- Kür və Araz çayları ilə əlaqəli bütün su hövzələri.

İdman və həvəskar balıq ovu ilə məşğul olanlar göstərilən tələblərə əməl etməklə 1 iyul tarixindən ov edə bilərlər.

Ovlanan balıq və digər su bioresurslarının miqdarına aşağıdakı məhdudiyyətlər tətbiq edilir:

- gün ərzində 10 ədəd dən çox olmayan xərçəng;

- gün ərzində 0,5 kq-dan artıq olmayan krevet və digər onurğasızlar;

- ovlanmış bir balığın çəkisinin 5 kq-dan çox olması halları istisna edilməklə balıqçılıq su obyektində olduğu müddətdə 5 kq-dan çox olmayaraq balıqlar”.

Vətəndaşlar bazarda satılan balığın qanuni yolla ovlandığını necə müəyyən edə bilərlər?

Nazirliyin məlumatına görə, balığın ovunun qanuni hesab edilməsi yalnız onun növündən asılı deyil. Ov zamanı müəyyən edilmiş minimum ölçülərə, ov müddətinə və ərazilərinə riayət olunmalıdır.

Bildirilib ki, satışa çıxarılan balıqçılıq obyektlərinin mənşəyi, növü, miqdarı, ölçüsü və çəkisi barədə məlumatları əks etdirən müşayiətedici sənədlər olmalıdır. Qanunsuz ovlanmış balıqçılıq obyektlərinin ticarət dövriyyəsinə daxil edilməsinə yol verilmir.

Bu baxımdan, vətəndaşların balıq alarkən məhsulun qanuni mənşəyini təsdiq edən müşayiətedici sənədlərin mövcudluğuna, məhsulun etiketlənməsinə və satış yerinin qanunvericiliyin tələblərinə uyğun fəaliyyət göstərməsinə diqqət yetirə biləcəyi vurğulanır.

Qeyd edilib ki, məhsulun qida təhlükəsizliyi baxımından isə qanunvericiliklə nəzərdə tutulmuş baytarlıq və digər müvafiq sənədləşmə tələblərinə riayət olunmalıdır.

Xədicə Paşayeva, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO