Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi və tabeliyində fəaliyyət göstərən Mənəvi Dəyərlərin Təbliği Fondunun təşkilatçılığı ilə ölkəmizə səfər edən Türkiyə, Gürcüstan və İraqdan olan azərbaycanlı din xadimləri Xankəndidən sonra Ağdama gəliblər.
Bizim.Media xəbər verir ki, nümayəndə heyəti əvvəlcə Ağdam şəhərindəki Şəhidlər xiyabanını ziyarət edib.
Məlumat verilib ki, Ağdam Şəhidlər xiyabanında Birinci Qarabağ müharibəsində şəhid olan qəhrəman Vətən övladları, o cümlədən Xocalı soyqırımında öldürülən şəhər sakinlərinin bir hissəsi dəfn edilib. Ağdamda hər şeyi məhv edən erməni vandalları Şəhidlər xiyabanındakı qəbirləri də dağıdıblar.
Din xadimləri şəhidlərin ruhuna dualar oxuyublar.
Daha sonra Ağdam şəhər Cümə məscidinə gələn qonaqlara ermənilərin mədəni, tarixi, dini abidələri məhv etmələri və Ağdam işğaldan azad olunduqdan sonra Azərbaycan dövləti tərəfindən həyata keçirilən bərpa-quruculuq işləri barədə məlumat verilib.
Bildirilib ki, ermənilər işğal etdikləri digər rayonlarda olduğu kimi, Ağdamda da Azərbaycanın tarixi-mədəni irsinə qarşı görünməmiş vandalizm aktları həyata keçiriblər. Rayondakı abidələr, mədəniyyət ocaqları, məscidlər, qəbiristanlıqlar dağıdılıb, təhqir edilib. Erməni vandalizminə məruz qalan tarixi-dini abidələrdən biri də Ağdam şəhər Cümə məscididir. Ağdam Cümə məscidi 1868-1870-ci illərdə memar Kərbəlayi Səfixan Qarabaği tərəfindən tikilib. Ölkə əhəmiyyətli abidələr siyahısında olan bu məscid “Qarabağ məscid memarlığı” məktəbinə aiddir.
Ermənilər hərbi məqsədlərə görə məscidi dağıtmayıb, onun minarələrindən koordinasiya üçün istifadə ediblər. Məscidin minarələri daxildən sökülüb, tavanı bir neçə yerdən uçurulub, dizayn və yazıları qəsdən yararsız, tanınmaz vəziyyətə salınıb. Erməni vandalları Ağdam Cümə məscidində mal-heyvan saxlamaqla azərbaycanlılara, müsəlman aləminə qarşı nifrətlərini nümayiş etdiriblər. Ağdam şəhəri işğaldan azad olunduqdan sonra Cümə məscidi bərpa edilərək əvvəlki görkəminə qaytarılıb.
Din xadimləri məsciddə namaz qılıblar.
Nümayəndə heyətinə Böyük Qayıdış Proqramı çərçivəsində Ağdamda görülən işlər barədə də məlumat verilib. Bildirilib ki, yenidən qurulan Ağdam şəhərinə və üç kəndə keçmiş məcburi köçkünlərin qayıdışı təmin olunub, bu istiqamətdə işlər davam etdirilir.






Bizim.Media































































































