
- A-
- A
- A+
XIX əsrdə qərb sahibkarları ən iri zavodlarını burda tikirdilər – Avropalıları geyindirən rayonumuz
Hər şəhərin bir adı, hər adın isə öz tarixçəsi var. Bəzən bir adın arxasında əsrlərin yaddaşı, unudulmuş sivilizasiyalar, böyük ticarət yolları və maraqlı hadisələr gizlənir.
Azərbaycanın qədim yurd yerlərindən olan Ağdaş da belə diyarlar sırasındadır.
Ağdaş Azərbaycanın qədim tarixə və zəngin ənənələrə malik rayonlarından biridir. Ağdaşın yaşayış məntəqəsi kimi tarixi XVI əsrə gedib çıxır. 1900-cü ildə şəhər statusu alsa da, 1930-cu ildə yenidən rayon edilib. Lakin orta əsrlərin son dövrlərində Ərəş adlanan bu ərazi dövrünün tanınmış sultanlıqlarından olub. Sonralar Səfəvi-Osmanlı müharibələrində əldən-ələ keçən Ərəş sultanlığı xeyli zəiflədi və XVIII əsrin 50-ci illərində Şəki xanlığının vassalına çevrildi. 1795-ci ildə Sultanlıq ləğv edilərək Şəki xanlığına qatıldı.
Çarizmin 1873-cü ildə Qafqazda həyata keçiridiyi inzibati islahata əsasən Yelizavetpol quberniyasının tərkibində Ərəş qəzası yaradıldı. 1926-cı ildə qəza tamamilə ləğv edilərək bir hissəsi Şəki, bir hissəsi də Göyçay qəzasına verildi.
Avropanın 8 nəhəng zavoduna ev sahibliyi edirdi
XIX əsrin sonlarında Ağdaşda pambıq emalının şöhrəti elə yayılmışdı ki Polşanın o zamanlar məşhur Poznan şirkətinin Lodz kontorunun müdiri Ramendik 1887-ci ildə Ağdaşa gələrək burada pambıq alıcı məntəqələri açıb, pambığın ilkin emalı və qablaşdırılması üçün 4 ədəd kotton-çin dəzgahı və bir press qurmuşdu. Artıq 1897-ci ildə Ağdaşda kotton-çin maşınlarından ibarət 7 zavod fəaliyyət göstərirdi.
1888-ci ildə Ağdaş bazarında 3100 pud pambıq satılmışdırsa, 1892-ci ildə bu rəqəm 28000 puda çatmışdı. Beləliklə, XIX əsrin ikinci yarısından başlayaraq Avropanın qabaqcıl toxuculuq mərkəzləri ilə əlaqə saxlayan Ağdaş XIX əsrin sonunda bütün Qafqazda pambıq istehsalı, emalı və satışının mərkəzinə çevrilmişdi.
Qafqaz pambıqçılarının I Qurultayının 1904-cü ildə Ağdaşda çağırılması da bunu sübut edir. Təəssüf ki, Ağdaşda fəaliyyət göstərən həmin 7 pambıqtəmizləmə zavodunun ilkin binaları və ya tarixi qalıqları günümüzə gəlib çatmayıb. Sovet hakimiyyəti qurulduqdan sonra fərdi sahibkarlara və xarici şirkətlərə məxsus emal müəssisələri ya sökülmüş, ya da tamamilə yenidən qurularaq Sovet dövrünün pambıqtəmizləmə zavodlarının və tədarük məntəqələrinin anbarına çevrilmişdi.
Marseldən İtaliya şəhərlərinə qədər süfrələri bəzəyirdi
XIX əsrin 70-ci illərində fəaliyyət göstərən Ağdaş bazarında pambıqdan başqa digər ənənəvi məhsullar da satılırdı. XX əsrin əvvəllərində "Qafqaz" qəzeti yazırdı ki, "Ağdaş Marsel və İtaliyanın şəhərlərinə göndərilən həm bütün xam ipəyi, həm də baramanı özündə cəmləşdirən mərkəzdir". 1886-cı ildə Ləkidə tikilmiş biyan kökü emalı zavodunda istehsal olunan lakritsa boyası Amerika və Fransaya ixrac edilirdi. Ağdaşda meyvəçilik də yüksək inkişaf etmişdi. 1900-cü ildə Ləki dəmiryol stansiyası vasitəsi ilə 69745 pud qoz-fındıq, 71017 pud digər müxtəlif meyvələr tədarük edilərək xarici bazarlara daşınmışdı. Xüsusən də yüksək dairələrdə xüsusi hazırlanmış ipəklər və çərəzlər böyük tələbatla qarşılanırdı.
Harda türk varsa, orda “ağ”la başlayan bölgə adları var
Ağdaş toponiminə gəlincə isə rayonun adı ilk oxunuşundan özünü bəlli edir. Amma burada diqqəti “ağdaş” sözünün bütün türk ərazilərində yayılmasına çəkmək lazımdır. Türk xalqlarının coğrafi adlarında Ağdaş / Akdaş / Aktaş / Aqtaş formalarına müxtəlif ölkələrdə rast gəlinir.
Ümumiyyətlə türkdilli bölgələrdə “ağ” sözü ilə başlayan adlar çoxdur. Bu, yerin bərəkətinin, firavanlığının artırılması üçün düşünülmüş türk təfəkkürüdür. Bəzi mənbələr isə Ağdaş sözünü “adaş” sözündən irəli gəldiyini deyirlər. Başqa izahlarda isə rayonun əvvəlki adı – Ərəşin Araş formasının təhrif olunmuş variantı kimi qəbul edirlər.
Digər yozuma əsasən, "daş" komponenti qədim türk dillərində "çöl, bayır" mənasında işlənib və toponim "ağımtıl çöl/bayır" mənasını verir. Ağdaş ərazisində həqiqətən də torpaq qatının, daşlarının rənginin açıq olması müşahidə olunur. Bu da onu göstərir ki, insanlar, uzun illər bələd olduğu əraziləri elə öz coğrafi xüsusiyyətlərinə görə də adlandırıblar.
Şəfiqə Şəfa, Bizim.Media
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.































































































