Azərbaycanda qız uşaqları sünnət edilir? – Sensasion iddia

Azərbaycanda qız uşaqları sünnət edilir? – Sensasion iddia

Hazırda oxunan: Azərbaycanda qız uşaqları sünnət edilir? – Sensasion iddia
650045
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

“Azərbaycanın bəzi rayonlarında qız uşaqlarının sünnət edilməsi ilə bağlı sosial şəbəkələrdə məlumatlara rast gəlinir. Söhbət qadın cinsiyyət orqanının bir hissəsi olan klitorisin kəsilməsindən gedir. Bu müdaxilənin əsaslandırılması üçün müxtəlif səbəblər irəli sürülür. İddia olunur ki, qız uşağı həddi-büluğa çatdıqda cinsi həzz almasın, gələcəkdə ailə həyatı qurarkən yalnız həyat yoldaşına bağlı olsun və başqa kişilərə qarşı ehtiras hiss etməsin”.

Bu fikirləri özünün sosial səhifəsində gənc filosof Həsən Niftəliyev yazıb.
 

O, əlavə edib ki, bu məsələnin tibbi tərəfini araşdırsanız görərsiniz ki, qadın sünnəti kimi tanınan bu müdaxilə tibdə qadın cinsiyyət orqanlarının kəsilməsi (FGM) adlanır və sağlamlığa heç bir faydası yoxdur:


“Əksinə, qadının fiziki və psixoloji sağlamlığına ciddi zərər vura bilər. Mənim üçün də anlaşılmaz olan əsas məsələ budur ki, bir qız uşağının öz razılığı olmadan, özü haqqında qərar vermək imkanına belə sahib olmadığı yaşda onun bədəninə niyə belə bir müdaxilə edilməlidir?

Biz hansı dövrdə yaşayırıq?

Qız uşağı dünyaya gətirmək o deməkdirmi ki, valideyn onun bədəni və gələcək həyatı üzərində istədiyi qərarı vermək hüququna malikdir?

Doğrudanmı, bir qız uşağının klitoru kəsilməsə, gələcəkdə mütləq əxlaqsızlıq edəcək?

İnsan sədaqətini, vicdanını və əxlaqını bədəninin hər hansı bir orqanına müdaxilə etməklə təmin etmək mümkündürmü?

Əxlaq bədənin hansısa hissəsinin kəsilməsi ilə yaranmır. Sədaqət qorxu və fiziki müdaxilə ilə formalaşmır. İnsanın xarakteri, dünyagörüşü, tərbiyəsi, vicdanı və şəxsi seçimləri ilə bağlıdır. Əgər insanın əxlaqı yoxdursa, onun qadın və ya kişi olmasının da fərqi yoxdur. Mənəvi dəyərləri fiziki müdaxilə ilə yaratmaq mümkün deyil. Ən əsası, qız uşaqlarının bədəni üzərində belə bir qərar vermək nə dərəcədə insani, vicdani və ədalətlidir? Uşağın hüququnu, sağlamlığını və gələcəyini qorumaq valideynin borcudur, onun bədəninə geri dönməz müdaxilə etmək deyil”.

Nəzərə alaq ki, qadın cinsiyyət orqanlarının kəsilməsi beynəlxalq tibbi ədəbiyyatda FGM adlandırılır.

Bu anlayış tibbi zərurət olmadan qadın cinsiyyət orqanlarının müəyyən hissələrinin kəsilməsini və ya digər zərərli müdaxilələri əhatə edir. Ümumdünya Səhiyyə Təşkilatının mövqeyi birmənalı belədir ki, bu praktikanın heç bir tibbi faydası yoxdur. Əksinə onun nəticələri qadının fiziki və psixoloji sağlamlığı üçün ciddi təhlükələr yarada bilər. Xroniki ağrılar, infeksiyalar, sidik və menstruasiya problemləri, cinsi və reproduktiv sağlamlıqla bağlı çətinliklər, doğuş zamanı ağırlaşmalar və psixoloji travmalar bu müdaxilənin mümkün nəticələri arasındadır.

2025-ci ildə açıqlanan beynəlxalq məlumatlara görə, dünyada 230 milyondan çox qız və qadın bu təcrübəyə məruz qalıb. Bu rəqəmin arxasında milyonlarla insanın şəxsi həyatı, sağlamlığı və yaşamaq təcrübəsi dayanır. Hər bir rəqəm bir insanın hekayəsidir və həmin hekayələrin heç biri sadəcə statistika kimi qiymətləndirilməməlidir. Bu təcrübəni müdafiə edənlərin irəli sürdüyü səbəblərdən biri qadının gələcəkdə cinsi həzz almamasını, yalnız həyat yoldaşına bağlı qalmasını və sədaqətli olmasını təmin etmək düşüncəsidir. Lakin burada çox ciddi bir məntiq ziddiyyəti mövcuddur. İnsan sədaqətini onun bədəninə müdaxilə etməklə təmin etmək mümkün deyil.

Üstəlik 95 faizi müsəlman olan bir ölkədə belə bir iyrəncliyin icrası nə qədər İslam dəyərlərinə uyğundur?

Məsələ ilə bağlı fikirlərini Bizim.Media ilə bölüşən dinşünas Tural İrfan deyir ki, İslam dininin əsas mənbəyi olan Quranda qadın sünnəti ilə bağlı heç bir hökm yoxdur və bu praktika dini vacibat deyil, qədim yerli-mədəni ənənədir:

“Azərbaycanın bəzi şimal-qərb rayonlarında keçmişdə bu adətin mövcud olduğu, nadir hallarda və gizli şəkildə davam etdiyinə dair iddialar səslənsə də, bu hal kütləvi xarakter daşımır. Qurani-Kərimdə qızların və qadınların sünnət edilməsi barədə heç bir ayə yoxdur. Din alimlərinin əksəriyyəti bu məsələdə müsəlmanlara öhdəlik yükləyən mötəbər, səhih hədisin də olmadığını vurğulayırlar.
 

Tarixi məlumatlara görə, bu praktika İslamdan əvvəlki dövrlərə, qədim Misir və Afrika tayfalarına dayanır. Bu adət müsəlmanlarla yanaşı, Afrikanın bəzi bölgələrində yaşayan xristian və yerli dinlərə mənsub icmalar arasında da tətbiq olunur. İslam dünyasının əksər bölgələrində, o cümlədən Azərbaycanda yayılmış Cəfəri və Hənəfi məzhəblərində qadın sünnəti tətbiq edilmir. Misir kimi bəzi ölkələrdə yerli adətlərin təsiri ilə Şafii məzhəbinin bəzi qollarında rast gəlinsə də, bu gün Əl-Əzhər kimi nüfuzlu İslam qurumları qadın sünnətini qadağan edən və sağlamlığa zərərli sayan fətvalar veriblər.


Müxtəlif illərdə guya Azərbaycanın şimal-qərb rayonlarının bəzi kəndlərində bu adətin keçmişdə mövcud olduğu bildirilib. Ancaq bu, həqiqət deyil, ənənənin Şimali Qafqaz, xüsusilə Dağıstan xalqlarının yerli mədəni təsiri ilə yayıldığı ehtimal olunur. İddialara görə, həmin kəndlərdə bu prosedur Afrikadakı kimi orqanın tam kəsilməsi formasında deyil, daha çox simvolik xarakter daşıyıb.

Hazırda Azərbaycanda qadın sünnəti geniş yayılmış bir praktika deyil.

Yerli sakinlərin əksəriyyəti bu adətin artıq keçmişdə qaldığını bildirir. Tibbi baxımdan qadın sünnəti heç bir sağlamlıq faydası olmayan, əksinə infeksiya, qanaxma, psixoloji travma və gələcəkdə reproduktiv sağlamlıq problemlərinə yol açan təhlükəli müdaxilə hesab olunur. Bir sözlə, İslam dinində oğlan uşaqlarının sünnəti tövsiyə olunsa da, qızların sünnəti əmr olunmayıb. Odur ki, bu kimi yanlış və zərərli adətləri İslamın adına yamaq da doğru deyil”.

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO