Avropada idarəetmə sistemi necə çökür?

Avropada idarəetmə sistemi necə çökür?

Hazırda oxunan: Avropada idarəetmə sistemi necə çökür?
646194
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Bu gün Fransada yeni nümayiş və tətillərin keçirilməsi gözlənilir. Həmkarlar ittifaqları və tələbə təşkilatları yaşayış xərcləri, təhsilin vəziyyəti və ictimai xidmətlərlə bağlı narazılıqlarını yenidən gündəmə gətiriblər. Hakimiyyət isə mümkün iğtişaşların qarşısını almaq üçün ölkə üzrə 70 min polis əməkdaşı səfərbər etməyi planlaşdırır.

Avropada nə baş verir?

Avropa uzun illər dünyaya demokratiyanın, insan hüquqlarının, sosial rifahın və hüquqi dövlətin nümunəsi kimi təqdim olunub. Lakin bu gün həmin qitənin müxtəlif ölkələrində küçələrə çıxan narazı kütlələr Avropanın yaratdığı parlaq imicin arxasında gizlənən ciddi problemləri üzə çıxarır.

Fransadan Almaniyaya, Belçikadan digər Avropa ölkələrinə qədər müşahidə olunan etirazlar təsadüfi hadisələr deyil. Bunlar illər ərzində yığılıb qalmış sosial, iqtisadi və siyasi problemlərin, hökumətlərin cəmiyyətlə dialoq qurmaq qabiliyyətinin zəifləməsinin nəticəsidir.

Avropada baş verənləri yalnız ayrı-ayrı hökumətlərin qərarlarına qarşı etiraz kimi qiymətləndirmək doğru olmazdı. Bu ilk növbədə sistemin çökməsinin gəstəricisidir. Bir zamanlar bir araya gələn Avropa dövlətləri bu gün bir-birinə yardımçı olmaq əvəzinə bir-biri ilə çəkişmə aparır, ampisiyalar irəli sürür. Bunu görən vətəndaşların da dövlət institutlarına, siyasi elitalara və mövcud idarəçilik modelinə inamı sarsılır. İnsanlar artıq yalnız daha yüksək əməkhaqqı, ucuz ərzaq və münasib mənzil tələb etmirlər. Onlar həm də öz səslərinin eşidilməsini, qərarların onların maraqları nəzərə alınmaqla qəbul edilməsini istəyirlər.

Sosial-iqtisadi problemlər etirazların əsas hərəkətverici qüvvəsidir

Avropada etirazların başlıca səbəblərindən biri əhalinin gündəlik həyat şəraitinin ağırlaşmasıdır. Ərzaq, yanacaq, enerji və mənzil qiymətlərinin artması, əməkhaqlarının yaşayış xərclərinə uyğunlaşmaması, sosial təminatla bağlı narazılıqlar insanların səbir kasasını daşıran əsas amillərdir.

Məsələn, 2021-ci ilin avqustundan 2026-cı ilin avqustunadək Aİ-də ərzaq və alkoqolsuz içkilərin qiymətləri 34 faiz artıb. Bu rəqəm sadəcə iqtisadi göstərici deyil. Bu, milyonlarla ailənin büdcəsinə əlavə yük, aşağı gəlirli təbəqələr üçün isə daha çətin həyat deməkdir.

İspaniya və Portuqaliyada mənzil böhranı, kirayə haqlarının yüksəlməsi, gənclərin müstəqil həyata başlamaq imkanlarının məhdudlaşması etirazların əsas səbəblərindəndir. İspaniyada yaşlı bir qadının mənzil kirayəsinin kəskin artırılmasından sonra evdən çıxarılması geniş ictimai narazılığa səbəb olub. Portuqaliyada isə 2015–2024-cü illər ərzində mənzil qiymətlərinin iki dəfədən çox artması sosial gərginliyi gücləndirib.

Fransada isə etirazların miqyası daha genişdir. Əvvəlcə məktəblərdə müəllim çatışmazlığı, təhsil müəssisələrinin vəziyyəti və universitetlərə qəbul sistemi ilə bağlı başlayan narazılıq sonradan bahalaşma, yanacaq qiymətləri, əməkhaqqı və pensiya məsələlərini də əhatə edib. Beləliklə, ilkin tələblər ümumi hökumət siyasətinə etimadsızlıqla birləşib.

Almaniyada da 31 oktyabr nümayişlərində gənclər təhsilə, səhiyyəyə və sosial xidmətlərə daha çox vəsait ayrılmasını, yaşayış xərclərinin azaldılmasını, eləcə də hərbi xərclərin artırılması ilə bağlı narahatlıqlarının nəzərə alınmasını tələb ediblər.

Gənclərin gələcəyə inamı itib

Avropadakı etirazların digər mühüm səbəbi gənc nəslin gələcəklə bağlı narahatlığıdır. Bir vaxtlar Avropa gənclər üçün sabit iş, yüksək sosial təminat, keyfiyyətli təhsil və firavan həyat vəd edən məkan kimi qəbul olunurdu. İndi isə bir çox gənc üçün bu vədlərin reallığa çevrilməsi getdikcə çətinləşir.

Mənzil almaq, layiqli iş tapmaq, ailə qurmaq, təhsil xərclərini qarşılamaq və sosial yüksəliş əldə etmək əvvəlki nəsillərlə müqayisədə daha mürəkkəb məsələyə çevrilib. Nəticədə gənclər mövcud siyasi və iqtisadi sistemin onların maraqlarına xidmət etmədiyini düşünürlər.

Avropanın müxtəlif ölkələrində gənclərin narazılığının əsas səbəbləri sırasında keyfiyyətsiz təhsil, iqtisadi imkanların məhdudluğu, korrupsiya, mənzil problemi və siyasi qərarlara təsir edə bilməmək hissi göstərilir.

Bu, sadəcə gənclərin etirazı deyil, Avropanın gələcək nəsillərlə münasibətlərində yaranmış ciddi problemdir.

Siyasi etimadsızlıq və idarəetmə böhranı

Avropa ölkələrində baş verən hadisələrin daha dərin səbəblərindən biri də hakimiyyətlə cəmiyyət arasında etimadın zəifləməsidir. Seçkilər zamanı verilən vədlərin yerinə yetirilməməsi, sosial problemlərin həllində ləngimələr, siyasi elitanın vətəndaşların gündəlik qayğılarından uzaq görünməsi narazılıqları artırır.

Xüsusilə Fransa nümunəsi bu baxımdan diqqət çəkir. Prezident Emmanuel Makronun hakimiyyəti dövründə ölkədə siyasi parçalanma, hökumətlərin parlamentdə dayanıqlı dəstək əldə etməkdə çətinlik çəkməsi və büdcə mübahisələri idarəetməni daha da mürəkkəbləşdirib. Bu şəraitdə sosial narazılıqlar asanlıqla siyasi böhrana çevrilir.

Etirazlar fonunda Makron hakimiyyətinin anlamadığı bir həqiqət var: vətəndaşın etirazını polis dəyənəyi ilə dayandırmaq mümkündür, lakin onun narazılığını doğuran səbəbləri aradan qaldırmadan cəmiyyətdə sabitlik yaratmaq mümkün deyil.

Hərbiləşmə və sosial prioritetlər ətrafında mübahisələr

Avropada ictimai narazılığı artıran məsələlərdən biri də dövlət büdcələrinin prioritetləri ilə bağlı mübahisələrdir. Təhlükəsizlik və müdafiə xərclərinin artırılması, hərbi potensialın gücləndirilməsi, Ukraynaya dəstək və Avropanın təhlükəsizlik arxitekturasının yenidən qurulması hökumətlərin gündəmində mühüm yer tutur.

Lakin cəmiyyətin müəyyən təbəqələri haqlı olaraq sual edir ki, dövlətlər müdafiəyə daha çox vəsait ayırdığı bir vaxtda niyə məktəblərin, xəstəxanaların, sosial xidmətlərin və mənzil proqramlarının maliyyələşdirilməsi ilə bağlı problemlər qalmalıdır?

Bu sual xüsusilə gənclər arasında narazılığın siyasi məzmununu genişləndirir. Almaniyada oktyabrın 31-də keçirilən nümayişlərdə də hərbi xərclər və sosial sahələrə ayrılan vəsaitlərin nisbəti müzakirə mövzularından biri olub.

Əlbəttə, Avropanın təhlükəsizlik problemləri realdır və müdafiə qabiliyyətinin gücləndirilməsi dövlətlərin suveren hüququdur. Ancaq təhlükəsizlik yalnız hərbi qüdrətlə ölçülmür. Sosial rifah, iqtisadi sabitlik, təhsil və vətəndaşların dövlətə inamı da təhlükəsizliyin ayrılmaz tərkib hissəsidir.

Digər ölkələrə “dərs verən” Avropanın demokratiya sınağı

Avropanın özünü demokratiyanın beşiyi kimi təqdim etməsi onun qarşısında xüsusi məsuliyyət yaradır. Çünki demokratiya yalnız seçki keçirmək, parlament yaratmaq və siyasi bəyanatlar səsləndirməklə məhdudlaşmır. Demokratiyanın əsas mahiyyəti vətəndaşın hüquqlarına hörmət etmək, onun sosial tələblərini eşitmək və dövlət idarəçiliyində ictimai maraqları qorumaqdır.

Etiraz etmək demokratik hüquqdur. Lakin bu hüquq zorakılığa, dağıntılara, insanların təhlükəsizliyinin pozulmasına bəraət qazandırmır. Eyni zamanda, ayrı-ayrı şəxslərin törətdiyi zorakılıqdan istifadə edərək bütün etirazçıları qanundan kənar qüvvə kimi təqdim etmək də düzgün yanaşma deyil.

Bu gün Avropa küçələrində baş verənləri yalnız iğtişaş, siyasi qarşıdurma və ya ayrı-ayrı hökumətlərə qarşı kampaniya kimi dəyərləndirmək səthi yanaşma olardı. Müxtəlif ölkələrdə fərqli səbəblərdən başlanan etirazları birləşdirən əsas məqam insanların gələcəyə inamının zəifləməsidir.

Bir tərəfdə yüksək siyasi ambisiyalar, qlobal liderlik iddiaları, hərbi və geosiyasi hədəflər, digər tərəfdə isə münasib mənzil tapa bilməyən, bahalıqdan əziyyət çəkən, keyfiyyətli təhsil və sosial təminat istəyən milyonlarla vətəndaş dayanır. Bu iki mənzərə arasındakı ziddiyyət Avropanın bugünkü sosial-siyasi reallığını müəyyənləşdirir.

Avropa uzun illər başqa dövlətlərə demokratiya, insan hüquqları və sosial ədalət dərsləri verməyə çalışıb. Eyni zamanda demokratiyadan siyasi dəyənək kimi istifadə edib. Avropanın ölkəmizə qarşı siyasətində də oxşar yanaşma müşahidə edilib. Onlar daim marginal və radikal şəxslərə meydan verib, Azərbaycanı hədəf almaq üçün bütün variantlara baş vurublar.

Başqalarının bədbəxtliyi üzərində qurulan “xoşbəxtlik”

Məsələ Azərbaycanla da bitmir. Yaxın Şərqdə, Afrikada və digər regionlarda təhdidlərlə, təzyiqlərlə kasıb və az inkişaf etmiş ölkələrin sərvətləri ucuz, bəzənsə hətta havayı Avropaya daşınıb. Bu sərvətlər hesabın Avropa dövlətləri başqa dövlətlərin və xalqların faciəsi üzərində özlərinin səadətləri qurublar.

Artıq dövran dəyişib. Heç bir ölkə Avropanın müstəmləkəsi, vassalı olmaq istəmir. Bu tendensiya isə Avropanın iqtisadi əsaslarını güclü şəkildə sarsıdır.

Nəticədə dövlətlərin gəlirləri azalır. Bu azalma isə sosial həyatın bütün sahələrində özünü göstərir. Avropa hökumətləri də problemi həll etmək iqtidarında olmadıqları üçün xalqı dəyənəklə idarə etmək istəyirlər.

Avropanın bugünkü sınağı siyasi iddialarla sosial məsuliyyət arasında seçim etməkdir. Çünki dövlətin qüdrəti yalnız onun iqtisadi göstəriciləri, hərbi büdcəsi və beynəlxalq nüfuzu ilə deyil, ilk növbədə vətəndaşının necə yaşaması, özünü nə qədər təhlükəsiz hiss etməsi və sabaha nə qədər ümidlə baxması ilə ölçülür.

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO