
- A-
- A
- A+
ABŞ Konqresində müsəlmanların sayı rekord həddə çatdı - Adlar
ABŞ Konqresinə aralıq seçkilərin nəticələrinə əsasən, ən azı 7 müsəlman siyasətçi qanunverici orqana seçilib. Bu, Amerika qanunverici orqanında müsəlmanların rekord təmsilçiliyidir. Ölkə tarixində ilk dəfə müsəlman senator da seçilib.
Bizim.Media xəbər verir ki, bu barədə ABŞ mediası məlumat yayıb.
Miçiqan ştatından senator kürsüsünü demokrat Abdul Əl-Sayed qazanıb. Həkim və səhiyyə sahəsində çalışan Misir əsilli siyasətçi respublikaçı Mayk Rocersi məğlub edib.
Əl-Sayed səhiyyə sistemində islahatların aparılmasını müdafiə edib və ABŞ-ın İsrailə qeyd-şərtsiz hərbi dəstəyini tənqid edib.
Nümayəndələr Palatasına ilk dəfə seçilən müsəlmanlar
İki müsəlman siyasətçi ilk dəfə Nümayəndələr Palatasına seçilib.
Nyu-Cersi ştatında demokrat Adam Həməvi qələbə qazanıb. Plastik cərrah, ABŞ ordusunun keçmiş hərbi həkimi və İraq müharibəsinin veteranı olan Həməvi bu ştatdan Konqresə seçilən ilk müsəlman olub.
Nyu-Yorkda isə vətəndaş hüquqları üzrə mütəxəssis və İslamı qəbul etmiş Daryaliza Avila Şevalye Nümayəndələr Palatasına seçilib. O, daha əvvəl Demokratlar Partiyasının ilkin seçkilərində hazırkı konqresmen Adriano Espayatı məğlub etmişdi.
Dörd müsəlman konqresmen mandatını qoruyub
Daha dörd müsəlman siyasətçi Konqresin aşağı palatasındakı yerlərini qoruyub.
Bunlar Miçiqan ştatından Rəşidə Tlaib, Minnesota ştatından İlhan Omar, İndiana ştatından Andre Karson və Kaliforniya ştatından Latifa Saymondur.
Andre Karson 2008-ci ildən Konqresdə fəaliyyət göstərir. O, Nümayəndələr Palatasında ən uzun müddət xidmət edən müsəlman üzvdür.
Namizədlər seçki kampaniyalarını vətəndaş hüquqları, səhiyyə, sosial siyasət və ABŞ-ın xarici siyasəti məsələləri üzərində qurublar.
Onlardan bəziləri ABŞ-ın İsrailə qeyd-şərtsiz silah tədarükünə qarşı çıxıb və fələstinlilərə humanitar yardımın artırılmasına çağırış edib. (Modern.az)
Bizim.Media
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.





























































































