Yaşayış minimumu artarsa, aliment də artacaq? - Vacib detallar açıqlandı

Yaşayış minimumu artarsa, aliment də artacaq? - Vacib detallar açıqlandı

Hazırda oxunan: Yaşayış minimumu artarsa, aliment də artacaq? - Vacib detallar açıqlandı
645997
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Azərbaycanda yaşayış minimumunun artırılması qüvvədə olan bütün aliment məbləğlərinin avtomatik yüksəlməsi demək deyil.

Bunu Bizim.Media-ya açıqlamasında hüquqşünas Rəhim Xoyski bildirib.

Onun sözlərinə görə, aliment, ümumi qayda olaraq, uşağın yaşayış minimumuna avtomatik bərabər hesablanmır. Onun məbləği əsasən valideynin qazancının və digər gəlirlərinin müəyyən hissəsi kimi, bəzi hallarda isə sabit pul məbləğində müəyyən edilir.

Bir uşağa görə aliment necə hesablanır?

Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 76-cı maddəsinə əsasən, valideynlər arasında alimentlə bağlı razılaşma olmadıqda, məhkəmə tərəfindən aliment valideynin qazancının və digər gəlirlərinin müəyyən hissəsi kimi tutulur.

Belə ki, bir uşağa görə — qazancın və digər gəlirlərin dörddə biri;

iki uşağa görə — üçdə biri;

üç və daha çox uşağa görə — yarısı.

Məhkəmə tərəflərin ailə və maddi vəziyyətini, eləcə də digər diqqətəlayiq halları nəzərə alaraq bu payları artıra və ya azalda bilər.

Gəlir yoxdursa, aliment necə müəyyən edilir?

Aliment ödəyən şəxsin gəliri qeyri-müntəzəm və ya dəyişkəndirsə, ümumiyyətlə gəliri yoxdursa və yaxud gəlirdən faiz tutulması mümkün və məqsədəuyğun deyilsə, aliment sabit pul məbləğində müəyyən edilə bilər.

Bəzi hallarda isə aliment həm sabit pul məbləğində, həm də gəlirin müəyyən hissəsi kimi təyin oluna bilər.

Sabit məbləğ müəyyən edilərkən əsas məqsədlərdən biri uşağın əvvəlki təminat səviyyəsinin mümkün qədər qorunmasıdır.

Yaşayış minimumu alimentə necə təsir edir?

Konstitusiya Məhkəməsi Plenumunun 27 iyul 2016-cı il tarixli qərarına əsasən, aliment müəyyən edilərkən uşağın əvvəlki təminat səviyyəsi ilə yanaşı, onun qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ da nəzərə alınmalıdır.
 

Ali Məhkəmə Plenumunun 28 mart 2016-cı il tarixli qərarında da bildirilib ki, əmək qabiliyyətli valideynin rəsmi işləməməsi və qazancının olmaması onu uşağı saxlamaq və minimum dolanacaq xərclərindən az olmayan təminat vermək vəzifəsindən azad etmir.


Lakin bu, yaşayış minimumunun məbləğinin alimentə avtomatik və eyni məbləğdə tətbiq olunması anlamına gəlmir.

Yaşayış minimumu artarsa, aliment də artacaq?

Xeyr, aliment məbləği yalnız yaşayış minimumunun artmasına görə avtomatik dəyişmir.

Əgər məhkəmə tərəfindən müəyyən edilmiş alimentdən sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyəti dəyişərsə, aliment alan və ya ödəyən şəxs məbləğin dəyişdirilməsi tələbi ilə məhkəməyə müraciət edə bilər.

Yaşayış minimumunun artması da belə müraciətin əsaslandırılmasında nəzərə alına bilən hallardan biri ola bilər.

Bu zaman məhkəmə uşağın ehtiyaclarını, əvvəlki təminat səviyyəsini, həmçinin hər iki valideynin maddi və ailə vəziyyətini birlikdə qiymətləndirir.

Sabit alimentin indeksasiyası necə aparılır?

Burada mühüm bir məqam da var.

Sabit pul məbləğində müəyyən edilmiş alimentin indeksasiyası yaşayış minimumunun artımına əsasən deyil, alimenti tutan təşkilatın müdiriyyəti tərəfindən müəyyən edilmiş minimum əmək haqqının artımına mütənasib şəkildə həyata keçirilir.

Yəni yaşayış minimumunun dəyişməsi ilə alimentin avtomatik olaraq həmin məbləğə çatdırılması nəzərdə tutulmur.

Beləliklə, yeni ildən yaşayış minimumunun artması aliment məbləğlərinin hamısının avtomatik yüksəlməsi demək deyil.

Yaşayış minimumu uşağın minimum təminat göstəricilərindən biri kimi məhkəmə tərəfindən nəzərə alına bilər. Lakin alimentin artırılması üçün konkret hallardan asılı olaraq məhkəməyə müraciət edilməli və yeni məbləğ uşağın ehtiyacları ilə yanaşı, hər iki valideynin maddi imkanları və ailə vəziyyəti nəzərə alınmaqla müəyyən edilməlidir.

Fəridə, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO