
- A-
- A
- A+
“Dalnı” işıqlar hansı hallarda qadağandır? – Əməl etməyəni cərimə gözləyir
Avtomobil fənərləri sadəcə qaranlıqda yolu işıqlandırmaq vasitəsi deyil. Sürücünün və piyadalarnın təhlükəsizliyi hansı işıqların istifadə olunmasından birbaşa asılıdır. Buna baxmayaraq, fənərlərlə bağlı məsələlər hətta uzun müddətdir sürücülük vəsiqəsi olan peşəkarlar arasında da tez-tez çaşqınlıq yaradır.
Gündüz hərəkət işıqları (DRL - Daytime Running Lights) hansı hallarda yandırılmalıdır?
Yadda saxlamaq lazım olan ilk məqam budur ki, yol hərəkəti qaydaları avtomobilin işıqlandırma sisteminin istifadəsi ilə bağlı xüsusi tələblər müəyyən edir.
Əsas çaşqınlıq yaradan yerlərdən biri tunellərdir. Tunel yaxşı işıqlandırılmış olanda çox sürücülər işıqları yandırmırlar. Halbuki mütləq yandırılmalıdır. Üstəlik gündüz hərəkət işıqları (DRL) kifayət etmir, qabarit işıqları ilə yanaşı, yaxın və ya uzaq işıqlardan istifadə etməlisiniz.
Bundan başqa duman, güclü yağış və ya qar covğunu zamanı sürücülər işıqlandırmadan istifadə etməlidirlər. Belə vəziyyətlərdə duman əleyhinə işıqlardan (yaxın və ya uzaq işıqlarla birlikdə) istifadə etmək lazımdır.
Bəs uzaq işıqlar nə vaxt icazəli, nə vaxt qadağandır?
Uzaq işıqlar (Dalnı) yolun işıqlandırılmadığı hissələrində yolu daha aydın görməyə kömək edir. Lakin o, qarşıdan gələn və ya sizin qarşınızda hərəkət edən nəqliyyat vasitələrinin sürücülərinin gözünü qamaşdıra bilər.
Buna görə də, yol hərəkəti qaydalarında uzaq işıqlardan yaxın işıqlara keçməli olduğunuz bir neçə vəziyyət mövcuddur: qarşıdan gələn nəqliyyat vasitəsi ilə qarşılaşdıqda, daha dəqiq desək, qarşıdakı avtomobilə çatmazdan ən azı 150 metr əvvəl yaxın işıqlara keçməlisiniz. Əgər qarşıdakı sürücü sizə işıqları dəyişməyiniz üçün siqnal verərsə, bunu daha tez etməlisiniz. Eləcə də başqa bir nəqliyyat vasitəsinin arxasınca hərəkət edərkən, əgər sizin uzaq işıqlarınız öndəki sürücünün güzgüləri vasitəsilə onu narahat edirsə, yaxın işıqlara keçməlisiniz.
Digər yol istifadəçilərinin gözünü qamaşdırmaq riski olan digər hallarda da, məsələn, döngəyə və ya təpənin zirvəsinə yaxınlaşarkən (onun arxasında qarşıdan gələn nəqliyyat vasitəsi peyda ola bilər) uzaq işıq yaxına keçməlidir.
“Yol hərəkəti haqqında” Qanunun 73-cü maddəsinin 4-cü bəndinə görə, uzaq işıqlardan davamlı istifadə etmək qadağındır. Ümumiyyətlə, işıq cihazlarından düzgün istifadə etməyən sürücüləri 30 manat cərimə gözləyir.
Şəfiqə Şəfa, Bizim.Media
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.





























































































