
- A-
- A
- A+
Ərdoğan: “Türkiyə-Azərbaycan qardaşlığının aşa bilməyəcəyi maneə yoxdur"
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Cənubi Koreyaya səfərindən qayıdarkən təyyarədə jurnalistlərin suallarını cavablandırıb.
Bizim.Media xəbər verir ki, o, noyabrın 8-də Azərbaycana səfər etməyi planlaşdırdığını bildirib.
“8 Noyabr Azərbaycanın Zəfər Günüdür. Mən də fövqəladə bir vəziyyət yaranmasa, noyabrın 8-də Azərbaycana səfər etməyi düşünürəm. İnşallah, bu səfər vasitəsilə lazımi addımları atmaq imkanımız olar”, – deyə Ərdoğan bildirib.
Azərbaycanla Türkiyə arasında münasibətlərdə böhran olduğu barədə şərhləri də dəyərləndirən Türkiyə Prezidenti iki ölkə arasındakı əlaqələrin klassik diplomatik təmaslardan daha geniş olduğunu vurğulayıb.
O qeyd edib ki, Azərbaycan Prezidenti İlham Əliyevlə telefon danışığı aparıb. Bundan başqa, Türkiyənin kəşfiyyat rəhbərini və xarici işlər nazirini Azərbaycana göndərib.
Ərdoğan əlavə edib ki, İlham Əliyevlə, eləcə də prezidentlərin xanımları arasında telefon diplomatiyası çərçivəsində təmaslar olub və bu proses davam edir.
“Onlar da ayın 8-dəki Zəfər Gününə böyük əhəmiyyət verirlər. Hər zaman deyirəm ki, bizim Azərbaycanla münasibətlərimiz klassik diplomatik təmasların çox-çox kənarındadır. İki ölkənin qırılmaz bağı ortaq tariximizin, mədəniyyətimizin, taleyimizin və inşallah, gələcəyimizin məhsuludur. Türkiyə və Azərbaycan qardaşlığının, Allahın izni ilə, aşa bilməyəcəyi heç bir maneə yoxdur”, – deyə Türkiyə Prezidenti bildirib. (Mənbə: haberglobal.com)
Bizim.Media
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.





























































































