
- A-
- A
- A+
Conni Depp “Karib dənizinin quldurları”na qayıtmağa hazırdır – Ancaq şərtini açıqladı
Ember Herdlə məhkəmə çəkişməsi zamanı bir daha “Karib dənizinin quldurları” filmində çəkilməyəcəyinə söz verən Conni Depp gözlənilmədən mövqeyini dəyişib. 63 yaşlı aktyor serialın altıncı filmində kapitan Cek Vorobeyin rolunu yenidən canlandırmağa hazır olduğunu, lakin bunun üçün bir şərtinin olduğunu bildirib.
Bizim.Media xəbər verir ki, “Entertainment Tonight”a müsahibəsində Depp hekayəni layiqincə başa çatdırmaq üçün filmin yaradıcılarına kömək etmək istədiyini vurğulayıb.
“Əgər hər şey lazım olduğu kimi olarsa, mənim həqiqətən istədiyim yeganə şey onlara bu hekayəni layiqli şəkildə başa çatdırmağa kömək etməkdir”, – deyə aktyor bildirib.
O, həmçinin uzun müddətdir dostluq etdiyi prodüser Cerri Brukhaymerin istənilən layihəsində işləməyə hazır olduğunu təsdiqləyib.
“Sabahdan etibarən Brukhaymerlə istənilən layihə üzərində işləməyə hazıram. Söhbət Cerridən gedirsə, mən ona etibar edirəm”, – deyə Depp etiraf edib.
Avqust ayında Brukhaymer aktyorla altıncı film barədə danışıqlar apardığını təsdiqləyib. Onun sözlərinə görə, ssenari üzərində iş artıq davam edir. Lakin Deadline nəşrinin məlumatına görə, Cek Vorobey davam filminin əsas qəhrəmanı olmaya bilər. Ehtimal olunur ki, baş rol Marqo Robbinin canlandırdığı personaja veriləcək.
İlk üç filmin rejissoru Qor Verbinski seriala qayıtmağı planlaşdırmır. Uill Törner obrazını canlandıran Orlando Blum isə əvvəlki komandanın yenidən bir araya gəlməsi ehtimalını istisna etməyib. Elizabet Suon rolunun ifaçısı Kira Naytli isə əksinə, pirat macəralarının onun üçün keçmişdə qaldığını bildirib.
Bizim.Media
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.






























































































