Ərdəhanda hər ilin avqust ayında baş verən "Kəpənəklərin ölüm rəqsi" kimi tanınan təbii fenomen yenidən başladı.
Bizim.Media Türkiyə mətbuatına istinadən bildirir ki, qaranlıq düşəndən sonra işıqların ətrafında çoxlu sayda toplaşan ağ kəpənəklər qısa bir uçuşdan sonra ölürlər.
Xüsusilə Kür çayı boyunca və Halil Əfəndi körpüsü ətrafında vizual bir tamaşa yaradan bu anlar vətəndaşlar tərəfindən maraqla izlənilir.
"Kəpənəklərin ölüm rəqsi" Ərdəhanda hər ilin avqust ayının sonlarında yaşanır. Hətta bu anı gözləyən və bunun üçün Ərdahana gələn turistlər də az deyil.
Əslində “Kəpənəklərin ölüm rəqsi” deyilən hadisə bu həşəratların cütləşmə prosesi ilə əlaqədardır. Adətən cütləşmədən öncə – erkək kəpənəyin dişini “təqib etməsi” ilə baş verir.
Erkək kəpənək elə uçuş zamanı cütləşdikdən sonra ölür, dişi isə yumurta qoymağa hazırlaşır. Erkəyin ölüm səbəbi isə uzun müddət fasiləsiz uçmaq və sonra enerji ehtiyatını tükəndirib işığın gücünə dözməməsidir.
Bizim.Media






























































































