Hot-doq uzun illər ucuz və sadə küçə yeməyi kimi tanınsa da, son dövrlərdə onun daha bahalı və dəbdəbəli növləri ortaya çıxıb.
Bizim.Media xəbər verir ki, Mayamidə keçirilən Formula 1 Qran-prisi və Miami Open tennis turnirində təqdim olunan 100 dollarlıq “Golden Glizzy” hot-doqu bu dəbin ən diqqətçəkən nümunələrindən biridir.
Kruassan çörəyində hazırlanan hot-doqun üzərinə 30 qram nərə balığı kürüsü, maskarpone, krem-freş və 24 əyarlı yeyilə bilən qızıl əlavə olunur.
Nyu-Yorkda isə Müasir İncəsənət Muzeyində yerləşən Bar Room at the Modern restoranında kürülü və turşu soğanlı mini hot-doqlar 39 dollara təqdim edilir.
Sosial şəbəkələr də bu dəbdəbəli yeməklərin populyarlığını artırır. Hot-doqdan hazırlanan çoxmərtəbəli qüllələr və nəhəng ölçülü, təxminən 45 dollara satılan hot-doqlar artıq müxtəlif restoran və idman məkanlarının menyularında yer alır.
Bununla belə, klassik hot-doq öz populyarlığını qoruyur. Məsələn, ABŞ-da Costco mağazalarında hot-doq və qazlı içkidən ibarət məşhur dəst 1980-ci illərin ortalarından etibarən 1,50 dollara satılır.





Bizim.Media




































































































