ABŞ-ın keçmiş prezidenti Barak Obama dünyagörüşünə və cəmiyyətə “dərindən təsir göstərmiş” kitablar haqqında podkast hazırlayacaq.
Bizim.Media xəbər verir ki, “A Great Book with Barack Obama” (“Barak Obama ilə möhtəşəm kitab”) adlı podkast sentyabrın 24-də Audible platformasında yayımlanmağa başlayacaq.
Altı bölümdən ibarət layihənin hər buraxılışında Obama seçdiyi kitablardan birini xüsusi qonaqla müzakirə edəcək.
Obamanın siyahısına Toni Morrisonun “Solomonun mahnısı”, Con le Kerrenin “Casus, çıx get!”, Ceyms Boldvinin “Növbəti dəfə od”, Kormak Makkartinin “Bütün gözəl atlar”, Merilin Robinsonun “Gilead” və Robert Penn Uorrenin “Kralın bütün adamları” əsərləri daxildir.
“Böyük kitablar həmişə mənə kim olduğumu və nəyə inandığımı anlamağa kömək edib. Bu silsilədə təqdim olunan altı kitab həyatım boyu məni müşayiət edib və onların hər biri insan təcrübəsini anlamaq üçün bizə çox şey öyrədə bilər”, — Obama bildirib.
Keçmiş prezident podkast üçün dostlarını dəvət etdiyini və onlarla bu əsərlərin niyə insanlarda rezonans doğurduğunu, özümüzü və başqalarını anlamağımıza necə təsir etdiyini, həmçinin ədəbiyyatın nə üçün əvvəlkindən daha vacib olduğunu müzakirə edəcəyini deyib.
Podkastda iştirak edəcək qonaqların adları hələ açıqlanmayıb.
Bizim.Media































































































