Almaniyanın "Die Welt" nəşri İranın ali dini lideri Əli Xameneinin mümkün ölümü və ondan sonrakı dəfn mərasimi ilə bağlı dəhşətli bir proqnozu yayıb. Nəşrin əldə etdiyi gizli sənədlərə görə, hakimiyyət kütləvi insan axını zamanı baş verə biləcək faciələrə hazırlaşır.
Bizim.Media xəbər verir ki, İran Qızıl Aypara Cəmiyyətinin ölkənin birinci vitse-prezidentinə göndərdiyi gizli məktubda dəfn mərasimi zamanı 1500 ilə 3000 arasında insanın həlak ola biləcəyi proqnozlaşdırılır.
Təhlükəsizlik və idarəetmə tədbirləri üçün xüsusi operativ qrup yaradılıb. Tehran yaxınlığındakı ölkənin ən böyük qəbiristanlığı olan "Beheşt-e Zəhra"da minlərlə yeni məzarın hazırlandığı bildirilir.
Tehran şəhər administrasiyasının bir əməkdaşı vəziyyəti belə şərh edib: "Hazırlanmış qəbirlər həqiqətən də var. Məsul şəxslərə bildirilib ki, 3000-ə qədər ölüm halı istisna edilmir. İndiki kütləvi insan axını və güclü istilər fonunda nələrin baş verəcəyini heç kim əvvəlcədən deyə bilməz."
Nəşr xatırladır ki, daha əvvəlki dəfn mərasimlərində də acı hadisələr yaşanıb:
2020-ci ildə Qasım Süleymaninin dəfnində yaranan sıxlıq nəticəsində rəsmi məlumatlara görə 56 nəfər həlak olub, yüzlərlə insan yaralanıb.
İran İslam Respublikasının banisi Xomeyninin dəfn mərasimi də insan tələfatı və yaralanmalarla yadda qalıb.
Ekspertlər hesab edir ki, İran hakimiyyəti bu dəfəki mərasimin miqyasını və təhlükəsizlik risklərini nəzərə alaraq, tarixin ən böyük kütləvi faciələrindən birinin baş verə biləcəyindən ciddi narahatlıq keçirir.
Bizim.Media



































































































