Beynəlxalq səviyyədə “İlk Təmas” ssenarisi üçün yeni qaydalar qəbul edilib.
Bizim.Media xəbər verir ki, Beynəlxalq Astronavtika Akademiyası İlk Təmas ehtimalı ilə bağlı protokollarını yeniləyib.
SETI-nin (yerdənkənar ağıllı həyatın axtarışı) yeni qlobal qaydalarına əsasən, alimlər yadplanetlilərlə ilk olaraq dialoqa başlaya bilməzlər.
Yeni qaydalara görə, qeydə alınan istənilən texnosiqnatura (yad texnologiyanın izi) əvvəlcə çoxmərhələli və müstəqil ekspertizadan keçməlidir. Artıq yalnız bir rəsədxana və ya tədqiqat qrupunun əldə etdiyi məlumat nəzərə alınmayacaq. Eyni siqnal ən azı daha bir müstəqil alim qrupu tərəfindən də təsdiqlənməlidir.
Bundan əlavə, BMT təsdiq verməyənə qədər kosmosa cavab siqnalı göndərmək qəti şəkildə qadağandır. Yadplanetli sivilizasiya ilə ümumiyyətlə əlaqə yaradılıb-yaradılmayacağına dair qərarı beynəlxalq səviyyədə siyasətçilər qəbul edəcəklər.
BMT-də hesab edirlər ki, süni intellekt və “deepfake” texnologiyalarının sürətlə inkişaf etdiyi dövrdə saxta sensasiya riski əvvəlkindən daha yüksəkdir. Yeni qaydalar panikanın və dezinformasiyanın qarşısını almaq, həmçinin yuxarı instansiyadan rəsmi göstəriş gələnədək tam radio səssizliyi rejimini təmin etmək məqsədi daşıyır. (musavat.com)
Bizim.Media
































































































