Süni intellekt beyni "tənbəlləşdirə" bilər? - Alimlərdən XƏBƏRDARLIQ

Süni intellekt beyni "tənbəlləşdirə" bilər? - Alimlərdən XƏBƏRDARLIQ

Hazırda oxunan: Süni intellekt beyni "tənbəlləşdirə" bilər? - Alimlərdən XƏBƏRDARLIQ

617517

Süni intellekt həyatın bir çox sahəsində insanların işini asanlaşdırsa da, mütəxəssislər bu texnologiyadan həddindən artıq istifadənin insan beyninə mənfi təsir göstərə biləcəyini bildirirlər.

Bizim.Media “BBC Future”ə istinadən xəbər verir ki, son araşdırmalar süni intellekt alətlərindən, xüsusilə də ChatGPT kimi çatbotlardan çox istifadə edən insanların yaradıcılıq, diqqət, tənqidi düşünmə və yaddaş bacarıqlarında zəifləmə riski ilə üzləşə biləcəyini göstərir.
 

ABŞ-ın Corctaun Universitetinin nevrologiya professoru Adam Green bildirib ki, süni intellekt əvvəllər insanın düşünməyi tələb edən işlərini öz üzərinə götürdükcə həmin bacarıqlar zamanla zəifləyə bilər. Onun sözlərinə görə, insan kifayət qədər düşünmürsə, bu düşünmə qabiliyyəti tədricən geriləyir.


Bununla belə, mütəxəssislər süni intellektin avtomatik olaraq zərərli olmadığını da vurğulayırlar.
Texas Universitetinin klinik neyropsixoloqu Jared Bengenin fikrincə, hər şey texnologiyadan necə istifadə olunmasından asılıdır. O hesab edir ki, süni intellekt bəzi rutin işləri yüngülləşdirərək beynin daha vacib tapşırıqlara fokuslanmasına imkan yarada bilər.

Məqalədə qeyd olunur ki, keçmişdə GPS naviqasiya sistemlərindən geniş istifadə insanların istiqamət tapmaq bacarığını zəiflədib, axtarış sistemləri isə informasiyanı yadda saxlamaq ehtiyacını azaldıb.

Alimlər hesab edirlər ki, süni intellekt də oxşar təsir göstərə bilər. Araşdırmalardan birində süni intellektdən daha çox istifadə edən insanların tənqidi düşünmə testlərində daha aşağı nəticə göstərdiyi müəyyən edilib. Tədqiqatçılar bunu insanların düşünmə prosesini texnologiyaya həvalə etməsi ilə əlaqələndirirlər.
 

Mütəxəssislər istifadəçilərə süni intellektin təqdim etdiyi cavabları kor-koranə qəbul etməməyi tövsiyə edirlər. Onların fikrincə, əvvəlcə mövzu ilə bağlı şəxsi fikir formalaşdırmaq, daha sonra süni intellektin təqdim etdiyi məlumatları müqayisə etmək daha faydalıdır.


Araşdırmada yaradıcılıqla bağlı narahatlıqlara da toxunulur. Bildirilir ki, ideya yaratmaq prosesinin tamamilə süni intellektə həvalə edilməsi insanların orijinal düşünmək qabiliyyətini zəiflədə bilər.

Bu səbəbdən alimlər əvvəlcə öz fikirlərini formalaşdırmağı, daha sonra isə süni intellektdən həmin ideyaları inkişaf etdirmək və ya təkmilləşdirmək üçün istifadə etməyi məsləhət görürlər.

Xədicə Paşayeva, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO