ABŞ Prezidenti Donald Tramp türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanla keçirdiyi telefon danışığından təəssüratlarını bölüşüb. Türkiyə lideri ilə aralarında yaxşı münasibətlərin qurulduğunu xatırladan Tramp, bu söhbəti "çox yaxşı danışıq" kimi xarakterizə edib.
Bizim.Media xəbər verir ki, Ağ Evin rəhbəri Vaşinqton yaxınlığındakı Endryus hərbi bazasında jurnalistlərə açıqlamasında bu barədə danışıb:
"Prezident Ərdoğanla çox yaxşı telefon danışığım oldu. Bizim çox yaxşı münasibətlərimiz var. Olduqca sərt insanlarla yaxşı münasibətlər saxlamaq əla deyilmi? O, sərt adamdır, lakin heç kimin onunla mənimki kimi münasibəti yoxdur", — deyə amerikalı lider iddia edib.
Tramp sözlərinə əlavə edib:
"Düşünürəm ki, o, həqiqətən də müttəfiqdir. Bəziləri buna şübhə edir, lakin mən hesab edirəm ki, o, mükəmməl bir müttəfiqdir və öz xalqı ona hörmət edir".
Bundan əvvəl Ərdoğanın dəftərxanasından danışıqların yekunlarına dair verilən məlumatda bildirilmişdi ki, dövlət başçıları iyul ayında Ankarada keçirilməsi planlaşdırılan NATO sammitinə hazırlıq məsələlərini müzakirə ediblər. Danışıqlar zamanı Türkiyə prezidenti ABŞ-ın İranla atəşkəsi uzatmaq qərarını müsbət hadisə kimi qiymətləndirib.
Xatırladaq ki, daha əvvəl Türkiyə rəhbərliyi alyansın şərq cinahındakı ölkələrin resurslarla təminatını gücləndirmək və Hörmüz boğazındakı vəziyyətdən asılılığı azaltmaq məqsədilə NATO-ya hərbi neft kəməri tikməyi təklif edib. Bu təşəbbüs hazırda alyansda təsdiqlənmə mərhələsində olan tədbirlər paketinin bəndlərindən biri olub.
Bizim.Media



































































































