Çinin cənubundakı Hunan əyalətində fişəng istehsalı fabrikində güclü partlayış baş verib.
Bizim.Media xəbər verir ki, bu barədə Çinin rəsmi “Xinhua” agentliyi məlumat yayıb.
Hadisə mayın 4-də yerli vaxtla saat 16:43 radələrində Hunan əyalətinin Çanşa şəhərinə tabe olan Lyuyan şəhərindəki Huasheng Fireworks Manufacturing and Display Co. şirkətinə məxsus müəssisədə qeydə alınıb.
Son məlumata görə, partlayış nəticəsində 21 nəfər həlak olub, 61 nəfər yaralanıb. Yaralılar təcili olaraq xəstəxanalara çatdırılıblar.
Xinhua-nın məlumatına əsasən, hadisə yerində 20 xilasetmə məntəqəsi yaradılıb, axtarış-xilasetmə əməliyyatlarına xilasedicilər və xüsusi robotlar cəlb olunub. Hazırda ərazidə ikinci yoxlama mərhələsi aparılır.
Polis hadisənin baş verdiyi müəssisənin məsul şəxslərini nəzarətə götürüb. Partlayışın səbəbləri araşdırılır.
Qeyd edək ki, Lyuyan şəhəri Çində fişəng istehsalının əsas mərkəzlərindən biri hesab olunur.
Hadisə yerindən yayılan görüntülərdə partlayışdan sonra zavod ərazisində dağıntıların yarandığı, xilasedicilərin və yanğınsöndürənlərin ərazidə işlədiyi görünür.
Xinhua-nın məlumatına görə, xilasetmə əməliyyatlarına 480-dən çox xilasedici və 3 robot cəlb olunub.
Bizim.Media




































































































