Braziliyada kişi həyat yoldaşının doğuşu zamanı huşunu itirərək sosial şəbəkələrin gündəminə düşüb.
Bizim.Media xəbər verir ki, hadisə Braziliyanın Krisiúma şəhərindəki xəstəxanalardan birində baş verib.
Maikon Pedrozo həyat yoldaşı Mariane Felippenin qeysəriyyə əməliyyatı ilə doğuşunu izləyirmiş. Həkimlər yeni doğulan körpəni ananın sinəsinə qoyduqları anda kişi qəfil özündən gedib.
O, yanında dayanan tibb bacısının qollarına yıxılıb. Palatada olan fotoqraf həmin anları lentə alıb və görüntülər qısa müddətdə sosial şəbəkələrdə yayılıb. Video 20 milyondan çox baxış toplayıb.
Kadrlarda tibb bacısının kişini tutaraq yerə uzatdığı, digər əməkdaşın isə onu özünə gətirməyə çalışdığı görünür. Bu zaman həkimlər sakit şəkildə körpə ilə məşğul olmağa davam ediblər.
Sosial şəbəkə istifadəçiləri hadisəyə zarafatla reaksiya veriblər.
“Qadınlar atalar üçün bunun nə qədər çətin olduğunu anlamırlar. Dözümlü ol, döyüşçü!” - deyə istifadəçilərdən biri yazıb.
Digəri isə hadisəni belə şərh edib:
“Uşağın doğuluşu və atanın yenidən doğulması”.
Maikon daha sonra yerli mediaya açıqlamasında həmin anı xatırlamadığını deyib:
“Uşağın doğulduğu andan etibarən heç nə xatırlamıram”.
Həkimlərin sözlərinə görə, doğuş insidentə qədər normal və problemsiz keçib. Kişi qısa müddət sonra özünə gəlib.
Ana və körpənin vəziyyətinin yaxşı olduğu bildirilir.
Bizim.Media

































































































