Gündə beş fincandan çox qəhvə içmək yaşlı qadınlarda sümük mineral sıxlığının azalması ilə əlaqəli ola bilər.
Bizim.Media xəbər verir ki, Flinders Universitetinin tədqiqatçıları 65 yaşdan yuxarı, təxminən 10 min qadının məlumatlarını 10 il ərzində araşdırıblar.
Alimlər iştirakçıların qəhvə və çay istehlakını təhlil edib, bud nahiyəsində sümük mineral sıxlığını mütəmadi ölçüblər.
Nəticələr göstərib ki, müntəzəm çay içən qadınlarda bud nahiyəsində sümük sıxlığı çay içməyənlərlə müqayisədə bir qədər yüksək olub. Fərq kiçik olsa da, statistik baxımdan əhəmiyyətli hesab edilib.
Qəhvə ilə bağlı isə fərqli nəticələr əldə olunub. Gündə 2–3 fincan qəhvə içmək sümük sıxlığının azalması ilə əlaqələndirilməyib. Lakin gündə beş fincandan çox qəhvə içən qadınlarda sümük mineral sıxlığının daha aşağı olduğu müəyyən edilib.
Tədqiqat müəllifləri qəhvənin təsirinin digər həyat tərzi amillərindən də asılı ola biləcəyini vurğulayıblar. Xüsusilə, həyatları boyu daha çox spirtli içki qəbul edən qadınlarda mənfi əlaqə daha nəzərəçarpan olub.
Alimlər çayın mümkün müsbət təsirini onun tərkibindəki katexinlərlə əlaqələndirirlər. Bu təbii birləşmələr sümük toxumasının formalaşmasına kömək edə və onun parçalanmasını ləngidə bilər.
Qəhvənin təsiri isə tərkibindəki kofeinlə izah olunur. Laboratoriya tədqiqatları kofeinin kalsiumun mənimsənilməsinə və sümük mübadiləsinə təsir göstərə biləcəyini ortaya qoyub. Bununla belə, alimlər bu təsirin nisbətən zəif olduğunu qeyd edirlər.
Bizim.Media




























































































